BAKI, 22 aprel. TELEQRAF
Qanunvericilikdə “lizinq” sözü “maliyyə icarəsi” ilə əvəz edilir.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” qanun layihəsində yer alıb.
Layihədə qeyd edilib ki, yeni qanun layihəsi ilə beynəlxalq termin olan “leasing” sözü dilimizə tələffüz olunduğu kimi keçmiş, yəni “lizinq” kimi ifadə olunub, hazırda təqdim olunan qanun layihəsində isə onun “maliyyə icarəsi” kimi işlədilməsi (tərcümə olunması) məqsədəuyğun hesab edilib.
Onu da qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 38-ci fəsli "Lizinq" adlansa da o əslində “maliyyə lizinqi”, yeni ifadə ilə desək “maliyyə icarəsi” ilə bağlı münasibətləri tənzimləyir, qüvvədə olan qanunvericilikdə isə “maliyyə lizinqi” termini indiyə qədər əsasən Vergi Məcəlləsində istifadə edilib.
Beləliklə, yeni qanunun qəbulu ilə “maliyyə icarəsi” ilə bağlı vahid yanaşma təmin ediləcək, terminlərin eyniləşdirilməsi həyata keçiriləcək, “lizinq” adı ilə təqdim olunan fəaliyyətin hüquqi statusu və mahiyyətinin bu xidmətin istehlakçıları tərəfindən daha aydın qavranılmasına nail olunacaqdır.
Onu da qeyd etmək lazımdır ki, bu sahədə hüquqi müəyyənliyin yaradılması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarları da xüsusi əhəmiyyətə malik olub.