Azərbaycanda mövcud olan normativ-hüquqi baza maliyyə icarəsi fəaliyyətinin genişləndirilməsini və inkişafını tam dəstəkləmir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev bildirib.
"Maliyyə icarəsini səciyyələndirən və adi icarədən fərqləndirən əsas xüsusiyyətlər qanunvericilikdə əks olunmur, bu sahənin müvafiq tənzimləmə ilə, nəzarət fəaliyyəti ilə əhatə olunmaması maliyyə bazarlarından vəsait cəlb edilməsi və bu sahənin inkişafı baxımından yetərincə zəmin yaratmır. Bu baxımdan qanun layihəsinin qəbulu nəticəsində maliyyə icarəsi xidmətləri göstərən təşkilatların daha geniş fəaliyyəti əhatə etməsi, bu sahənin inkişafı üçün zəmin yaranması nəzərdə tutulur. Hazırda maliyyə icarəsi ilə banklar, bank olmayan kredit təşkilatları məşğul olur, lakin təəssüf ki, maliyyə icarəsi məhsulu üzrə müştərilərə və bu sahə üzrə ixtisaslaşan təşkilatlara ayrılan vəsaitlərin məbləği qənaətbəxş deyil", - deyə qeyd edib.
Bunda başqa, onun sözlərinə görə, Azərbaycanda lizinq şirkəti kimi dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin cəmi 5-10 %-i maliyyə icarəsi fəaliyyəti göstərir: "Bu sahə üzrə xüsusi icazə tələb olunmur, odur ki, sadəcə vergi qeydiyyatından keçməklə sahibkarlıq fəaliyyəti göstərən şəxslər də maliyyə icarəsi fəaliyyəti göstərə bilirlər, lakin praktik olaraq bu fəaliyyətlə məşğul olan şəxslərin az bir hissəsi maliyyə icarəsi xidmətləri göstərir. Bu da say etibarilə müxtəlif dövrlərdə mövcud olan təşkilatların 5-10 %-ni əhatə edir, yəni bundan artıq olmur. Eyni zamanda reallıq odur ki, müvafiq sahibkarlıq subyektləri vergi qeydiyyatından keçərkən fəaliyyət növü kimi digər oxşar fəaliyyətləri də seçirlər və onların təqdim etdiyi maliyyə icarəsi xidmətlərinin dəyərinin və əhatə dairəsinin müəyyən edilməsi çətinləşir".