AZ

Azərbaycanda da “uşaq SİM kart”ı olacaq? AÇIQLAMA

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Türkiyədə məktəblərə edilən son hücumlardan sonra uşaqların rəqəmsal mühitdə qorunması məqsədilə yeni tənzimləmələr müzakirə olunur. Məlumata görə, 18 yaşdan aşağı istifadəçilər üçün xüsusi “uşaq xətti” adlı SİM kart sisteminin tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi, yaşa uyğun olmayan tətbiqlərə girişin məhdudlaşdırılması, VPN xidmətlərinin lisenziyalaşdırılması və bir şəxsin adına qeydiyyatdan keçirilən mobil nömrələrin sayına limit qoyulması nəzərdə tutulur. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan İKT Mərkəzinin direktoru Fərid Kazımovun sözlərinə görə, Azərbaycanda bir müddət əvvəl uşaqların təhsili və internetin uşaqlara təsiri ilə bağlı müəyyən vacib qərar verilib və bu istiqamətdə işlər görülməkdədir:

“Yəqin ki, biz yaxın zamanda bunun ilkin nəticələrini görəcəyik. Bu məsələ yalnız Türkiyə ilə bağlı deyil, qlobal xarakter daşıyır. Avropada da uşaqların sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlərin gücləndirilməsi istiqamətində addımlar atılır, müxtəlif ölkələrdə bu proses artıq davam edir. Bunun səbəbi odur ki, bu gün internetdə fəaliyyətimiz, axtarışlarımız və məlumat əldə etməyimiz əsasən sosial şəbəkələr üzərindən həyata keçirilir. Ənənəvi saytlar və xəbər mənbələrinə müraciət isə xeyli azalıb. Demək olar ki, bütün məlumat və kontent sosial şəbəkələr vasitəsilə yayılır. Bu isə müxtəlif istifadəçilərin təqdim etdiyi məzmundan asılı olaraq uşaqlara təsirin artmasına səbəb ola bilər. “Kontent” dedikdə məhz bu məzmun nəzərdə tutulur. Məzmunun xarakterindən asılı olaraq bu təsirin müsbət və ya mənfi olması mümkündür. Buna görə də bir çox ölkələrdə uşaqlar üçün yaş məhdudiyyətlərinin tətbiqi və nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində işlər aparılır.”

Müsahibimiz “uşaq SİM kart” məsələsindən də bəhs etdi:

"Böyük Britaniyada müəyyən resurslar, xüsusilə sosial şəbəkələr və digər platformalar üçün yaş məhdudiyyəti mövcuddur. Məsələn, SİM kartdan və ya nömrədən həmin resursa daxil olduqda sistem, mobil operatorun sistemi identifikasiya tələb edir. Bu identifikasiya iki formada ola bilər: şəxsiyyət vəsiqəsinin təqdim olunması və ya üz tanıma (face) sistemi. Məsələn, bizdə SİMA sistemi var. Onun üzərindən də bu identifikasiya aparıla bilər. Böyük Britaniyada selfi və ya video vasitəsilə sistem yoxlayır və müəyyən edir ki, istifadəçi yaş məhdudiyyətinə uyğundur, bundan sonra girişə icazə verilir. Bu məsələni asanlaşdırmaq üçün Türkiyədə olduğu kimi “uşaq SİM kartı” modeli tətbiq oluna bilər. Hazırkı qanunvericiliyə görə SIM kart almaq üçün şəxsiyyət vəsiqəsi tələb olunur və valideynlər uşaqlar üçün SİM kartı öz adlarına alıb onlara verirlər. Uşaqlar isə həmin kartlardan istifadə edirlər. Əgər uşaq SİM kart sisteminə keçid olsa, hazırda istifadə olunan minlərlə nömrənin vəziyyəti məsələsi ortaya çıxacaq. Bu baxımdan ən optimal həll identifikasiya sistemidir. Bu, şəxsiyyət vəsiqəsi, FİN kodu və ya SİMA üzərindən həyata keçirilə bilər. Valideynlərin öz adlarına bir neçə nömrə alıb uşaqlara verməsinin qarşısını almaq üçün də limit tətbiq oluna bilər. Məsələn, bir valideynin adına maksimum say məhdudlaşdırıla bilər. Beləliklə, sistem daha real və praktik nəzarət mexanizminə çevrilə bilər. Çünki internet çox güclü təsir vasitəsidir və indiki gənclər, yəni rəqəmsal nəslin uşaqları tamamilə rəqəmsal mühitdə formalaşır. Bu baxımdan nəzarətin gücləndirilməsi və uşaqlar üçün zərərli kontentin təsirinin azaldılması vacibdir".

Fərid Kazımov problemin minlərlə uşağın valideynlərinin SİM kartlarından istifadə etməyində görür: 

"Bunun qarşısını almaq üçün ya yeni sistem tətbiq olunmalı, ya da mövcud nömrələr uşaq SİM kart sisteminə uyğunlaşdırılmalıdır. İkinci variant isə ondan ibarətdir ki, nömrə istifadəçisi özünü üz tanıma və ya şəxsiyyət vəsiqəsi ilə identifikasiya etməlidir. Beləliklə, faktiki istifadəçi müəyyən olunur və kimliyin dəqiq təsdiqi aparılır. Böyük Britaniya təcrübəsində də bu yanaşma tətbiq olunur. Orada müəyyən resurslara giriş zamanı yaş yoxlanışı ya üz tanıma, ya da şəxsiyyət sənədi vasitəsilə həyata keçirilir və yalnız uyğun yaş təsdiqləndikdən sonra girişə icazə verilir".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
48
redaktor.az

10Mənbələr