AZ

Oftalmoloqdan valideynlərə və müəllimlərə VACİB TÖVSİYƏLƏR - OXUYUN XƏBƏRİNİZ OLSUN

Ekran vaxtının düzgün idarə olunması göz sağlamlığının qorunmasında həlledici rol oynayır

Müasir dövrdə rəqəmsal cihazlardan geniş istifadə, xüsusilə uşaqlar və yeniyetmələr arasında ekran qarşısında keçirilən vaxtın artmasına səbəb olub. Bu isə göz yorğunluğu, görmə problemləri və ümumi sağlamlıqla bağlı riskləri daha da aktuallaşdırır. Mütəxəssislər hesab edirlər ki, düzgün ekran vaxtı idarə olunması və profilaktik vərdişlər göz sağlamlığının qorunmasında əsas rol oynayır.

Bakının Nəsimi rayonundakı 5 saylı şəhər poliklinikasının həkim-oftalmoloqu Fərəh İsmayılova “İki sahil”ə açıqlamasında bildirib ki, rəqəmsal cihazlardan istifadə zamanı ekran vaxtının düzgün tənzimlənməsi göz sağlamlığının qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Mütəxəssis qeyd edib ki, gün ərzində ekran qarşısında qalma müddəti balanslaşdırılmalı, müntəzəm fasilələr verilməlidir. Onun sözlərinə görə, xüsusilə uşaqların gündəlik rejimində açıq havada aktivlik vacib yer tutmalıdır və onların hər gün ən azı 1 saat təmiz havada vaxt keçirməsi tövsiyə olunur. Düzgün yuxu rejimi də gözlərin bərpası və ümumi sağlamlıq üçün mühüm faktor hesab olunur.

Fərəh İsmayılova vurğulayıb ki, məktəblərdə müəllimlər dərs prosesi zamanı fasilələr verməli, düzgün işıqlandırmanı təmin etməli və uşaqların düzgün oturuşuna nəzarət etməlidirlər. Eyni zamanda vizual məsafənin qorunması da diqqət mərkəzində saxlanılmalıdır.

Həkim bildirib ki, valideynlər ev şəraitində uşaqlar üçün uyğun masa və işıqlandırma mühiti yaratmalı, ekran istifadəsinə nəzarət etməli və onları mütəmadi olaraq oftalmoloji müayinələrə aparmalıdırlar. Onun sözlərinə görə, ildə ən azı bir dəfə göz müayinəsi mütləq hesab olunur.
Fərəh İsmayılova sonda qeyd edib ki, göz sağlamlığının qorunması ümumilikdə həyat keyfiyyətinin qorunması deməkdir və bu istiqamətdə profilaktik tədbirlər xüsusi əhəmiyyət daşıyır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
40
ikisahil.az

1Mənbələr