AZ

Azərbaycanlı tədqiqatçı: “IAC 2026”ya hazırlıq çərçivəsində texniki sessiyanın həmsədri kimi çıxış edirəm MÜSAHİBƏ

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

Beynəlxalq Astronavtika Federasiyasının (İAF) Kosmik Təhsil və Maarifləndirmə Komitəsinin üzvü, “Top 100 Women in Aerospace & Aviation 2025” reytinqdə üçüncü yerin sahibi, azərbaycanlı gənc alim Sona Quliyeva beynəlxalq kosmik fəaliyyət göstərir və sözügedən federasiyanın işində fəal iştirak edir.

AZƏRTAC-a müsahibəsində Sona Quliyeva bu il Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresi – “IAC 2026”ya hazırlıqlar prossesindəki rolu, martda Parisdə keçirilmiş IAF-ın yaz görüşlərinin əsas mövzuları və kosmik sahənin inkişafı üçün beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə danışıb.

AZƏRTAC müsahibəni təqdim edir:

- Sona xanım, kosmik sahədə hazırkı fəaliyyətiniz barədə danışardınız?

- İlk növbədə, beynəlxalq kosmik əməkdaşlıq mövzusuna diqqət yetirdiyinə və təcrübəmi bölüşmək imkanı yaratdığına görə redaksiyanıza təşəkkürümü bildirmək istərdim. Belə təşəbbüslərin işıqlandırılması elmin populyarlaşdırılması və yeni nəsil mütəxəssislərin ilhamlandırılması baxımından mühüm rol oynayır.

Hazırda mən Beynəlxalq Astronavtika Federasiyasının fəaliyyətində fəal iştirak edirəm. Burada Kosmik Təhsil və Maarifləndirmə Komitəsinin üzvüyəm, eyni zamanda, cari ildən etibarən Beynəlxalq Astronavtika Konqresinin Beynəlxalq Proqram Komitəsinin tərkibinə daxiləm. Fəaliyyətim beynəlxalq mühitdə inkişaf edir və Beynəlxalq Astronavtika Federasiyasında iştirak mənə elm, təhsil və qlobal peşəkar əməkdaşlığın kəsişməsində çalışmağa imkan verir.

Bu kontekstdə bu il martın 24-dən 26-dək Parisdə keçirilən və dünyanın müxtəlif ölkələrindən kosmik agentliklərin, sənaye və akademik icmanın 500-dən çox nümayəndəsini bir araya gətirən “IAF 2026” yaz görüşlərində iştirak etdim. Bu görüşlər kosmik sənayenin inkişafının strateji istiqamətlərinin müzakirəsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün növbəti mühüm platformaya çevrildi.

- “IAF Spring Meetings 2026” çərçivəsində hansı əsas mövzular müzakirə olunurdu?

- Görüşlər “IDEA 3G+” – “Müxtəliflik Günü” ilə açıldı və burada müxtəlifliyin - coğrafi, nəsillərarası və gender müxtəlifliyinin - kosmik sənayenin innovativ inkişafının əsas amillərindən biri kimi əhəmiyyətinə xüsusi diqqət yetirildi. Xüsusilə, əsas fokus bu il oktyabrın 5-dən 9-dək Türkiyənin Antalya şəhərində “The World Needs More Space” şüarı altında keçiriləcək 77-ci Beynəlxalq Astronavtika Konqresi – “IAC 2026”-ya hazırlığa yönəldilmişdi.

Müzakirələr texniki sessiyaların, plenar iclasların və Global Networking Forum üçün mövzuların formalaşdırılmasını əhatə edirdi. Dayanıqlı kosmik texnologiyalar, təhsil təşəbbüsləri və beynəlxalq əməkdaşlığın gələcək inkişafına xüsusi önəm verdik.

- “IAC 2026”nın hazırlanmasında sizin rolunuz nədən ibarətdir?

- “IAC 2026”-ya hazırlıq çərçivəsində kosmik təhsil və maarifləndirmə üzrə simpoziumda texniki sessiyanın həmsədri kimi çıxış edirəm.

Yaz görüşlərində dünyanın müxtəlif ölkələrindən tədqiqatçıların müraciətlərini nəzərdən keçirərək elmi işlərin seçilməsi prosesində iştirak etdim. Bu təcrübə bu gün kosmik təhsilin, mütəxəssis hazırlığının və beynəlxalq qarşılıqlı fəaliyyətin gələcəyini hansı istiqamətlərin formalaşdırdığını görməyə imkan verdi.

Bundan əlavə, bütün bu proses qlobal kosmik ictimaiyyətin dinamik inkişafını və fənlərarası, eləcə də beynəlxalq əməkdaşlığın artan rolunu da əks etdirir.

- Beynəlxalq kosmik tədbirlərdə iştirak peşəkar inkişafınıza necə təsir edir?

- Beynəlxalq tədbirlərdə iştirak multikultural mühitdə işləməyə və müxtəlif ölkələrdən olan mütəxəssislərlə qarşılıqlı əlaqə qurmağa imkan verir. Kosmik sənaye bu gün mahiyyət etibarilə qlobaldır və məhz beynəlxalq əməkdaşlıq texnologiyaların və elmi tədqiqatların inkişafının əsas amilinə çevrilir.

Mən elmi fəaliyyətimi Avropada davam etdirirəm və beynəlxalq fəallığım əsasən şəxsi təşəbbüs və könüllü iştirak üzərində qurulub. Müəyyən çətinliklərə baxmayaraq, bu yol təkcə peşəkar inkişaf etməyə deyil, həm də qlobal elmi ictimaiyyətin gələcəyinin formalaşmasına töhfə verməyə imkan yaradır.

Müxbir – Pərvanə Qafarova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
azertag.az

1Mənbələr