Azərbaycan artıq qaydaları qəbul edən yox, formalaşdıran mərkəzə çevrilmək niyyətindədir
Antalya Diplomatik Forumu Azərbaycan üçün sadəcə diplomatik iştirak platforması deyil, həm də ölkənin yeni xarici siyasət xəttinin təqdim edildiyi strateji tribuna rolunu oynadı. “Yeni Müsavat” yazır ki, forum çərçivəsində səsləndirilən tezislər rəsmi Bakının artıq formalaşdırdığı və mərhələli şəkildə həyata keçirdiyi konseptual yanaşmanı açıq şəkildə ortaya qoydu. Əsas mesaj aydındır: Azərbaycan beynəlxalq münasibətlər sistemində passiv obyekt deyil, aktiv regional aktor kimi çıxış etməyə qərarlıdır.
Prezidentin köməkçisi Hikmət Hacıyevin çıxışında vurğulanan “qlobal təhlükəsizlik çatışmazlığı” tezisi təsadüfi deyil. Bu, əslində mövcud beynəlxalq mexanizmlərə etimadsızlığın açıq ifadəsidir. Xüsusilə ATƏT-in Minsk Qrupunun tənqidi göstərir ki, Bakı artıq köhnə vasitəçilik modellərini legitim hesab etmir. Azərbaycanın xarici siyasətinin mərkəzində “regional subyektlik” anlayışı dayanır. Bu model üç əsas istiqaməti özündə birləşdirir: məsuliyyətin region ölkələri tərəfindən bölüşdürülməsi, liderlik və regional inteqrasiyanın dərinləşdirilməsi təşəbbüskarlığı.
Bu yanaşma faktiki olaraq Cənubi Qafqazda yeni güc balansının formalaşdırılmasına xidmət edir. Türkiyə ilə strateji müttəfiqlik bu siyasətin dayağı kimi çıxış edir. Eyni zamanda Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-İran formatları regionda alternativ əməkdaşlıq platformalarının formalaşdığını göstərir. Bu, klassik Qərb və ya Rusiya mərkəzli təhlükəsizlik modellərindən fərqli olaraq, regional əsaslı yeni arxitekturanın qurulduğunu göstərir. Ermənistan ilə münasibətlərdə də yeni mərhələ müşahidə olunur. Rəsmi Bakı paralel şəkildə həm siyasi dialoqu, həm də iqtisadi əlaqələri inkişaf etdirməyə çalışır. Bu isə gələcəkdə inklüziv Cənubi Qafqaz modelinin formalaşmasına zəmin yaradır.
Azərbaycanın əsas üstünlüklərindən biri geoiqtisadi mövqeyidir. Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Qars kimi layihələr artıq regionun qlobal iqtisadi sistemə inteqrasiyasını təmin edib. Yeni mərhələdə isə əsas diqqət nəqliyyat dəhlizlərinə yönəlib. Xüsusilə TRİPP və Zəngəzur dəhlizi Azərbaycanın strateji rolunu daha da gücləndirir. Azərbaycanın xarici siyasəti artıq təkcə regional çərçivə ilə məhdudlaşmır. Ölkə eyni zamanda Türk dünyası, Mərkəzi Asiya və Yaxın Şərq arasında körpü rolunu oynayır. Bu isə Bakıya manevr imkanlarını genişləndirməyə və qlobal proseslərdə daha aktiv iştirak etməyə şərait yaradır. Antalya forumu bir daha göstərdi ki, Azərbaycan yeni mərhələyə keçid edib. Bu mərhələnin əsas xüsusiyyəti isə sadədir: Bakı artıq qaydaları qəbul edən deyil, onları formalaşdıran aktora çevrilmək niyyətindədir.

Milli Məclisin üzvü Elşad Musayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan üçün bu platforma xüsusilə mühüm xarakter daşıyır, çünki həm regional güc mərkəzləri ilə koordinasiya, həm də qlobal auditoriyaya birbaşa çıxış imkanı yaradır. Deputat qeyd edib ki, böyük güclər arasında rəqabətin daha da dərinləşməsi, bəzi regional münaqişələrin hələ də tam həllini tapmaması uzaqgörən siyasət yürütməyə məcbur edir: “Ümumilikdə bu forum sübut etdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində passiv müşahidəçi deyil, əksinə, aktiv təşəbbüskar kimi çıxış edir. Ən əsası, deməliyəm ki, Türkiyə və Azərbaycan münasibətlərinin Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalması bu forumun ruhunda özünü göstərdi. Yəni birliyimizi növbəti dəfə nümayiş etdirdik. Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əvəzolunmaz rolu və Orta dəhlizin strateji əhəmiyyəti barədə verilən mesajlar ölkəmizin mühüm tərəfdaş olduğunu bir daha təsdiqlədi”.

Tənzilə Rüstəmxanlı
Deputat Tənzilə Rüstəmxanlının sözlərinə görə, mövcud geosiyasi gərginliklər, dəyişən güc balansı, qlobal ticarət problemləri fonunda həll yolları tapmaq üçün Azərbaycanın təcrübəsi zəruri nümunədir. Onun fikrincə, bu baxımdan Prezident İlham Əliyevin Forumda iştirakı həm Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsini, həm də Azərbaycanın beynəlxalq arenada artan rolunu əks etdirir.
T.Rüstəmxanlı hesab edir ki, belə bir platformada Azərbaycanın aktiv iştirakı ölkənin diplomatik manevr imkanlarının genişliyini və beynəlxalq proseslərə təsir gücünü nümayiş etdirir: “Bu, eyni zamanda Azərbaycanın təkcə regionda deyil, daha geniş coğrafiyada söz sahibi olan aktora çevrildiyini təsdiqləyir. Təəssüf ki, dünya nizamı parçalanmaqda davam edir. Bu parçalanmının və birqütblü dünyanın formalaşmasının qarşısını ancaq dialoq və diplomatiya yolu ilə almaq mümkündür. Burada təkcə döyüş meydanındakı müharibələr deyil, həm də ticari iqtisadi müharibələr də əsas dünya ictimaiyyətini narahat edən mənbəyə çevrilməkdədir”.

Arzu Nağıyev
Deputat Arzu Nağıyevə görə, Antalya Diplomatiya Forumu beynəlxalq təhlükəsizlik arxitekturasının gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi önəm daşıyır: “Burada müzakirə edilən məsələlər - terrorizmə qarşı mübarizə, radikallaşmanın qarşısının alınması, transmilli cinayətkarlıq, kibertəhlükəsizlik və hibrid təhdidlər - müasir dövrün əsas çağırışları sırasındadır. Azərbaycanın bu sahələrdə həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə forum çərçivəsində yüksək qiymətləndirilir”.
Onun fikrincə, Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqlar beynəlxalq müzakirə platformalarında daha geniş təqdim olunmalıdır. Deputat hesab edir ki, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən Orta dəhliz layihəsi Avropa ilə Asiya arasında etibarlı və səmərəli bağlantının təmin edilməsinə xidmət edir: “Bu layihələr regionun iqtisadi potensialını artırmaqla yanaşı, ölkəmizin tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”