Aprelin 21-də Bakı metrosunda baş verən hadisə paytaxt sakinləri arasında həm narahatlığa, həm də ciddi müzakirələrə səbəb olub.
Milli Məclisin deputatı Razi Nurullayev Redaktor.az-a açıqlamasında bildirdi ki, heç bir ölkə və heç bir qurum texniki nasazlıqlardan və qəfil baş verən hadisələrdən tam sığortalanmayıb:
"Bu, istər nəqliyyat sistemlərində, istər enerji infrastrukturunda, istərsə də digər sahələrdə vaxtaşırı baş verə bilən risklərdir. Əsas məsələ hadisənin nəticələri və operativ reaksiyadır. Şükürlər olsun ki, baş verən insidentdə ciddi fəsadlar qeydə alınmayıb, sərnişinlərin həyatı üçün təhlükəli vəziyyət yaranmayıb. Bu, həm də operativ müdaxilənin və təhlükəsizlik mexanizmlərinin müəyyən səviyyədə işlədiyini göstərir".
Millət vəkili fərqli məlumatların verilməsi məsələsindən də danışdı:
"Məlumatlardakı fərqliliyə gəldikdə isə, bu kimi hallarda müxtəlif qurumların fərqli zamanlarda və fərqli mənbələrə əsaslanan məlumatlar verməsi mümkündür. Bu, bəzən ilkin məlumatla dəqiqləşdirilmiş məlumat arasında yaranan fərqdən qaynaqlanır. Amma istənilən halda, ictimaiyyətə təqdim olunan məlumatlar maksimum dərəcədə dəqiq və uzlaşdırılmış olmalıdır ki, çaşqınlıq yaranmasın.
Hesab edirəm ki, bu hadisə aidiyyəti qurumlar üçün həm texniki baxımdan əlavə yoxlamaların aparılması, həm də informasiya koordinasiyasının daha da gücləndirilməsi baxımından bir siqnal olmalıdır. Əsas olan isə odur ki, insanlar salamatdır və vəziyyət nəzarət altına alınıb".
Aytəkin TOFİQQIZI