ain.az bildirir, Ayna saytına əsaslanaraq.
Odlu silah sahibi olmağı məhdudlaşdıran və silah sahibləri üçün cəzaları sərtləşdirən əlavə hüquqi tədbirlər tətbiq ediləcək
Türkiyə hakimiyyəti ötən həftə yerli məktəblərdə baş verən iki atışmadan sonra odlu silah sahibi olmağı məhdudlaşdıran və silah sahibləri üçün cəzaları sərtləşdirən əlavə hüquqi tədbirlər tətbiq edəcək. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
"Məktəblərimizdə təhlükəsizliyin təmin edilməsi bizim əsas prioritetimizdir. Bu məsələdə nə indi, nə də gələcəkdə heç bir güzəşt olmayacaq", - deyə Ərdoğan bildirib.
"Silahlarının təhlükəsizliyini və etibarlılığını təmin etmək öhdəliklərini yerinə yetirməyən odlu silah sahibləri üçün cəzaları sərtləşdirəcəyik. Silah sahibi olmağı məhdudlaşdıran əlavə hüquqi qaydalar tətbiq edəcəyik", - deyə Ərdoğan vurğulayıb.
Prezident 15 apreldə Türkiyənin cənub-şərqindəki Kahramanmaraş əyalətində məktəbdə baş verən atışmada doqquz nəfərin öldüyünü və 21 nəfərin yaralandığını qeyd edib. 14 apreldə isə bölgədə yerləşən Şanlıurfa əyalətindəki bir məktəbdə 19 nəfər yaralanıb.
"Sosial mediada və rəqəmsal kommunikasiya platformalarında yalan, manipulyativ və zərərli məzmun yayan hesablara qarşı lazımi tədbirləri görmüşük", - deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan əlavə edib ki, ölkə hakimiyyəti "virtual patrulları" gücləndirmək və hüquq-mühafizə orqanlarının kibertəhlükəsizlik imkanlarını gücləndirmək niyyətindədir: "Məktəblər və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsi və yeni iş modellərinin hazırlanması da bu prosesdə atacağımız addımlar arasında olacaq".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.