Azərbaycanın üç yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
"Far.Az" xəbər verir ki, Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) bu raunda yüksəliblər.
N.Məmmədli 1/4 finalda Vladislav Kuzkonu (Ukrayna) məğlub edib. O, yarımfinalda Suren Ağacanyanla (Ermənistan) qarşılaşacaq.
H.Cəfərov ardıcıl olaraq Niklas Yan Ohlen (İsveç) və Abu Amaevə (Bolqarıstan) qalib gəlib.
Q.Qurbanov isə Svetoslav Nikolov (Bolqarıstan) və Mixail Bradandan (Moldova) güclü olub.
Ruslan Nurullayev (72 kq) ilk qarşılaşmasında Dmitri Vasilyevi (Ukrayna) məğlub etsə də, 1/4 finalda Qaspar Terteryana (Ermənistan) uduzub.
Murad Əhmədiyev (97 kq) Arvi Savolayneni (Finlandiya) məğlub edərək 1/8 finala yüksəlib. Ardınca Filip Smetkonu (Xorvatiya) üstələyən idmançı Artur Sarkisyana (UWW) uduzub.
Xatırladaq ki, Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bu gün bürünc medal uğrunda görüşlərə çıxacaqlar.
Avropa çempionatı aprelin 26-da başa çatacaq.