AZ

Çanaqqala döyüşü: 111 illik sənəd üzə çıxdı Dəhşətli mənzərə

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Çanaqqala Savaşları İnstitutu tərəfindən aparılan tədqiqatlar çərçivəsində dünya hərb tarixinə düşən Çanaqqala döyüşlərinin tibbi nəticələrinə dair sənəd 111 il sonra üzə çıxarılıb.

Qaynarinfo xəbər verir ki, institutun direktoru Utkan Emre Erin sözlərinə görə, Çanaqqala döyüşləri ilə bağlı indiyədək bir çox araşdırma və itki cədvəlləri yayımlansa da, ilk dəfə müharibənin tibbi nəticələrini bütün çılpaqlığı ilə ortaya qoyan unikal bir sənəd aşkar edilib. Onun sözlərinə görə, sənəd 1915-ci ildə 3-cü Ordu və Şimal Qrupunun baş həkimi Əli Rıza tərəfindən hazırlanıb və "3. Kolordu Harp Cerideleri” çərçivəsində tapılaraq "Anafarta” jurnalının 30-cu sayında dərc olunub.

Er qeyd edib ki, sənəd xüsusilə 25 aprel 1915-dən noyabr ayının sonuna qədər olan ən qanlı dövrü əhatə edir və Arıburnu ilə Conkbayırı bölgəsindəki döyüşlərin statistik mənzərəsini təqdim edir. Bu sənəd həm hərbi tarix, həm də statistika elmi üçün mühüm mənbə hesab olunur.

"Rəqəmlər həmin dar coğrafiyada yaşanan insan itkisini açıq şəkildə göstərir. Yalnız 3-cü Orduya aid döyüş sahəsində 41 min 471 yaralı qeydə alınıb. Onların böyük hissəsi səhra sarğı məntəqələrinə və xəstəxanalara göndərilib, 2 min 549 əsgər isə xəstəxanalarda şəhid olub. Bu, Çanaqqaladakı mübarizənin təkcə səngərlərdə deyil, səhra xəstəxanalarında da davam etdiyini göstərir", deyə Utkan Emre Er bildirib.

O qeyd edib ki, Lapseki, Biga və Ezine kimi bölgələrdə də səhra xəstəxanaları qurulub, ağır yaralılar isə dəniz yolu ilə İstanbul xəstəxanalarına göndərilib. Bu, həmin dövrdə bölgədə geniş tibbi-logistika şəbəkəsinin mövcud olduğunu göstərir.

Hesabatda müttəfiq qüvvələrin istifadə etdiyi amansız taktikalara da yer verilib. Gelibolu yarımadasının coğrafiyası səbəbilə sahil bölgələrinin donanma atəşinə açıq olması nəticəsində qəlpə və bomba yaralanmaları çox geniş yayılıb. Sənəddə ən diqqətçəkən məqamlardan biri isə beynəlxalq hərb hüququna zidd sayılan silahların istifadəsidir. Rəsmi qeydlərə görə, genişlənərək ağır toxuma zədələri yaradan "dum-dum güllələri” ilə 332 türk əsgəri yaralanıb.

Utkan Emre Er həmçinin bildirib ki, yaxın döyüşlərdə süngü hücumları da böyük itkilərə səbəb olub və 83 əsgərin bu hücumlar zamanı yaralandığı və ya şəhid olduğu sənəddə qeyd edilib. Onun sözlərinə görə, bu rəqəmlər döyüşlərin nə qədər şiddətli və amansız keçdiyini təsdiqləyir.

İnstitut nümayəndəsi vurğulayıb ki, bu cür sənədlər Çanaqqala qəhrəmanlarının xatirəsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır və araşdırmalar davam etdiriləcək.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
qaynarinfo.az

1Mənbələr