AZ

Ekspert: Kibertəhlükəsizlik artıq təkcə texniki deyil, həm də milli təhlükəsizlik məsələsidir

Bakı, 22 aprel, AZƏRTAC

Dünyada kiberhücumlar artıq yalnız məlumat oğurluğu və ya sistemlərə müdaxilə ilə məhdudlaşmır, onlar maliyyə sabitliyinə, dövlət xidmətlərinə, kritik infrastrukturlara, eləcə də siyasi və hüquqi proseslərə qədər uzanır. Belə şəraitdə elektron sübutların operativ əldə olunması, qorunması və dövlətlər arasında hüquqi baxımdan etibarlı şəkildə mübadiləsi sadəcə hüquq-mühafizə məsələsi deyil, birbaşa milli təhlükəsizlik məsələsinə çevrilir.

Yeni beynəlxalq konvensiyaların əhəmiyyəti də məhz bu nöqtədə üzə çıxır. Lakin hüquqi sənədlərin öz-özlüyündə nəticə yaratmadığını vurğulayan ekspertin sözlərinə görə, onları işlək edən əsas amillər siyasi iradə, institusional koordinasiya və effektiv icra mexanizmidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Texniki Universitetinin (AzTU) Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli bildirib.

Rahid Ələkbərli Prezident İlham Əliyevin 11 fevral 2026-cı ildə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” müşavirəsini bu baxımdan xüsusi əhəmiyyətli hesab edib. Onun sözlərinə görə, dövlət başçısı həmin müşavirədə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatların ölkələrin gələcək inkişafını müəyyən etdiyini açıq şəkildə ifadə edib və bu istiqamətin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu bildirib.

Ekspertin fikrincə, rəqəmsallaşma genişləndikcə, süni intellekt həlləri dövlət idarəçiliyinə daxil olduqca və data mərkəzləri vahid arxitektura altında birləşdikcə, təhlükəsizlik məsələləri də daha yüksək və sistemli səviyyədə qurulmalıdır. “Prezidentin vurğuladığı kimi, nəqliyyat və energetika dəhlizlərinin gələcəkdə fiber-optik dəhlizlərə çevrilməsi rəqəmsal infrastrukturu fiziki infrastruktur qədər strateji kateqoriyaya yüksəldir. Həmin müşavirədə Prezident açıq şəkildə bildirdi ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar ölkələrin gələcək inkişafını müəyyən edir və bu məsələ Azərbaycanın gələcək fəaliyyətində əsas prioritetlər siyahısına daxil edilməlidir.

Daha da önəmlisi, müşavirədə dövlət qurumları arasında sıx koordinasiya, pərakəndəliyin aradan qaldırılması, tədbirlər planının hazırlanması, hər bir dövlət qurumunda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul rəhbər şəxslərin müəyyən edilməsi kimi tapşırıqlar verildi. Dövlət xidmətlərinin “mygov” üzərindən vahid mərkəzdə cəmləşdirilməsi, mövcud platforma və tətbiqlərin tədricən koordinasiya olunmuş modelə keçirilməsi, eləcə də kadr hazırlığının gücləndirilməsi bu yeni mərhələnin təsadüfi yox, idarə olunan keçid olduğunu göstərir. Kibertəhlükəsizlik artıq təkcə “firewall” (təhlükəsizlik divarı), antivirus və ya şəbəkə müdafiəsi dili ilə izah edilmir. Bu sahə artıq idarəçilik, audit, uyğunluq, koordinasiya, hüquqi prosedur, rəqəmsal forensika (rəqəmsal kriminalistika – red.) və strateji planlaşdırma dili ilə danışır”, - deyə institut direktoru bildirib.

Rahid Ələkbərli bildirib ki, müasir kiber risklərin əsas hissəsi texnologiyanın özündən deyil, idarəetmənin zəifliyindən qaynaqlanır. Riskin kimə aid olduğu bəlli olmayanda cavabdehlik də zəifləyir və nəticədə ən güclü texnoloji sistem belə müdafiəsiz qala bilir.

Ekspert vurğulayıb ki, Azərbaycan son illərdə kibertəhlükəsizlik idarəçiliyində özünəməxsus model formalaşdırır və tək qurumlu, dar texniki yanaşmadan daha çox kollaborativ idarəçilik modelinə keçir. Qurumlararası əlaqələndirmə, vahid prioritetlərin müəyyənləşdirilməsi və siyasi rəhbərlik səviyyəsində məsuliyyətin sərtləşdirilməsi bu modelin əsas xüsusiyyətləridir.

Rahid Ələkbərlinin fikrincə, yeni mərhələdə Azərbaycan yalnız kibercinayətlərlə mübarizə aparan dövlət kimi deyil, kibertəhlükəsizlik idarəçiliyini strateji səviyyədə quran dövlət kimi çıxış etməlidir. Bunun üçün elektron sübutların zəncirvari qorunması, beynəlxalq 24/7 əməkdaşlıq mexanizmləri, rəqəmsal forensika imkanları, kritik infrastrukturlar üzrə risk-əsaslı nəzarət və süni intellekt həllərində audit-uyğunluq mexanizmləri vahid sistem halına gətirilməlidir.

“Rəqəmsal dövrdə güc təkcə texnologiyaya sahib olmaqla ölçülmür. Əsas məsələ həmin texnologiyanı təhlükəsiz, məsuliyyətli və ağıllı şəkildə idarə etmək bacarığıdır”, – deyə ekspert əlavə edib.

Müxbir – Pərvanə Qafarova

Seçilən
22
1
azertag.az

2Mənbələr