AZ

"Ən gərgin anda meydana daxil oldum" - "Xankəndi"yə son dəqiqə qolu ilə həyat verən hüçumçu

İkinci Liqanın XXIII turunda “Dinamo”nu qəbul edən “Xankəndi” rəqibini çətinliklə məğlub edib. Ötən turda da eyni rəqibi ilə qarşılaşan və 3:1 hesabı ilə qalib gələn Qarabağ təmsilçisi "6-lığ"ın ilk qarşılaşmasında "Dinamo"nu son dəqiqə qolu ilə üstələyə, beləliklə, zirvədə yerini qoruya bilib. Liderə qələbə qazandıran qolun müəllifi olan Bəhruz Teymurov qarşılaşmanı dəyərləndirib.

Hazırda 23 qolla çempionatın bombardiri olan hücumçu Fanat.Az-a belə danışıb:

“Bildiyiniz kimi, artıq İkinci Liqada "altılıq" sistemi start götürüb və biz iki tur ardıcıl “Dinamo” ilə qarşılaşırdıq. 22-ci turda 3:1, bu tur isə 2:1 hesablı qələbə qazandıq. Bu üç xal bizim üçün çox vacib idi. 
Demək olar ki, oyunun ən gərgin anlarında meydana daxil oldum. İkinci hissənin sonlarına yaxın oyuna qoşuldum və daxil olduqdan qısa müddət sonra qələbə qolunu vurmağı bacardım. Təbii ki, bu məni çox sevindirir, çünki qələbədə mənim də önəmli payım oldu.

Çempionluq uğrunda ciddi rəqabət gedir. Növbəti turda bizi çətin oyun gözləyir, “Qaradağ Lökbatan”la qarşılaşacağıq. Amma inanıram ki, həmin qarşılaşmadan da üzüağ çıxacağıq.

Komandamızın qarşısına rəhbərlik tərəfindən qoyulan əsas məqsəd çempionluqdur. İnşallah, bu hədəfə çataraq Birinci Liqaya vəsiqə qazanacağıq”.

"Xankəndi" 23 turda 66 xal toplayaraq zirvədə qərarlaşıb və ən yaxın izləyicisi "Qaradağ Lökbatan"ı 3 xal qabaqlayır. Zaur Hacıyevin baş məşqçisi olduğu komanda növbəti turda - 28 apreldə "Qaradağ Lökbatan"ı qonaq edəcək.

Mirağa

Seçilən
50
2
fanat.az

3Mənbələr