Bakı, 22 aprel, AZƏRTAC
Bu axşam hər iki komanda qələbə üçün mübarizə aparacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan Kubokunda “Sabah” və “Qarabağ” komandaları arasında keçiriləcək yarımfinalın ikinci cavab oyunu barədə danışarkən deyib.
Onun sözlərinə görə, çempionatla kubok oyunları həm yanaşma, həm də oyunların sayı baxımından bir-birindən fərqlənir: “Bu gün digər finalçı bəlli olacaq. Ötən gün “Zirə”nin “Turan Tovuz”la heç-heçə etməsinə baxmayaraq, ilk görüşdə əldə etdiyi üstünlük sayəsində finala vəsiqə qazanması növbəti finalçının müəyyənləşməsinə marağı daha da artırır. Fikrimcə, gərgin və maraqlı oyun izləyəcəyik. Bildiyimə görə, Masazırda keçiriləcək qarşılaşma üçün biletlərin böyük hissəsi satılıb. Bu isə azarkeş marağının yüksək olduğunu göstərir. Stadion dolu olanda komandaların motivasiyası daha da artır”.
“Sabah” və “Qarabağ” arasında gedən çempionluq mübarizəsindən də söz açan A.Mircavadov qeyd edib ki, dörd gün əvvəl Ağdam təmsilçisi üzərində qazanılan minimalhesablı qələbə Bakı klubunun şanslarını artırıb: “Ölkə çempionu olan klub əksər hallarda kubokun da sahibi olur. “Sabah” son aylarda sistemli və keyfiyyətli oyun nümayiş etdirir. Komandada irəliləyiş aydın hiss olunur, futbolçuların motivasiyası yüksəkdir. Bununla belə, “Qarabağ”ın da finala yüksəlmək şansı kifayət qədərdir. İlk yarımfinal oyununda tərəflər heç-heçə ediblər və bugünkü görüşdə hər iki komanda qələbə üçün mübarizə aparacaq. Belə rəqabətli qarşılaşmaların sayının artması Azərbaycan futbolunun inkişafı baxımından önəmlidir”.
Mütəxəssis final oyunu ilə bağlı proqnoz verməyin çətin olduğunu vurğulayıb: “Futbolda sürprizlər həmişə mümkündür. Tarixdə dəfələrlə aşağı liqa təmsilçilərinin finalda elit komandalara qalib gəldiyinin şahidi olmuşuq. Üstəlik, final bir görüşdən ibarət olacaq və bu da qarşılaşmanın məsuliyyətini daha da artırır”.
Qeyd edək ki, “Sabah” – “Qarabağ” cütünün qalibi finalda “Zirə” ilə qarşılaşacaq. “Qartallar” ilk oyunda 2:0 hesablı qələbə qazandığı “Turan Tovuz”la cavab görüşündə qolsuz heç-heçə edərək həlledici mərhələyə vəsiqə əldə edib.