- Əvvəla, xatırladım ki, təcrübələrim göstərir ki, ümumiyyətlə həyata keçirilən bir çox təhlillər üçün (peşəkar səviyyədə olunan və ya qlobal beyin mərkəzləri tərəfindən hazırlanan dərin təhlillərdən söhbət getmir) məsələlərə ümumi yanaşmalar, yarımçıq datalar, təhlil ardıcıllığının pozulması, müxtəlif prizmalardan yanaşmaların olmaması, ölçmə-analizlərin düzgün aparılmaması və/və ya nəticələrin çarpaz yoxlamalarının həyata keçirilməməsi, adverse scenario (əks senari) aparılmaması kimi səhvlər xarakterikdir;
- konkret olaraq, aşağıdakı yazıda haqqında danışılan təhlildə bəzi istiqamətlər üzrə ümumiləşdirilmiş yanaşmanın tətbiq olunduğu aşkardır;
- qeyd olunur ki, "Təhlilə görə, 2007-2019-cu illərdə kənd təsərrüfatı istehsalçılarına 2 mlrd. 58,7 mln. manat birbaşa subsidiya verilib. Yeni subsidiya mexanizminin tətbiq olunduğu 2020-2025-ci illərdə isə bu məbləğ illik 398,3-470 mln. manat aralığında dəyişib." Bu cümlə belə bir rəy yaradır ki, subsidiyalar 2020-2025-ci illərdə artıb, lakin nəticə yoxdur. Doğru deyil. Həmin təhlildə 2020-2025-ci illərdə kənd təsərrüfatı sahəsində dizel, gübrə, xidmət (şum, mala vurulması, suvarma, səpin və sair) haqları sahələrində inflyasiya dərəcələri nəzərə alınıb? Yəni subsidiyaların artımı ilə bu istiqamətlərin inflyasiya göstəriciləri arasındakı əlaqə və nisbət nə qədərdir? Subsidiya artımı ilə nəticələrin nisbətləri məsələlərinə növbəti bənddə toxunacam.
- "Sənəddə qeyd olunub ki, 2025-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 14 mlrd. 189,5 mln. manat təşkil edib. Bu dövrdə sahə üzrə ümumi artım cəmi 0,9%, bitkiçilikdə 1,5%, heyvandarlıqda isə 0,3% olub." Qeyd edim ki, heyvandarlıq ağrılı yerimizdir, başqa bir geniş mövzuda əks olunmağa ehtiyacı olduğu üçün toxunmuram. Subsidiyalara ümumiləşdirmə metodu ilə baxmaq olmaz. Çünki verilən subsidiyaların məhsul və məhsuldarlıqda geridönüş müddəti var. Yanaşmada hər hansı səhv yanlış nəticələr doğurar. Hamısını qeyd etmək uzun çəkər. Bir neçəsinə toxunaq:
Birincisi, 2025-ci ildə birillik bitkilər üçün verilən subsidiya nəticələrini ən tez 2026-cı ilin iyul ayının sonunda (arpa, buğda və sair) həmin məhsulların yığımından sonra görəcəyik. Deməli, 2025-ci ilin subsidiya həcmi ilə 2020-2025-ci illərin məhsul həcmini müqayisə etmək doğru deyil.
İkincisi, çoxillik bitkilər (bağçılıq) verilən subsidiyaların yalnız kiçik bir hissəsinin nəticələri 2-3 ilə meyvə verən portağal, narıngi, gilas bağlarında tam məhsuldarlığın bir hissəsində (yəni, hələ ilk illərin məhsulu tam həcm deyil) görə bilərik. Bir çox meyvələrdə isə (xurma, nar, badam və sair) bağlarda məhsul verimi 4-5 il sonraya təsadüf edir. Yüksək məhsuldarlıq isə 5-7-ci illərdən başlayır. Deməli, bitkiçilikdə 2023-2025-ci illərdə verilən subsidiyaların məhsuldarlığını hələ növbəti illərdə görünəcək. İnsaf və obyektivlik naminə deyim ki, bu sahədə kifayət qədər işlər görülüb və bu işlərin nəticələrini ölkə (bağçılığın genişləndiyi rayonlarda və kəndlərdə olanlar bu fikri təsdiq edərlər) ixrac həcminin gələcəkdə artımı ilə görəcək. Əlbəttə, hər şey mükəmməl deyil, görülməli işlər də çoxdur. Bitkiçilik həm də hər hektardan maksimum iqtisadi səmərə və ixrac deməkdir. Məsələn, xurma (şişburun, xirnik, korolyok) becərilməsi və ixracı ilə bağlı çoxlarının bilmədiyi maraqlı faktlar: illik xurma istehesalına görə Azərbaycan Çin, Cənubi Koreya, Yaponiyadan sonra dünyada 4-cü yeri tutur. Qlobal ixracın 85%-i isə 5 ölkənin payına düşür ki, bu ölkələr arasında 3-4-cü yerləri də Azərbaycan tutur.
Üçüncüsü, rayonlara daxil olan hər 1000 manat səmərəliliyi, sosial rifahın yaxşılaşması, dövriyyə, alıcılıq qabiliyyəti baxımından Bakı şəhərinə daxil olan təxminən 2500-3000 manata bərabərdir;
Dördüncüsü, verilən subsidiyaların kənd təsərrüfatında məşğulluğa verdiyi töhfə təhlildə hesablanıb? Bildiyimiz kimi, iqtisadi sahələrdən asılı olaraq bir iş yerinin yaranma maliyyəsi 9.000-150.000 manat arası dəyişir. (150.000 manat maksimum rəqəm deyil, bəzi hallarda bu rəqəm daha da artır).
