AZ

Latviya Prezidentinin Azərbaycana səfəri Avropa ilə strateji və iqtisadi tərəfdaşlığın dərinləşməsinə yeni imkanlar açır – ŞƏRH

Bakı, 22 aprel, AZƏRTAC

Latviyanın Prezidenti Edgars Rinkeviçsin Azərbaycana rəsmi səfəri, keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycan–Avropa münasibətlərinin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyur.

Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov AZƏRTAC-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, son illər Azərbaycan ilə Avropa ölkələri arasında münasibətlər yalnız siyasi dialoq müstəvisində deyil, həm də iqtisadi əməkdaşlıq sahəsində sürətlə inkişaf edir.

“Bu baxımdan Latviya prezidentinin səfəri iqtisadi əlaqələrin genişləndirilməsi, yeni investisiya imkanlarının araşdırılması və qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış etməklə yanaşı, eyni zamanda, qeyri-neft sektorunun inkişafına yönəlmiş islahatlar hesabına iqtisadiyyatını şaxələndirməkdədir. Bu istiqamətdə Avropa ölkələri, o cümlədən Latviya ilə əməkdaşlıq yeni texnologiyaların tətbiqi, innovativ istehsal sahələrinin yaradılması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından mühüm rol oynaya bilər. Səfər çərçivəsində xüsusilə logistika və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Azərbaycanın əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə töhfə verir. Latviya limanlarının imkanları ilə Azərbaycanın tranzit potensialının uzlaşdırılması yeni iqtisadi sinerji yarada və regionlararası ticarətin həcmini artırmağa xidmət edə bilər”, - deyə Milli Məclisin deputatı qeyd edib.

A.Hüseynov əlavə edib ki, qarşılıqlı investisiya mühitinin yaxşılaşdırılması, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və birgə müəssisələrin yaradılması istiqamətində atılacaq addımlar iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə səbəb olacaq. Latviya şirkətlərinin Azərbaycanın sənaye parklarında və azad iqtisadi zonalarında fəaliyyəti üçün geniş imkanlar mövcuddur. Eyni zamanda, Azərbaycan sərmayədarları üçün də Latviyada müxtəlif sahələrdə investisiya yatırımı baxımından əlverişli şərait mövcuddur.

Deputat bildirib ki, rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində əməkdaşlıq da xüsusi önəm kəsb edir. Avropa ölkələrinin qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqi, startap ekosisteminin inkişafı və yüksək texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi iqtisadi artıma əlavə təkan verə bilər. Bu, həm də yeni iş yerlərinin yaradılması və insan kapitalının inkişafı baxımından əhəmiyyətlidir.

A.Hüseynov vurğulayıb ki, kənd təsərrüfatı, turizm və xidmət sektorlarında da əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Azərbaycanın aqrar sektorunun modernləşdirilməsi, məhsulların Avropa bazarlarına çıxış imkanlarının artırılması və turizm sahəsində qarşılıqlı turist axınının təşviqi iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

Deputat qeyd edib ki, Azərbaycan balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursu həyata keçirərək həm regionda, həm də beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi çıxış edir. Bu siyasət nəticəsində ölkəmiz Avropa ilə münasibətlərini qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirir və iqtisadi tərəfdaşlığın coğrafiyasını davamlı şəkildə genişləndirir.

A.Hüseynov vurğulayıb ki, Latviya Prezidentinin Azərbaycana səfəri və aparılan yüksək səviyyəli müzakirələr təkcə siyasi münasibətlərin deyil, həm də iqtisadi əməkdaşlığın daha da genişlənəcəyini, yeni investisiya layihələrinin həyata keçiriləcəyini və qarşılıqlı faydalı tərəfdaşlığın uzunmüddətli perspektivdə daha da möhkəmlənəcəyini deməyə əsas verir.

Müxbir-Vüqar Qurbanoğlu

Seçilən
96
50
azertag.az

10Mənbələr