21 aprel tarixində “Ulduz–Nərimanov” mənzilində baş vermiş texniki insident operativ şəkildə idarə olunub.
"Cebheinfo.az" xəbər verir ki, məlumatı Bakı Metropoliteni yayıb.
Bildirilib ki, xətlərdə 30 qatar hərəkətdə olub, yalnız 4 qatar tuneldə qalıb:
"Həmin qatarlardakı sərnişinlər qısa müddətdə və tam təhlükəsiz şəkildə təxliyə edilib. Təxliyyə prosesi metropoliten əməkdaşları və Bakı Şəhər Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis İdarəsinin şəxsi heyətinin koordinasiyalı fəaliyyəti ilə həyata keçirilib".
Texniki insident zamanı yaranmış sıxlıq səbəbindən 9 nəfərə arterial təzyiq və stresslə bağlı şikayətlər üzrə yerində tibbi yardım göstərilib, 2 nəfər isə yüngül xəsarətlə xəstəxanaya hospitalizasiya olunub.
Sərnişinlər daha sonra müalicələrini ambulator şəraitdə davam etdirmək üçün evə buraxılıblar. Metropoliten rəhbərliyi axşam saatlarında xəsarət alan sərnişinləri evlərində ziyarət edərək səhhətləri ilə maraqlanıblar.
Hadisə üzrə texniki və təşkilati araşdırmalar davam edir. Qatarların hərəkəti müvəqqəti olaraq şənbə qrafikinə uyğun tənzimlənir.
Hazırda hərəkətdə olan qatar sayının artırılması istiqamətində müvafiq işlər aparılır:
"Sərnişin təhlükəsizliyi Bakı metropoliteninin fəaliyyətində dəyişməz prioritetdir. Oxşar halların təkrarlanmaması üçün nəzarət mexanizmləri daha da gücləndirilir".