Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Dövlət idarəçiliyində şəffaflığın və ədalətli iş bölgüsünün təmin olunması üçün yaxın qohumların eyni qurumda işləməsi məsələsi uzun illərdir müzakirə olunur. Azərbaycan qanunvericiliyi, o cümlədən Əmək Məcəlləsi bu sahədə müəyyən məhdudiyyətlər müəyyən etsə də, praktikada həm sui-istifadə halları, həm də peşəkar kadrların yalnız qohumluq əlaqəsinə görə işdən kənarda qalması kimi ziddiyyətli vəziyyətlər ortaya çıxır. Bu isə mövcud tənzimləmələrin nə dərəcədə effektiv olması sualını gündəmə gətirir. Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, “Dövlət qulluğu haqqında” Qanunun 27.2.3-cü maddəsinə əsasən, bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq əlaqəsi olan şəxslər dövlət qulluğuna qəbul edilə bilməzlər:“Bu qohumluq dairəsinə ər-arvad, onların valideynləri, qardaşları, bacıları və övladları daxildir. Qanuna görə, bu şəxslər bir-birinin birbaşa tabeliyində və ya nəzarəti altında işləyə bilməzlər. Burada əsas diqqət yetirilməli məqam “bilavasitə tabelik və ya nəzarət” anlayışıdır. Bu qayda yalnız dövlət qulluğuna aiddir, yəni maaşı birbaşa dövlət büdcəsindən ödənilən dövlət orqanlarında çalışan şəxslərə şamil olunur. Qayda özəl müəssisələrə, publik hüquqi şəxslərə və ya dövlət şirkətlərinə aid edilmir. Məsələn, əgər bir şəxs nazirdirsə, onun birbaşa tabeliyində olan vəzifələrə yaxın qohumları təyin edilə bilməz. Bu, nazir müavini və ya birbaşa nazirə tabe olan struktur bölmə rəhbərləri departament, idarə və şöbə müdirləri kimi vəzifələri əhatə edir. Lakin daha aşağı səviyyədə, yəni birbaşa deyil, dolayı tabelik münasibətlərində bu məhdudiyyət tətbiq olunmur. Məsələn, həmin struktur bölmənin müavini və ya digər əməkdaşları, yaxud nazirə deyil, nazir müavininə tabe olan rəhbər vəzifələrdə qohumların çalışması mümkündür. Başqa sözlə, qanun “bilavasitə tabelik” prinsipini əsas götürür. Yəni əgər şəxs birbaşa qohumuna tabe deyilsə, lakin həmin qohumun tabeliyində olan başqa bir şəxsə tabedirsə, bu artıq qanun pozuntusu hesab edilmir. Bu yanaşma praktikada müəyyən boşluqlar yaradır və bəzi hallarda qohumların müxtəlif vəzifələrə yerləşdirilməsi ilə bağlı sui-istifadə hallarına da şərait yarada bilir”.Əkrəm Həsənov vurğulayıb ki, nazir vəzifəsində çalışan şəxsin birbaşa tabeliyində olan idarə və şöbə müdiri postlarına yaxın qohumların təyin edilməsi qadağandır. Lakin sistemdəki boşluqlar dolayı yollarla bu qaydadan yayınmağa imkan verir. Əgər bir şəxs birbaşa qohumuna deyil, həmin qohumun tabeliyində olan başqa bir rəhbərə tabedirsə, bu, qanun pozuntusu hesab olunmur. Belə vəziyyət isə praktikada qohumların eyni struktur daxilində müxtəlif vəzifələrə yerləşdirilməsinə və sui-istifadə hallarına zəmin yaradır.Yəni, dövlət qurumlarında rəhbər şəxslərin öz yaxın qohumlarını birbaşa öz yanlarında işə götürməsi qadağan olsa da, onları bir pillə aşağıdakı müavinə və ya başqa şöbə rəisinə tabe etdirməklə qanunun tələbindən yan keçmək mümkündür.Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.