AZ

“Özəl kredit” sistemi: banklara real alternativ gəlir? - İQTİSADÇI AÇIQLADI

Qlobal maliyyə bazarlarında sürətlə böyüyən özəl kredit modeli ənənəvi bank kreditlərinə alternativ kimi getdikcə daha çox diqqət çəkir. Bank vasitəçiliyini aradan qaldıran bu yanaşmanın həm investorlar, həm də şirkətlər üçün yeni imkanlar yaratdığı bildirilir. Bəs özəl kredit ənənəvi bank kreditlərindən hansı üstünlükləri ilə fərqlənir və bu model Azərbaycanda tətbiq oluna bilərmi? Bu "özəl kredit" dediyimiz sistem adi bank kreditindən sadə dildə desək nə ilə fərqlənir? İnsanlar banka yox, birbaşa şirkətə borc versə, pullarının batma riski nə qədərdir?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, vətəndaş hazırda bank dediyimiz anlayışdan istifadə edir:

“Vətəndaş banka vəsait yatırır, bank isə həmin vəsaiti müxtəlif kreditlər formasında digər şəxslərə verir. Yəni bank bu prosesdə vasitəçi rolunu oynayır.

Ancaq özəl kreditlərdə fərqli bir şərait yaradılır. Burada birbaşa şirkətlərə, fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi imkanı olur. Praktikada belə modellər mövcuddur.

Azərbaycanda da buna oxşar nümunələr var. Məsələn, lizinq şirkətləri, investisiya fondları fəaliyyət göstərir. Bu modellər tam eyni olmasa da, oxşar elementlər daşıyır.

Hazırda ölkəmizdə qanunvericilik əsasən bank modelinə uyğun qurulub. Eyni zamanda bazarda yeni bir tendensiya da var – bank olmayan kredit təşkilatları. Bu təşkilatlar müəyyən mənada özəl kredit fondlarına bənzəsə də, aralarında fərqlər mövcuddur.

Banklar nə edir? Məsələn, müştəridən qəbul etdiyi vəsaiti digər şəxslərə kredit kimi yönləndirir. Eyni qaydada investorlar da yatırdıqları vəsaiti dövriyyəyə buraxırlar.

Özəl modellərdə isə vəsaitin istiqamətləndirilməsi daha çevik ola bilər. Bunun həm müsbət, həm də mənfi tərəfləri var.

Müsbət tərəflər ondan ibarətdir ki, kredit faizləri nisbətən aşağı düşə bilər, bazarda rəqabət artar və kredit prosedurları daha sürətli olar. Həmçinin bəzi hallarda bank komissiyaları və əlavə xərclər azalır.

Ancaq risklər də mövcuddur. Belə ki, banklar ciddi şəkildə tənzimləndiyi üçün risklərin idarə olunması daha effektiv həyata keçirilir. Məsələn, kreditlərin geri qaytarılmaması və vəsaitlərin sığortalanması kimi məsələlər nəzarət altındadır.

Özəl kredit təşkilatlarında isə qanunvericilik və nəzarət mexanizmləri daha zəif olduğu üçün risklər daha yüksək ola bilər.

Bununla belə, belə bir sistemin tətbiqi bazarda rəqabəti artıra və bank faizlərinin aşağı düşməsinə səbəb ola bilər.

Qeyd edim ki, bu model tam şəkildə tətbiq olunmasa da, Azərbaycanda artıq oxşar mexanizmlər mövcuddur. Lizinq təşkilatları, müxtəlif kredit qurumları və investorlar bu istiqamətdə fəaliyyət göstərir.

Məsələn, praktiki vəziyyətə baxsaq, bəzi müştərilər bank olmayan kredit təşkilatlarından daha yüksək faizlə kredit götürməyə razı olurlar. Bunun səbəbi isə kredit tarixçəsi ilə bağlı daha az tələb qoyulması və prosedurların daha sadə olmasıdır.

Bütün bunları nəzərə alsaq, bu modelin tətbiqi Azərbaycanda müəyyən dərəcədə rəqabət yarada bilər”.

Müəllif: Arzu Qurbanlı
Seçilən
24
1
sia.az

2Mənbələr