AZ

Partnyorunuzla yalnız həyatınızı deyil, mikrobları da paylaşırsınız

Kanadalı elm adamlarının apardığı yeni araşdırma, eyni evdə yaşayan cütlüklərin dəri üzərindəki mikrob ekosistemlərinin (mikrobiom) bir-birinə əhəmiyyətli dərəcədə bənzədiyini üzə çıxarıb.

 

Pravda.az bildirir ki, araşdırmaya görə, bir yerdə yaşamaq bədənimizdəki mikrobların profilini formalaşdıran ən vacib amillərdən biridir.

 

Vaterlo Universitetinin tədqiqatçıları cütlüklərin bədəninin müxtəlif nahiyələrindən götürdükləri nümunələri analiz ediblər. Cütlüklər arasında mikrobların ən çox bənzədiyi nahiyə ayaqlar olaraq müəyyən edilib. Bu, eyni döşəmə üzərində gəzmək və duş kimi ortaq məkanlardan istifadə ilə izah olunur. Araşdırma həmçinin göstərib ki, qadınların mikrob müxtəlifliyi kişilərə nisbətən daha zəngindir.

 

Alimlər bildirirlər ki, partnyorumuzla bölüşdüyümüz mühit bədənimizin "bioloji imzasını" dəyişir. Bu tapıntılar gələcəkdə yoluxucu xəstəliklərin yayılma yollarını və dərinin immun sistemini daha yaxşı anlamağa kömək edəcək.

 

Qeyd: Hər nə qədər "mikrob paylaşmaq" qulağa xoş gəlməsə də, bu mikroorganizmlərin böyük əksəriyyəti dərinin sağlamlığını qoruyan faydalı bakteriyalardır.

 

Əminə Bayramova

Tarix: 22 Aprel 2026, 16:54   
Seçilən
77
pravda.az

1Mənbələr