AZ

Türk güləşçi Rıza Kayaalp tarixi rekorda imza atıb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyəli milli güləşçi Rıza Kayaalp Avropa çempionatlarında 13-cü qızıl medalını qazanaraq tarixi rekorda imza atıb.

TurkicWorld xəbər verir ki, Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən 2026 Avropa Güləş Çempionatında yunan-Roma üslubu üzrə 130 kq çəki dərəcəsində çıxış edən idmançı finalda macar rəqibi Darius Attila Viteki 7:1 hesabı ilə məğlub edib.

Bu qələbə ilə Rıza Kayaalp rusiyalı Aleksandr Karelinlə bölüşdüyü rekordu geridə qoyaraq Avropa çempionatları tarixində ən çox qızıl medal qazanan güləşçi kimi adını idman salnaməsinə yazdırıb.

Qeyd olunur ki, təcrübəli idmançı Avropa çempionatları tarixində ümumilikdə 15 dəfə finala yüksələrək 13 qızıl və 2 gümüş medal qazanıb. O, 2010–2019, 2021–2023 və 2026-cı illərdə çempion olub, 2011 və 2024-cü illərdə isə gümüş medalla kifayətlənib.

Yarış boyu inamlı çıxış edən Rıza Kayaalp 1/8 finalda erməni Albert Vardanyanı, 1/4 finalda rusiyalı Marat Kamparovu məğlub edib. Yarımfinalda isə belaruslu Pavel Hlinçuk qayda pozuntusuna görə diskvalifikasiya olunub.

Məlumata görə, idmançının karyerasında 5 dünya çempionluğu və Olimpiya Oyunlarında 3 medal (1 gümüş, 2 bürünc) da yer alır.

Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak sosial media paylaşımında idmançını təbrik edərək onun uğurunu yüksək qiymətləndirib.

Seçilən
44
turkic.world

1Mənbələr