AZ

Avropanın “normativ güc”ü…

Aprelin 16-da Belçika və Niderland parlamentlərinin qəbul etdiyi sənədlər - zahirən "insan hüquqları", "regional sabitlik", "sülh təşviqi" kimi bəzədilmiş, mahiyyət etibarilə Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş siyasi manipulyasiya aktıdır. İki ölkənin bir məqsədə xidmət edən sənədləri regionda formalaşmaqda olan yeni sülh arxitekturuna da təhdid çabasıdır.

Bu sənədlər, nə beynəlxalq hüququn ruhuna uyğundur, nə də Avropanın özünün tez-tez vurğuladığı "normativ güc" iddiasına... Tam tərsinə, bu addımlar siyasi qərəzin, haqsız tərəftutmanın və açıq-aşkar "geosiyasi sifariş"in məhsulu kimi çıxış edir.

Çağdaş beynəlxalq münasibətlər sisteminin təməl sütunlarından biri dövlətlərin suverenliyidir. Bu prinsip Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində qəbul edilmiş normalarla, prinsiplərlə qorunur və BMT Nizamnaməsi ilə təsbit olunub.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri içində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etməsi hüquq baxımından qətiyyən mübahisə predmeti ola bilməz. Buna baxmayaraq, Belçika və Niderland parlamentlərinin qəbul etdiyi sənədlər faktlara deyil, uydurma "qiymətləndirmə"lərə əsaslanır. Bax, bu, açıq siyasi spekulyasiyadır və artıq hüquqi mövqe sayıla bilməz.

Təzad ondadır ki, Ermənistanın öz siyasi rəhbərliyi - Nikol Paşinyan hökuməti - regionda yeni gerçəklikləri qəbul etdiyini və Azərbaycanla münasibətlərdə yeni mərhələnin başlandığını açıq şəkildə bildirdiyi bir vaxtda, bəzi Avropa parlamentləri hələ də köhnə narrativlərdən yapışmağa çalışır.

Bir tərəfdə Paşinyan hökumətinin gerçəkliyi qəbul edən mövqeyi, digər tərəfdə isə Avropanın bəzi siyasi dairələrinin həmin gerçəkliyi inkar edən qərarları - bu, siyasi uyğunsuzluqdan ötə, strateji məsuliyyətsizlikdir! Bu, anti-Azərbaycan qərəzinin bir növ institusionallaşmasıdır.

Qəbul edilən sənədləri təsadüfi saymırıq, əlbəttə. Əlbəttə, sadəlöhv deyilik. Bu, uzun illər boyu müəyyən Avropa institutlarında formalaşmış anti-Azərbaycan yanaşmanın növbəti təzahürüdür.

Həmin qərəz faktların ikili standartla təqdimatı, erməni diaspor təsirinin qeyri-proporsional rolu, geosiyasi gerçəkliklərin bilərəkdən təhrifi kimi elementlər üzərində qurulub. Belə bir yanaşma nə obyektivdir, nə də Avropa parlamentarizminin iddia etdiyi "dəyərlər sistemi" ilə uzlaşır.

Azərbaycan və Ermənistan arasında davam edən normallaşma prosesi - haqlı olaraq - region üçün tarixi fürsət sayılır. Bu proses sərhədlərin delimitasiyası, kommunikasiya xətlərinin açılması, qarşılıqlı güvənin formalaşması kimi önəmli mərhələləri əhatə edir. Lakin Belçika və Niderland parlamentlərinin qəbul etdiyi sənədlər prosesi dəstəkləmək əvəzinə, onu şübhə altına alır və ziyankarlıq edir. Ən yumşaq diplomatik dillə desək, bu, destruktiv müdaxilədir.

İkili standartlar zatən Avropanın ən zəif nöqtəsidir. Avropa siyasi institutlarının ən böyük problemi onların öz elan etdikləri prinsiplərə selektiv - tərəftutan yanaşmalarıdır.

Eyni məsələdə fərqli ölkələrə fərqli meyarların tətbiqi artıq klassik "ikili standart" örnəyidir. Bu isə beynəlxalq hüququn nüfuzunu zədələyir, Avropanın hərbi və ya iqtisadi təzyiqdən daha çox
dəyərlər, qaydalar, hüquq prinsipləri vasitəsilə təsir göstərmə qabiliyyəti iddiasını zəiflədir, qlobal miqyasda güvən böhranı yaradır.

Belçika və Niderland parlamentlərinin sözügedən addımı nə humanitar təşəbbüsdür, nə də hüquq mövqeyi. Bu, açıq şəkildə region gerçəkliklərini gözardı edən, beynəlxalq hüquqa zidd, sülh prosesinə zərər verən strateji yanlışlıqdır.

Azərbaycan isə öz mövqeyində qəti və prinsipialdır: suverenlik - beynəlxalq hüququn tanıdığı reallıqdır və müzakirə mövzusu olmayacaq!

Avropanın bəzi siyasi dairələri yeni gerçəklikləri anlamalıdır və Güney Qafqazın artıq keçmişin geosiyasi laboratoriyası olmadığını qəbullanmalıdır. Region yeni mərhələyə qədəm qoyub - və bu mərhələdə manipulyativ sənədlərdən daha çox, gerçək dialoq əlverişlidir.

Əks halda, "sənədlər" yazıla bilər, lakin bu, qətiyyən tarixin onları qəbul etməsi anlamına gəlməz...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr