AZ

Sahibkar: Vətəndaşlara dövlət tərəfindən təqdim olunan layihələrdən aktiv yararlanmağı tövsiyə edirəm

Bakı, 22 aprel, AZƏRTAC

Nigar Abbasova 27 ildir gözəllik salonu işlədir. O, kiçik biznesə sahib olsa da, dövlət tərəfindən yaradılan yeni imkanlar fəaliyyətini genişləndirməyə şərait yaradıb.

Bu barədə AZƏRTAC-a məlumat verən Nigar Abbasova qeyd edib ki, bu məqsədlə DOST Mərkəzinə müraciət edib və Dövlət Məşğulluq Agentliyindən lazımi dəstək alıb. Agentlik tərəfindən ona 1 il müddətində gözəllik salonu üçün lazım olan avadanlıqlar təqdim edilib. Bu dəstək nəticəsində o, fəaliyyətini genişləndirərək daha müasir və tam təchiz olunmuş salon yaradıb.

Sahibkar əlavə edib ki, sonradan yenidən həvəsləndirmə proqramına və birgə maliyyələşmə təşəbbüsünə də qoşulub. Eyni zamanda, peşə kursları təşkil edərək 5 tələbə yetişdirib. Onlardan biri artıq bu sahədə işlə təmin olunub. Nigar Abbasova gələcəkdə birgə maliyyələşmə çərçivəsində əlavə işçi qüvvəsi cəlb etməyi planlaşdırdığını bildirib.

O, vətəndaşlara müraciət edərək dövlət tərəfindən təqdim olunan bu cür layihələrdən aktiv şəkildə yararlanmağı tövsiyə edib.

Sahibkar vurğulayıb ki, təqdim olunan imkanlardan səmərəli istifadə etmək və təşəbbüskar olmaq uğurun əsas şərtlərindəndir.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 72 min 600 gənci münasib işlə təmin edib. Özünüməşğulluq proqramı gənclərin kiçik sahibkarlığa çıxışında mühüm rola malikdir. Son 1 ildə həmin proqram çərçivəsində daha 2500 gəncə aktivlər verilməklə onlar üçün müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə kiçik bizneslər qurulub. 9500-dək gənc isə agentliyin peşə hazırlığı kurslarına cəlb edilərək, müasir əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnib.

Müxbir - Günel Türksoy

Seçilən
98
1
azertag.az

1Mənbələr