2026-cı ilin I rübü üzrə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 milyard 140,1 milyon manat proqnoza qarşı 9 milyard 598,6 milyon manat icra olunub.
Musavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnozdan 458,5 milyon manat (5,0 faiz) çoxdur. Bu məbləğ cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 24,9 faizinə bərabərdir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 7,7 faiz çox icra edilməklə 6 milyard 388,6 milyon manat təşkil edib.
Dövlət büdcəsinin gəlirlərinin 4 milyard 702,0 milyon manatı və ya 49,0 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3 milyard 210,0 milyon manatı və ya 33,4 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1 milyard 410,1 milyon manatı və ya 14,7 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 163,5 milyon manatı və ya 1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 13,8 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 99,2 milyon manatı və ya 1,1 faizi sair daxilolmaların payına düşür
I rübdə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 472,5 milyon manat və ya 11,2 faiz, gömrük orqanlarının xətti ilə 5,1 milyon manat və ya 0,4 faiz çox, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə, digər daxilolmalar üzrə 19,1 milyon manat və ya 6,5 faiz az icra edilib.
Musavat.com