AZ

Həmid Herisçi: "Poeziyanı satanları vətən xainlərindən daha təhlükəli bilərəm" - Müsahibə

Kulis.az Ulucay Akifin Həmid Herisçi ilə müsahibəsini təqdim edir.

İran–ABŞ–İsrail müharibəsi zamanı Təbrizdə idiniz. Əksər adamlar soruşurdu ki, Həmid Herisçinin orda nə işi var bu vaxtda? İndi mən də adamların o sualını sizə ünvanlamaq istəyirəm. Təbrizə niyə getmişdiniz?

– 20 fevral 2026-cı ildə məni Bakı–Təbriz təyyarəsinə bilet aldıran, Güneyə gətirən qüvvə heç də adi şüurum deyildi. Öz ağlım deyildi deyərdim indi. Düzdür, zahirdə, Hacı Cabbar Naib küçəsindəki ata mülkümlə bağlı vəkillərlə məsləhətləşməliydim mən. Ancaq əsas səbəbin bu olmadığını hiss edirəm.

– Bəs hansı gizli qüvvəydi sizi Təbrizə aparan?

– Həyatım Bakı ilə, taleyim isə Təbrizlə, ata yurdumla bağlıdır. Təbrizə gedərkən, İran ətrafında hadisələr qızışarkən, inan, beynim avtopilota düşdü. Qərarları, yaxşı ki, şüurum yox, şüuraltım verməyə başladı. “Qorxulu Tehran, dumanlı Təbriz” kimi ədəbi, kütləvi klişelər dirildi elə bil. Xüsusən 28 fevraldan 1 marta keçən gecə, müharibənin ilk gecəsi çox təhlükəliydi.

– Niyə?

– Tarixin anonslarını, inan, əvvəlcə qələm görür, sonra adi göz.

Nə idi gördüyünüz anons?

– Bildim ki, həyat bitdi, tarix başladı. Gündəliyimin ilk sətirlərini yazdım. Belə başladım gündəliyimi:

“Bu ölkədə vacib mövzular xalça altına süpürülür, bəli. Ancaq xalçanı tənbəllik etməyib qaldırmaq burda həmişə bir gözəlin, bir sirrin niqabını, rübəndini qaldırmağa bərabərdir. Fürsətdi, çalış bu şansını qaçırmayasan. Mən qaçırmadım. Xalçanı qaldırdım”.

– Nə çıxdı o Təbriz xalçası altından? Nəyi süpürmüşdülər ora?

– Müharibə Xameneinin ölüm xəbəri ilə gecə saatlarında, dörddə başladı. Eynən 22 iyun 1941-ci ildəki kimi. Avtopilotdaydım artıq. Gündəliyimə bu qətlin ilk sirlərini yazdım:

“28 fevral. Təbriz. İndi baxdığım İran TV-lərinə təəccüblənməyəsən, bəs nə edəsən? TV-lərdən biri hələ 1980-ci ildə rəhmətə getmiş terrorçu “Forqan” qrupu haqqında film göstərir. Bu dəstə, “Mollalarsız İran!” şüarıyla çıxış edərək ötən əsrin 1979–1980-ci illərində cəmi bir il ərzində onlarca ən üst düzən Xomeyni rəhbərliyini al qana bulamaqla yadda qalıb. Xomeynidən sonra ikinci ən böyük nüfuz sahibi – Ayətullah Mütəhhərini də bu dəstənin rəhbəri Əkbər Qodarzi öldürmüşdü.
Nə olub? Niyə bu Forqanın “Mollalarsız İslam” mövzusu yenidən yada salınır indi? Buna deyərlər “həmşəri söyüşü, yaxud qətli”. Varam da İrana. Ən qəliz, müxalif mövzularını da senzurasız gündəmə çıxarmağı bacarırlar. Deyəsən “Xameneisiz İran” modeli anonslanır indi İran Kremlində. Əlbəttə, üstüörtülü şəkildə”
.

– Yəni Xameneinin qətlindən əvvəl İran TV-lərindən biri “Mollalarsız İslam” mövzulu film göstərmişdi və bu anonsdan sonra Xamenei qətl edildi?

