Aviaşirkətlər uzun məsafəli uçuşlarda sərnişin rahatlığını artırmaq məqsədilə yeni konsepsiya üzərində işləyir. Planlara əsasən, bəzi təyyarələrdə xüsusi “yuxu kapsulları” quraşdırılacaq və bu, kabin mühitini “uçan otel” formatına yaxınlaşdıracaq.
QHT.az xarici mediaya istinadən bildirir ki, yeni sistem sərnişinlərin uçuş zamanı daha rahat istirahət etməsinə imkan yaratmaq üçün hazırlanıb. Yataq tipli konstruksiyalara malik olan kapsullar təyyarədə məhdud sahədən maksimum səmərə ilə istifadəni nəzərdə tutur. Layihənin əsasən uzunməsafəli və qitələrarası uçuşlarda tətbiqi planlaşdırılır.
Bu yenilik çərçivəsində təyyarə kabinlərinin dizaynında da dəyişikliklər gözlənilir. Aviaşirkətlər son illərdə sərnişin təcrübəsini yaxşılaşdırmaq üçün innovativ həllərə üstünlük verir və yuxu kapsulları da bu istiqamətdə atılan addımlardan biri hesab olunur.
Bununla belə, yeni sistemin bilet qiymətlərinə təsiri və bütün sərnişinlər üçün əlçatan olub-olmayacağı hələlik açıqlanmayıb.
Piranə Xasiyeva