AZ

Bəxtiyar Məmmədov: Metroda mühafizə və rele sistemləri vaxtında işə düşərək fəsadların qarşısını alıb VİDEO

Bakı, 21 aprel, AZƏRTAC

Bu gün saat 12:10 radələrində Bakı Metropoliteninin “Ulduz–Nərimanov” mənzilində tuneldə yerləşən aralıq kabeldə baş vermiş qısaqapanma nəticəsində təmas xəttinə yüksək gərginliyin verilməsində çətinlik yaranıb. Nəticədə qeyd olunan sahədə qatarların hərəkətində müvəqqəti fasilə müşahidə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar sərnişin təhlükəsizliyinin təmin olunması məqsədilə dərhal operativ tədbirlər həyata keçirilib, bütün stansiyalarda sərnişin axınının tənzimlənməsi üzrə müvafiq tapşırıqlar verilib.

“Tuneldə qalan qatarlardakı sərnişinlər qısa müddətdə və təhlükəsiz şəkildə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb, səhhəti ilə bağlı hər hansı müraciət qeydə alınmayıb. Qısaqapanma zamanı hər hansı yanğın faktı baş verməyib. Mühafizə və rele sistemləri vaxtında işə düşərək mümkün fəsadların qarşısını alıb. İnsident baş verən zaman xətlərdə ümumilikdə 30 qatar olub, onlardan yalnız 4-ü tuneldə qalıb. Sərnişinlərin təxliyəsi metropolitenin normativ tələblərinə uyğun şəkildə təmin edilib. Texniki nasazlığın səbəbləri hazırda araşdırılır, bütün versiyalar təhlil olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq. Qurum tərəfindən şəffaflıq prinsipinə uyğun olaraq əlavə məlumatların verilməsi davam etdiriləcək”, - deyə mətbuat xidmətinin rəhbəri əlavə edib.

Müxbir-Vüqar Qurbanoğlu
Fotoqraf-Səfiyar Məcnun
Operator-Vüsal Tağıyev
Seçilən
47
azertag.az

1Mənbələr