– Bəli. İranın siyasi alqoritmi, TV ekranı o məlum raket zərbələrindən az əvvəl birmənalı yox, çoxmənalıydı. Adi dilə tərcümə istəyirdi sanki. Alqoritmi tutdum. Gündəliyimdəki sonrakı sətirlərə diqqət edin:

“Sayılı dəqiqələrdən sonra Ayətullah Xameneinin ‘Beytülrəhbər’ iqamətgahı, ABŞ raketlərinin aramsız zərbələri nəticəsində yerlə bir olacaq. Xamenei öldürüləcək. Mən isə bunun anonsunu hələ bir gün əvvəl Tehran TV-lərində ‘Forqan’ terror təşkilatı haqqında verilən verilişdə hiss etmişdim. Bu terror təşkilatının ‘Mollalarsız İslam’ şüarı, deyəsən, özünə təzə sahib tapıb İran isteblişmentində? Xamenei qətli Tehrandakı Madrid sarayının dəhlizlərində hazırlanıb əvvəlcədən? Anonslanıb TV-lərdə. Amerikanlılar, F-35-lər, Tramp isə bu qərarların yalnız icraçısıdır. İran siyasi elitasını da bax bu yeni, yaxud köhnə Forqanın gizli məlumatları əsasında məhv edirlər”.

– Maraqlı təsbehdir.

– Əsl Şərq təsbehi bax bu cür keçdi ixtiyarıma. Onu Təbrizdə əlimdən buraxmadım. “Qorxulu Tehran, dumanlı Təbriz” kabusu məni alıb apardı. İki Qarabağ, iki Çeçen, Tacikistan müharibələrininşərhçisi olmuşam. Bu, taleyimdəki beşinci müharibə idi. Ekstrim və ekstrimal jurnalistika əvvəllər,Şimali Azərbaycanda olub. Şəhidləri də var – Çingiz Mustafayev, Adil Bünyatov, Salatın Əskərova və digərləri kimi. Rəhmətliklərlə eyni səngərləri, redaksiyaları bölüşmüşəm. Adil də, Çingiz də, Salatın da sanki lap yanımda canlarını Allaha və jurnalistikamıza bağışlayıblar. Ancaq İkinci Qarabağ savaşında nədənsə videokamera və qələmləri verdik, ehsan etdik Fulya Öztürklərə, TRT-yə. İndi də səsimizi başımıza ataraq qışqırırıq ki, bəs niyə Fulya Öztürk Təbrizdən mollapərəst çəkilişlər etdi?

Edər də. Bəs niyə mənim Təbriz reportajlarıma mətbuatda geniş yer vermədiniz? Niyə telereportajlarıma ciddi tələbat yaranmadı?

Mənə tam tərsinə, mane olurdular. Deyirdilər: yazma, çəkmə, baş qoşma.

– Sizin üçün narahat olanlar çox idi... Amma bu dövrdə Təbrizdə olmağınıza başqa don geyindirməyə çalışanlar da oldu. Hətta sizə “xain”, “İran agenti” deyənlər də oldu. Yəqin görürdünüz bu ittihamları. Necə təsir edirdi sizə bu?

– Görmədim. Bir müddət orda internet yox idi.Şeirlərimdə belələrinə çoxdan cavab vermişəm: “İnsan lütdür, xəyanət labüddür”.

Əsas odur ki, müharibə başlarkən İranda cəmi üç jurnalist dəstəsi vardı – TRT teleçəkiliş qrupu, Fulya Öztürk və bəndəniz. Bu göydəndüşmə fürsəti qaçıra bilməzdim bir jurnalist kimi. Təyinat nöqtəsində idim. Meydanı boş qoya bilməzdim. Bakıdan, Azərbaycandan gəlmiş jurnalistin hadisə yerində olması təbrizliləri sevindirirdi. O həyəcanlı, yuxusuz vaxtlarda sanki məşhur “Axırıncı aşırım” filminin dekorasiyalarına düşürdüm. Özümü Abbasqulu bəy sayırdım. Kərbəlayılara təslim olmağı təklif edirdim o filmin təsiri ilə.

Unudulmaz, təhlükəli günlər idi. Səhər sübh namazından əvvəl səni F-35 təyyarələrinin səsi oyadır... Uşaqların gözü göydə, barmaqları havada...

