Tehran çərşənbə günü keçirilməsi planlaşdırılan görüşdə iştirak etməyəcəyini və qərarın qəti olduğunu açıqlayıb...
İran çərşənbə günü Pakistanın paytaxtı Islamabad şəhərində keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirak etməyəcək.
Poliqon xəbər verir ki, bu barədə İranın Tasnim Agentliyi məlumat yayıb.
Məlumata görə, Tehran tərəfi görüşə qatılmamaq barədə qərarın yekun və dəyişməz olduğunu bildirib. Bununla da son günlər ABŞ ilə İran arasında mümkün diplomatik təmasların bərpası ilə bağlı gözləntilərə ciddi zərbə dəyib.
Ekspertlərin fikrincə, İranın danışıqlardan geri çəkilməsi regionda gərginliyin azalması istiqamətində aparılan vasitəçilik səylərini çətinləşdirə bilər. Xüsusilə Pakistanın neytral platforma kimi irəli çıxması fonunda bu qərar diqqətlə izlənilir.
Hazırda rəsmi Tehranın qərarın səbəbləri barədə geniş açıqlama vermədiyi bildirilir. Lakin müşahidəçilər bunu ABŞ ilə fikir ayrılıqları, təhlükəsizlik məsələləri və ön şərtlərlə bağlı mövqelərlə əlaqələndirirlər.
Vaşinqton tərəfindən də məsələ ilə bağlı rəsmi reaksiya verilməyib. Bununla belə, yaxın günlərdə tərəflər arasında dolayı kanallar vasitəsilə yeni təmasların mümkünlüyü istisna edilmir.
Poliqon.info