Politoloq Turan Rzayev Estoniya və Finlandiyanın Rusiya ilə sərhəddə həyata keçirdiyi müdafiə tədbirlərini şərh edib.
O, News365.az-a açıqlamasında bildirib ki, Estoniya Rusiya ilə sərhəd boyunca tank əleyhinə xəndəklər qazır, Finlandiya isə 1340 kilometrlik sərhəd xətti boyunca müdafiə məqsədli artilleriya sistemləri yerləşdirir.

Turan Rzayev qeyd edib ki, Estoniya xarici işlər naziri Marqus Tsaxna Rusiyadan Baltikyanı ölkələrə və ya NATO-ya qarşı birbaşa hərbi təhdid görmədiklərini açıqlayıb. Onun sözlərinə görə, kəşfiyyat məlumatları da hazırda belə bir hücum hazırlığının olmadığını göstərmir.
Politoloq bildirib ki, Rusiyanın Baltikyanı ölkələrə hücum edəcəyi ehtimalı real görünməsə də, bu dövlətlər təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirir. Onun fikrincə, Rusiya-Ukrayna müharibəsi sonrası Avropada təhlükəsizlik yanaşmaları ciddi şəkildə dəyişib.
Rzayev əlavə edib ki, tank əleyhinə xəndəklər və sərhəd istehkamlarının qurulması klassik müdafiə tədbirləri sayılır və məqsəd mümkün ssenarilərə qarşı əvvəlcədən hazırlıq görməkdir.
O vurğulayıb ki, həm Estoniya, həm də Finlandiyanın NATO üzvü olması onların Rusiya ilə sərhəd bölgələrini strateji baxımdan “ilk müdafiə xətti” kimi gücləndirməsini zəruri edir.