– Bəs müasir Qəmlolar varıydı orada?

– Bilirsiniz, İran mövzusunu bizdə həmişə təbrizlilər yox, Cənubi Azərbaycanın əyalət, kəndli zümrəsi öz inhisarında saxlayıb. Təbriz əsilzadələrinə, tacirlərinə Bakıda heç vaxt mikrofon uzatmayıblar. Bu zümrənin savadı, peşəkarlığı, təcrübəsi Bakıda çox vaxt kadr arxasında qalıb. Güney millətçilərinin çoxu federalistdir. İrana min il nəzarət edən Azərbaycan türkləri ölkəni məhz federal dövlət kimi idarə ediblər. Pəhləvi rejimi dövründə İran unitar idarəetməyə keçməsəydi, indiki mərkəzçi, model də yaranmazdı.

– Təbrizi bu dəfə necə gördünüz? Oradakı soydaşlarımız necə idi? Ümumiyyətlə, İranda müharibə fonunda həyat necə gedirdi?

– Kasıbçılıqdır. İslam Cümhuriyyəti yerin altını abadlayıb, üstünü yox. 27 yeraltı şəhər tikib, yəni raket bazaları qurub. Bəlkə, Təbrizin də altında başqa bir gizli Təbriz var. Amma biz yerüstü köhnə Təbrizdə – Əli Cağla, Məhəmməd Calğın kimi şairlərlə keçirirdik günlərimizi. Təbrizin gözəl kəmərbəndi, yəni dairəvi yolu var. Gecələr çıxırdıq o yola, az qala yeddi-səkkiz dəfə hər gün Təbrizin başına dolanırdıq. Ədəbiyyat fədaisi Həsən Umudoğlunun isti ocağında Təbrizin sirlərinə agah olurduq. Gözəl, silinməz xatirələrim var Təbrizdən.

İran mətbuatını hər gün diqqətlə oxuyurdum. İsrailin F-35-ləri İran rəsmilərini hədəfə almağa başlayanda “Keyhan” qəzeti diqqətimi çəkdi. Orada yazılmışdı ki, İran rəsmilərinin, o cümlədən Xameneinin qatili insan deyil – “LAVENDER” kod adlı süni zəkadır.

– Siz bu LAVENDER-in fəaliyyətini öz gözlərinizlə gördünüzmü?

– Əlbəttə. Xameneinin qatili odur. Elə digər İran rəsmilərinin də. Mövzu artıq öz yazıçısını axtarır.

– İrandan gətirdiyiniz mövzu budur? LAVENDER haqqında yazacaqsınız?

– Şeir də yaza bilərəm bu mövzuda. Baxarıq.

– İranda sadə insanların mövqeyi ilə rəsmi ideologiya arasında fərq hiss etdinizmi?

– Bu müharibədən sonra İran, xüsusən Təbriz əvvəlki şüuruna qətiyyən qayıtmayacaq. Artıq qadın dresskodu dəyişib İranda. Cəfər Cabbarlının “Sevil” feminizmini Təbriz indi yüz il gecikmə ilə yaşayır.

Şah dövründə İranda yuxarıların, yəni varlı elitanın diktaturası vardı – eynən çar Rusiyasında olduğu kimi. İslam rejimi isə aşağı, dindar təbəqənin – seyidlərin diktaturası üzərində qurulub. Eynən sovet modeli kimi.

Qaradağ, Miyana, Muğan, Zəncan, Ərdəbil, Həmədan, Savə kimi əyalətlərdə bu aşağı təbəqə bank kreditləri və müxtəlif maddi-texniki imtiyazlarla idarə olunur. İran ordusuna əsas səfərbərlik də məhz bu bölgələrdə aparılır. Oğlanlarını orduya göndərən ailələr müxtəlif dividendlər qazanır və loyal qüvvəyə çevrilirlər.

İranda aşağıların diktaturası var. Müəyyən həcmdə “islam sosializmi” də mövcuddur. İranı saxlayan da budur – ucuz yanacaq, qaz, ərzaq qiymətləri. Pezeşkian deyir ki, bu subsidiyalar ildə 150 milyard dollardan çoxdur və büdcəni yamanyükləyir.

