ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Ötən il qlobal gündəlik neft tələbatı 2024-cü ilin göstəricisi ilə müqayisədə 0,65 milyon barel (mb/g) və ya 0,7% artıb.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (BEA) “Qlobal Enerji İcmalı 2026” sənədinə istinadən xəbər verir.
Sənədə əsasən, ötən il qeydə alınan yüksəliş 2024-cü ildə artıq zəif olan 0,75 mb/g artımla müqayisədə qlobal neft tələbatında azalmanın davam etməsini göstərir.
2025-ci ildəki artım 2010–2019-cu illərin illik orta göstəricisi olan 1,4 mb/g-dən xeyli aşağı olub ki, bu da neft bazarlarında struktur yavaşlamanı əks etdirir.

Qeyd etmək lazımdır ki, 2025-ci ildə neft istehlakı üzrə artımın demək olar ki, hamısını (600 kb/g) inkişaf etməkdə olan bazarlar və inkişaf etməkdə olan iqtisadiyyatlar təmin ediblər.
Ötən il qeydə alınan artım tempinin yavaşlaması əsasən neft-kimya xammalına tələbatın zəifləməsi ilə bağlı idi. Belə ki, plastmas istehsalının əsas xammalları olan nafta, mayeləşdirilmiş neft qazı (LPG) və etan üzrə tələbat 2025-ci ilin ikinci rübündə xüsusilə azalıb. Buna ticarət gərginliyinin beynəlxalq ticarətə mənfi təsir göstərməsi və ABŞ-dan Çin kimya zavodlarına əsas ixrac axınlarının pozulması səbəb olub.

Bununla yanaşı, 2025-ci ildə nəqliyyat yanacağına olan tələbatın artımı, ümumi neft məhsulları tələbatında ən böyük paya malik sahə olaraq, ümumilikdə sabit qalıb. Makroiqtisadi qeyri-müəyyənliyə baxmayaraq, əsas bazarlarda iqtisadi aktivlik nisbətən dayanıqlı olub və bu da mobillik tələbatını dəstəkləyib. Lakin bu sektorda ümumi neft istehlakının artımı yol nəqliyyatında elektrikləşmənin artması və bioyanacaq istifadəsinin yüksəlməsi səbəbindən zəiflədilib.

Neft tələbatını dəstəkləyən əlavə amil 2025-ci il ərzində qiymətlərin davamlı şəkildə azalması olmuşdur; bu azalma 2024-cü illə müqayisədə orta hesabla 15% təşkil etmişdir və bunun səbəbi təklifin sağlam şəkildə artması olub. Belə ki, ötən il təklif illik müqayisədə 3 mb/g artıb ki, bu da “OPEC+” (bazarı tarazlamaq məqsədilə OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft hasilatının azaldılması üzrə təşəbbüs) ölkələrində hasilatın əvvəlki ixtisarlardan sonra yenidən bərpa olunması və “OPEC+” xaricində isə, xüsusilə Amerikada, hasilat artımının davam etməsi ilə bağlıdır.

Yekun olaraq, tam qətiyyətlə deyil, lakin daha yüksək ehtimalla bu il qlobal neft tələbatının artım templərinin ötən illə təxminən eyni səviyyədə qalacağı, hətta bir qədər də aşağı ola biləcəyi proqnozlaşdırmaq olar. Buna, şübhəsiz ki, Yaxın Şərqdəki müharibə xidmət edəcək. Münaqişə bir sıra emal müəssisələrinin fəaliyyətinə mənfi təsir göstərib, Hörmüz boğazının bloklanması səbəbindən ətrafında logistika axınlarında gərginlik yaranıb və “qara qızıl”ın ənənəvi qlobal təchizat zəncirlərində pozuntulara gətirib çıxarıb. Nəticə etibarilə, baş verən proseslər fonunda qlobal neft bazarında qeyri-müəyyənlik artıb və tələbat artımının dinamikasında zəifləmə meyilləri güclənib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.