AZ

Məktəblərdə və yeniyetmələr arasında zorakılıq halları artır

Son illərdə dünyada olduğu kimi Azərbaycanda da zorakılıq hallarının müxtəlif formalarında artım müşahidə olunur. Bu tendensiya təkcə ailədaxili və qadına qarşı zorakılıqla məhdudlaşmır, eyni zamanda yeniyetmələr, məktəblilər və təhsil mühitində iştirak edən şəxslər arasında da özünü göstərir. Məsələ cəmiyyətin sosial və psixoloji strukturunda mövcud olan daha dərin problemlərin göstəricisi kimi qiymətləndirilir.

Mövzu ilə bağlı İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova açıqlama verib.

QHT.az açıqlamanı təqdim edir:

"Çox təəssüflə qeyd etmək lazımdır ki, bütün dünyada olduğu kimi ölkəmizdə də zorakılıq hallarının artdığı müşahidə edilir. Bu zorakılıq halları təkcə qadına qarşı zorakılıqla məhdudlaşmır, son dövrlərdə tez-tez həmyaşıd yeniyetmələr arasında, məktəblilər arasında, eləcə də müəllim-şagird münasibətlərində də baş verir. Bu cür hallar cəmiyyətdə daha dərin problemlərin mövcudluğunu göstərir.

Baş verən zorakılıq halları ilə bağlı rəsmi statistik məlumatların az olması, həm məktəb səviyyəsində, həm də aidiyyəti qurumlar tərəfindən geniş və sistemli araşdırmaların aparılmaması real vəziyyətin dəqiq müəyyənləşdirilməsini çətinləşdirir.

Təbii ki, zorakılığın səbəbləri araşdırılmadan onunla effektiv mübarizə aparmaq da mümkün deyil. İlk növbədə məktəblərdə psixoloji dəstək xidmətlərinin gücləndirilməsi vacibdir. Lakin bu sahədə mövcud vəziyyət göstərir ki, təxminən 2000 şagirdi olan məktəbdə yalnız bir psixoloqun fəaliyyət göstərməsi real ehtiyaclara cavab vermir və effektiv dəstək mexanizmi yaratmır.

Bu cür halların artması təhsilin keyfiyyətinə və cəmiyyətin ümumi tərbiyə səviyyəsinə mənfi təsir göstərir və problemin daha ciddi şəkildə araşdırılmasını zəruri edir".

Piranə Xasiyeva

Seçilən
78
qht.az

1Mənbələr