Sizin üçün Arazın o tayı daha doğmadır, yoxsa bu tayı?

– Anadangəlmə“Bütöv Azərbaycan” modelində böyümüşəm. Anam bakılı, atam təbrizli idi. Bakının Lermontov küçəsi valideynlərimi tanış edib. Atam oradakı Partiya Məktəbində beş il oxuyub. Özünü Qafqaza sürgün olunmuş Mixail Lermontov kimi hiss edib. Anamı da onun qəhrəmanı Bella ilə səhv salıb. Yəni Bütöv Azərbaycan mənşəliyəm.

– Biz Təbrizdən nə öyrənməliyik?

– Siyasətdə lal sualları eşitməyi bacarmalısan. Lal cavabları da. Yenə Təbriz gündəliyimdən numunə gətirirəm:

"Təbriz. 14 mart.Siyasi suallara sözlə cavab verən...hə...ciddi fiqur sayılmaz diplomatiyada.

Siyasətdə, suallar sirf əməllə cavablandırılır.

Misal: İran şahı Məhəmmədrza şah,Stalin öləndən sonra Xruşsova sual verir:

"Azərbaycan mövzusunu qapayasız bəlkə? İranın ərazi bütövlüyünü rəsmi, qeyri rəsmi tanıyasız?"

Xruşşov öžünəməxsus, qeyri-rəsmi cavabı tapır.

Pışəvərinin Bakıda mühacirət həyatı keçirən Azərbaycan Demokrat Firqəsini yallah deyib də, İran kommunist partiyası TUDƏ ilə birləşdirir(1956-58).

Yəni əvvəlcə sol partiyalar arasındakı separatizmi neytrallaşdırır".

– İranı sevirsinizmi?

– Əlbəttə. İranı da sevirəm, Azərbaycanı da, ABŞ-ı da, Rusiyanı da, İsraili də. Bu müharibədə hamının taleyi həll olunur, elə İsrailin də.

– Tez-tez Güney Azərbaycandan videolar çıxır qarşımıza. Oradakı soydaşlarımızın şeirlərimizi, mahnılarımızı oxumağı, Bakıya salam göndərməkləri, futbol oyunlarında şüarlar səsləndirməkləri. Mən istəyərdim Həmid Herisçi bizə desin, oradakı soydaşlarımız bizi necə görür, onlar üçün Arazın bu tayı, Bakı nə ifadə edir? Bizə hansı sözləri var oradakı soydaşlarımızın?

– Siyasət minimalizmi sevir. Bütöv Azərbaycan olmasa da, bütöv Azərbaycan ədəbiyyatı var. Dil, din, mədəniyyətdə aramızdan su axa bilməz. Elə Araz da.

– Sizin Təbriz sevginizi bilirəm. Mənə orada olmamışam, amma mənim üçün də Təbriz sehrlidir. Elə bilirəm ki, orada hansısa bir çırağın tozunu silsəm, heç olmasa bir arzumu yerinə yetirəcək cin çıxar içindən...

– Azərbaycan TV və və radiolarının, saytlarının yüzminlərlə tamaşaçısı bu tay Azərbaycanda yox, o tay Azərbaycandadır. Şou, musiqi, TV, saytlarımızyalnız Güneyin milyonlarla istifadəçisi sayəsində özünü maliyyələşdirə bilər. Mədəniyyərimiz yalnız Güney tamaşaçısı sahəsində rentabelli olacaq. Rusiyadakı, Türkiyədəki kimi milyonlarla kütləni konsert meydançalarına yığacaq. Yəni Güneysiz Azərbaycanda nə varsa yarımçıqdı, maddi gəlir gətirmir. Mügənnilərimiz yalnız Təbrizdə, Tehranda öz çoxmilyonluq fanatlarını səfərbər edə bilərlər. Güneysiz, Təbrizsiz bütün riyazı göstəricilər bizim əleyhimizədir.

Bu siyasi söhbətləri qoyaq bir kənara, bir az da ədəbiyyatdan danışaq. Həmid Herisçi üçün poeziya, şeir nədir?