Beşincisi, təkcə bitkiçilik deyil, həm bitki növləri, həm də təsərrüfatların böyüklüyü üzrə də təhlillər aparılıb? Mənim düşüncəmdə əslində tamamilə fərqli bir mexanizm var. Qeyd etdiyim təhlil aparılsa həmin mexanizmin (səmərəlilik və nəticəyönümlülük daha da artar) tətbiqinə nail olmaq mümkün olar.
Təhlillə bağlı rəy və düşüncələrimi əks etdirməyə çalışsam çox uzun bir yazı alınacaq. Daha üç məsələni qeyd edərək yekunlaşdırım.
- Buğda, arpa ilə bağlı məsələ dərin və ciddi təhlillər tələb edir. Bir də, 2017-ci ildə hazırladığım "Kənd təsərrüfatının iqtisadi idarəetmə konsepsiyası"nda bu sahənin inkişafında təkcə əkib-becərmə deyil, həm də idxal məsələlərinin təhlili və tənzimlənməsinin vacibliyini qeyd etmişdim.
- "Təhlildə dövlət dəstəyinin səmərəliliyinin artırılması üçün subsidiya mexanizminin nəticəyönümlü formada təkmilləşdirilməsi, iri təsərrüfatlarda əkin subsidiyasından məhsul subsidiyasına keçidin dəstəklənməsi, nəzarət və monitorinq sistemlərinin gücləndirilməsi təklif olunub." Bu cümlə hamının əzbərlədiyi və rahat şəkildə ifadə etdiyi əzbər cümləyə çevrilib. Birincisi, "subsidiya mexanizminin nəticəyönümlü formada təkmilləşdirilməsi" üçün dövlətin kənd təsərrüfatı məhsullarını alış və məhsuldarlığı qiymətləndirmə mexanizmi də olmalıdır. Çünki, kənd təsərrüfatı dövlət və ya iri tədarük məntəqələri tərəfindən alınan (buğda, şəkər çuğunduru, fındıq, barama) bir neçə növ məhsuldan ibarət deyil. Hazırki şəraitdə bu sahədə yarımçıq və tələsik hansısa nəzarət mexanizminin hazırlanması və tətbiqi isə insan amili, subyektivizmin genişlənməsi baxımından çox risklidir, sahənin hətta ciddi şəkildə geriləməsi, dövlətçilik və ərzaq təhlükəsizliyi üçün müəyyən gərginiliklər yarada bilər. Digər tərəfdən, məsələn, (xüsusilə pərakəndə) heyvandarlıqda əvəzsiz məhsul olan arpanın və ya bostan məhsullarının məhsuldarlığı hansı mexanizmlərlə ölçüləcək?
Bu səbəbdən təhlildə bunun təkcə iri təsərrüfatlarda tətbiqi qeyd olunur. Lakin, burada da insan amili riskini yumşaltmaq üçün fiziki nəzarət imkanları nə dərəcədədir?
- "Adverse scenario" (əks senari) tətbiq olunub? Yəni, bu gün subsidiya mexanizmi olmasaydı, kənd təsərrüfatında vəziyyət necə olacaqdı?
Qlobal iqtisadiyyatda ən həssas, müqəddəs, halal, güzəşt və subsidiyaların tətbiq olunduğu sahə kənd təsərrüfatıdır. Çünki, bu sahə risklidir, ağır zəhmət, səbr tələb edir. Nağd pul dövriyyəsi digər sahələrə (ticarət, xidmət, istehsal-emal) nisbətən çox aşağıdır. Bu sahə ərzaq təhlükəsizliyi deməkdir, sosial sabitlik və məşğulluğa birbaşa təsir edən sahədir. Bu sahə həm də qeyd olunan səbəblərdən çox həssasdır. Məsələn, bürokratik əngəlləri, mürəkkəb mexanizmləri sevmir və həmin sahədən çıxılması daha rahatdır. İnsanlar hər hansı kənar çətinlik, bürokratik əngəl və sair gördükdə həmin məhsulları əkmirlər və bu proses bir neçə il davam etdikdə kənd təsərrüfatı sahəsindən çıxırlar. Qlobal təcrübə də bunu göstərir.
Digər tərəfdən, kənd təsərrüfatını güclü edən amillərdən biri də onun çox yayılması və pərakəndəliyidir. Bu risklərin diversifikasiyası, məşğulluğun daha geniş arealda yayılması deməkdir.
Bu səbəblərdən bu sahə üzrə təhlillərdə o qədər həssas və diqqətli olmalıyıq ki, yanlış təhlil nəticələri yanlış qərarların qəbuluna və nəticədə bu həssas sahənin irəliləyişinə deyil, geriləməsinə səbəb olar! Bu sahədə ümumi yanaşmalar və yanlış rəylərin formalaşdırılması çox təhlükəlidir! Bu səbəbdən mən həmin təhlildə cəmi bir neçə istiqamət üzrə daha incə və həssas yanaşmaların, dərin təhlillərin, təhlillərdə istifadə olunan dataların güvənilirlik dərəcələrinə, məbləğlərlə bağlı təhlillərdə digər makroiqtisadi göstəricilərin də nəzərə alınaraq simbiozuna nail olunmasının vacibliyini qeyd etmək üçün bu yazını qələmə aldım.
Elman Sadıqov
İqtisadçı ekspert
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31