AZ

“Maliyyə icarəsi haqqında” yeni qanun layihəsinin detalları açıqlanıb

Bakı, 22 aprel, AZƏRTAC

“Maliyyə icarəsi haqqında” yeni qanun layihəsi ümumilikdə maliyyə icarəsi fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını və maliyyə icarəsi subyektləri arasında münasibətlərin əmələ gəlməsi, dəyişdirilməsi və xitam verilməsini, habelə ölkədə maliyyə icarəsi fəaliyyəti üzrə tənzimlənmə və nəzarətin əsas aspektlərini müəyyən edir.

AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 22-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, maliyyə icarəsi beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alət bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilənin hər üç tərəfi – icarəyə verən, icarəçi və satıcı onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, icarəçi bu və ya digər əmlaka görə haqq ödəməklə həmin əmlakdan istifadə edir, zəruri ehtiyaclarını ödəyir, icarəyə verən əmlakı özünün mülkiyyətində qalmaq şərti ilə icarəçinin istifadəsinə verməklə onun tələbatlarını ödəyir, satıcı isə bu üsulla daha məhsuldar satış bazarları əldə edir, yəni icarəyə (lizinqə) verənə satışlar həyata keçirir. Əmlakın (maliyyə icarəsi obyektinin) müqavilə bitdikdən sonra maliyyə icarəsi alanın mülkiyyətinə verilməsi, yaxud onun müəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətə almaq hüququ tərəflər arasında bağlanan müqavilədə müəyyən ediləcək.

Müxbir - Tərgül Babayeva
Fotoqraf - Aydın Məmmədov
Seçilən
33
azertag.az

1Mənbələr