– Dil avtomatlaşdıqca ölür. Onu dirildən poeziyadır. Şairlərdir. Poeziya linqvistik dili yaşadır, ruhu da. Rəhmətlik Şahmar Ələkbərzadə ilə Nüsrət Kəsəmənli ömürlərinin sonlarını Təbrizdə keçirtdilər. Nüsrət orda rəhmətə getdi. İndi onlar ən çox tanınan və şeirlərindən nümunələr oxunan şairlərimizdir orda. Şeirləri xalqın dilindədir.

– Müasir ədəbiyyatımız haqqında nə deyə bilərsiniz?

– Azərbaycan ədəbiyyatı indi nəsrə keçir. Anar və Kamal Abdulladan gələn xətt davam edir. Amma nəsrdən yenidən poeziyaya dönüş olacağına inanmıram.

– Bilmirəm, özünüz buna fikir vermisiniz ya yox, müasir poeziyamızda sizdən məhsuldar şairimiz yoxdur. Heç gənc imzalar belə sizin qədər fəal deyil şeir cəbhəsində. Yaşlı şairlərin əksəriyyəti də çoxdan şeirlə vidalaşıblar. Həmid Herisçi isə aktual və vacib mövzuların hamısına aidşeir yazır. Müasir dillə desəm, poeziyada, gündəm mövzularında həmişə onlaynsınız. Hətta o şeirlərə təzə janr kimi ad da verə bilərəm: “poetik köşələr”. Sizi şeirdən belə dördəlli yapışmağa sövq edən nədir? Doğrudan da, şeir bu qədər əhəmiyyətlidirmi?

– Poeziyanı satanları vətən xainlərindən daha təhlükəli bilərəm. Azərbaycan mədəniyyəti şeir və şair mərkəzli mədəniyyətdir. Ancaq şairlərimiz bu gün həm özlərinə, həm də şeirə xəyanət ediblər. İctimai-sosial mövzuları özlərinə layiq bilməzlər. Yaranmış boşluğu reperlər və meyxanaçılar zəbt ediblər. Şair taleyini də. Şairlik, həm də ölməyi tələb edir bizdən. Meyxanaçılar, reperlər poeziyanın bu pəşə qanuna əməl edirlər, ölürlər kütləvi şəkildə. Milçək kimi yox, elə şair kimi qırılırlar.

Poeziyanin əsl üzvülük haqqı ölümlə ödənilsə də, şairlərimiz ölmək istəmirlər. Yaşayırlar. Poeziyada mütləq şərtdi: Tanatosu, axirət sevdasını, ölümü yaşamadan, poeziya yaranmır. Gərək ölümlə sevişəsən. Özünlə, öz eqonla yox. Fransanın " lənətlənmış şairləri" kimi.
Şarl Bodler kimi, ən azı.

– Müasir ədəbiyyatımıza, həm nəsrimizə, həm poeziyamıza baxdıqda gördüyünüz mənzərə nədir?

– Azərbaycan ədəbiyyatı cəmi iki ünvanda halala haram qatmır - bir sizdə, bir də “Park” nəşriyyatında. Son ədəbi nəsil cox ciddi uğurlara imza atdı, əvvəlkilərlə nisbətdə. 70-80-cilərin təhkimli kəndli, kəndçi azarından birdəfəlik qopmagıbacardılar. Urbanistik, şəhərli oldular nəhayət ki, ədəbiyyatda AYO-çuların dəyərlərinə ikinci nəfəs verdilər.

Siyahını sənlə açıb, İham Əziz, Nadir Yalçın, Vüqar Van, Cavid Ramazanov, Cavid Zeynallı, Kazım Kazımoviç, Zaman Piriyev, Samirə Əşrəf,Orxan Saffari, Orxan Həsəni, Mübariz Örən, Şəhriyar Del Gerani, Qismət, Aqşin, Sevinc Elsevər və digərləri ilə davam etmək istərdim. Azərbaycan ədəbiyyatı indi nəsrə keçir tamam. Ancaq inanmıram nəsrdən poeziyaya, şeirə keçməyi bacarsın.

Foto: İlkin Nəbiyev

Seçilən
48
1
kulis.az

2Mənbələr