Bakı, 21 aprel, AZƏRTAC
Roma Papası XIV Leo Afrikanın dörd ölkəsinə səfəri çərçivəsində Ekvatorial Qvineyada çıxış edərək bildirib ki, davam edən müharibələr və beynəlxalq hüququn pozulması bəşəriyyətin gələcəyini “faciəvi təhlükə” altına qoyur.
AZƏRTAC xəbər verir ki, Papa Yer kürəsinin neft və mineral ehtiyatlarının “kolonizasiya” məqsədilə istismar olunmasını pisləyib və bunun qanlı münaqişələri alovlandırdığını vurğulayıb.
“Əgər siyasi məsuliyyətə yanaşma dəyişməzsə və institutlara, beynəlxalq razılaşmalara hörmət təmin olunmazsa, bəşəriyyətin taleyi daim faciəvi təhlükə altında qalacaq”, – deyə o bildirib. Papa çıxışında “Tanrı bunu istəmir” ifadəsini də işlədib.
Reuters agentliyinin yazdığına görə, on günlük səfərinin yekun mərhələsində Ekvatorial Qvineyaya gələn Roma Papası XIV Leo Afrikada olduğu müddətdə çıxışlarında daha sərt və qətiyyətli mövqe nümayiş etdirib. O, müharibələri, bərabərsizliyi və qlobal liderliyi kəskin tənqid edib.
Bazar ertəsi Anqolada keçirilən tədbirdə Papa qeyd edib ki, dünyada bir çox insan avtoritar rejimlər tərəfindən istismar olunur və varlılar tərəfindən aldadılır.