Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Çində şəhər küçələrində ağaclara xüsusi “sistemlərin” qoşulması ilə bağlı yayılan görüntülər insanların marağına səbəb olub. Videonu çəkən vətəndaş iddia edir ki, bu qurğular gecə saatlarında quraşdırılır və demək olar bütün ağaclarda mövcuddur. İlk baxışdan bunun ağacların daha sağlam böyüməsinə və baxımına xidmət etdiyi düşünülür.Çində ağaclara “sistem”lərin qoşulmasının hansı müsbət təsirləri var?
Ekoloq Sadiq Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ağacların qidalanması üçün belə sistemlərdən istifadəyə ehtiyac yoxdur: “Ola bilər ki, bu cür sistemlər hansısa xəstəliklərə qarşı əlavə qidalandırma məqsədilə istifadə olunur ki, ağaclar daha davamlı və müqavimətli olsun. Amma ümumilikdə ağacların qidalanması üçün belə sistemlərdən istifadəyə ehtiyac yoxdur. Torpaq münbit olduqda ağacın kökləri özünə inkişaf istiqamətini tapır. Bu proses fotosintez nəticəsində baş verir: günəş şüaları yarpaqlara düşür, yarpaqlar havadakı karbon qazı ilə birlikdə enerjini qəbul edir və bu enerji kök sisteminə ötürülür. Kökdə baş verən kimyəvi proseslər nəticəsində oksigen ayrılır və yarpaqlar vasitəsilə ətrafa yayılır, eyni zamanda ağac kökləri vasitəsilə torpaqdan mineralları mənimsəyir.
Bu, illər boyu formalaşmış təbii inkişaf mexanizmidir. Ona görə də hesab edirəm ki, torpaq münbitdirsə, vaxtında suvarma aparılırsa və ağac artıq müəyyən qədər uyğunlaşa bilibsə, bu cür əlavə sistemlərə ehtiyac yoxdur”.
Sadiq Həsənov həmçinin vurğulayıb: “Bizdə ağaclara yanaşma fərqlidir. Bəzən ağaclar gecə saatlarında kəsilir və səhər həmin yerdə artıq ağacdan əsər-əlamət qalmır, yerində müxtəlif obyektlər tikilir. Halbuki ölkədə yaşıllıq sahələri və ağacların sayı kifayət qədər deyil.
Ağaclar oksigen mənbəyidir və insanların sağlam həyatı üçün əsas amillərdən biridir. Ona görə də ağacları azaltmaq yox, əksinə artırmaq lazımdır”.
Günel Həsənova, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.