Azərbaycan cüdosunda son vaxtlar ard-arda yaşanan xoşagəlməz hadisələr ciddi bir sualı gündəmə gətirir: Ulduz idmançılarımızda arxayınlıq və intizamsızlıq problemi yaranıb?
Paris Olimpiadasında iki qızıl medal qazanan yığmamız, sanki həmin andan sonra enişə keçib. Ötən gün başa çatan Avropa çempionatı isə bu enişin "uçurumun dibi" olduğunu göstərdi. 15 idmançı ilə yollanılan turnirdən cəmi 4 medalla (0 qızıl) qayıtmaq, Kosovo və Macarıstan kimi ölkələrdən geri qalmaq sadəcə uğursuzluq deyil, həm də bir həyəcan siqnalıdır.
Tərəzi və tatami üzərindəki peşəkarlıq kəsiri
Dünya reytinqinin lideri Hidayət Heydərovun "Böyük Dəbilqə" turnirində çəki normativini saxlaya bilmədiyi üçün yarışa buraxılmaması idman ictimaiyyətində şok effekti yaratdı. Belə səviyyəli bir cüdoçunun tərəziyə qalib gələ bilməməsi sadəcə texniki səhv deyil, ağır peşəkarlıq kəsiri kimi qiymətləndirilməlidir.
İntizam problemi tatami üzərində də davam edir. Olimpiya çempionu Zelim Kotsoyevin Avropa çempionatında rəqibinə qarşı qadağan olunmuş fənd tətbiq edərək diskvalifikasiya olunması (hansoku-make) anlaşılmazdır. Ya Olimpiya çempionu qaydaları bilmir, ya da ağlı döyüşdə deyil. Görünən odur ki, bəzi cüdoçularımız hələ də qazandıqları titulların eyforiyasından çıxa bilməyiblər.
Mövzu ilə bağlı cüdo üzrə əməkdar məşqçi Rüzbeh Vəliyevin fikirlərini öyrəndik. O, Zelimin sonuncu Avropa çempionatında bürünc medal uğrunda döyüşə buraxılmamasını belə dəyərləndirib:
“Cüdoda qaydalar artıq çox sərtdir. Rəqibin qolunu burub altına salmaq ciddi zədə riski yaratdığı üçün birbaşa diskvalifikasiya ilə nəticələnir. İdmançımızın kənarlaşdırılması məhz bu təhlükəli hərəkətlə bağlıdır”.
Hakimlik məsələsinə toxunan mütəxəssis, Tbilisidəki Avropa çempionatında qərəz görmədiyini bildirib:
“Bizdə belə bir fikir var ki, idmançımız uduzursa, mütləq hakim günahkardır. Amma hazırda hər şey kameralarla izlənilir. Mən bu yarışda bir qərəz görmədim. Tiflis turniri bizim üçün 'bir nömrəli' yarış deyildi, bəlkə də bu məğlubiyyətlər idmançılarımızı dünya çempionatı öncəsi daha da motivasiyalı edəcək”.
Eyforiya və PR-ın kölgəsində qalan idman tərəfi
Lakin mətbuatda yazılanları oxuduqca elə təəssürat yaranır ki, millimiz Gürcüstanda bütün rəqibləri darmadağın edib. Federasiyanın PR işləri, media üçün əlçatanlığı əla olsa da, işin idman tərəfi ciddi suallar doğurur. Hanı bizim Olimpiya çempionlarımız? Mətbuatın üstünə "xod" gedən, müsahibə verməkdən yayınan idmançılar yarışlarda niyə yoxa çıxırlar?
Uğurların davamlı olmaması onu göstərir ki, bu qələbələr sağlam təməllər üzərində inşa edilməyib. Bir dəfə çempion olan idmançını növbəti turnirdə döşək üzərində deyil, hansısa dövlət qurumunda, çiynində poqon olan vəzifədə tapırıq.
Olimpiada öncəsi məsuliyyət dərsi
Federasiya rəsmiləri və məşqçilər korpusu cüdoçuları eyforiyadan çıxarmaq üçün tədbirlər görməlidir. Hidayət və Zelim kimi ulduzların fərdi intizamsızlığı gənc nəsil üçün mənfi örnəkdir. Niyə hər dəfə eyni adlar yollanır? Niyə gənclərə şans verilmir?
Paris Olimpiadasına az bir vaxt qalmış bu cür "texniki" və "emosional" səhvlərin təkrarlanmaması üçün hər kəs öz məsuliyyətini anlamalıdır. Əgər cüdo ölkəsi olduğumuzu iddia ediriksə, bunu təkcə PR-la deyil, tatami üzərindəki dəmir intizamla sübut etməliyik.