Yaponiya hökuməti onilliklərdən sonra silah ixracı qaydalarını yumşaldıb və xarici ölkələrə hərbi texnika satışına icazə verib.
“CNN” xəbər verir ki, yeni qərara əsasən, Yaponiya döyüş gəmiləri, raketlər və digər hərbi texnikanı daha rahat şəkildə xarici ölkələrə sata biləcək. Bu dəyişiklik ölkənin müdafiə sənayesini gücləndirmək məqsədi daşıyır.
Yaponiya hökuməti bildirib ki, bir ölkə öz təhlükəsizliyini təkbaşına təmin edə bilmir. Buna görə də tərəfdaş ölkələrlə əməkdaşlıq vacibdir. Rəsmi məlumatlara görə, Polşa və Filippin kimi ölkələr Yaponiya silahlarına maraq göstərir. Xüsusilə, Filippinə istifadə olunmuş hərbi gəmilərin satışı gündəmdədir. Lakin Yaponiya silah ixracına ciddi nəzarət edəcək və müharibə aparan ölkələrə satışa icazə verməyəcək.
Hərbi ekspertlərin fikrincə, bu addım Yaponiyanın hərbi sənayesini gücləndirəcək və istehsalı artıracaq.
Təhminə VERDİYEVA,
“Azərbaycan”