"Hesablama Palatası 2025-ci ildə dövlət qurumlarında apardığı maliyyə auditinin nəticələrini elan edib. Əlbəttə, nəticələrdən görsənir ki, bütövlükdə keçirilən auditlərin 75 faizində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Eyni zamanda təbii ki, buna paralel olaraq dövlət satınalmaları ilə bağlı da pozuntular qeydə alınıb".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirdi.
Onun sözlərinə görə, xüsusən də rəqabətli tenderlərdə təklif olunan qiymətlə müqavilə qiyməti arasındakı fərq 20 faizdən çox olub.
"Bütün bunlar nəzarətin və maliyyə intizamının daha da gücləndirilməsini prioritet məsələyə çevirir. Təklifimiz bütövlükdə dövlət satınalmalarında, xüsusilə tenderlərdə qərarların qəbulu zamanı süni intellektdən daha geniş istifadə olunmasından ibarətdir. İl ərzində təxminən 10 milyard manata yaxın dövlət vəsaitinin istər bir mənbədən satınalma, istərsə də rəqabətli tenderlər vasitəsilə dövriyyəyə daxil olduğunu nəzərə alsaq, bu sahədə süni intellektin tətbiqi olduqca vacibdir. Müasir texnologiyaların prosesə cəlb edilməsi praktiki baxımdan şəffaflığın artmasına, qanunvericiliyin pozulması hallarının minimuma enməsinə, eləcə də dövlət vəsaitlərinin təyinatından yayındırılmasının qarşısının alınmasına birbaşa xidmət edə bilər", - deyə millət vəkili vurğuladı.
Xədicə BAXIŞLI