AZ

“Maliyyə icarəsi haqqında” qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Azər Əmiraslanov gündəliyə 4 məsələnin daxil edildiyini, ilk iki məsələnin isə bir-biri ilə bağlı olduğunu bildirib.

Gündəliyin birinci məsələsi olan “Maliyyə icarəsi haqqında” qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərkən Azər Əmiraslanov sənədin aktuallığını vurğulayıb, onun iqtisadi inkişaf və sahibkarlar üçün maliyyələşmə mexanizmlərinin genişləndirilməsi baxımından əhəmiyyətindən danışıb. Komitə sədri diqqətə çatdırıb ki, gündəliyin ikinci məsələsi olan Mülki Məcəllədə, Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Taxıl haqqında” , “Beynəlxalq xüsusi hüquq haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Çayçılıq haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Pambıqçılıq haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Elm haqqında”, “Kredit büroları haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsindən irəli gələrək hazırlanıb.

İclasda “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsi barədə ətraflı məlumatı Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Toğrul Əliyev təqdim edib. O, slaydlarla müşayiət olunan təqdimatında yeni qanun layihəsinin hazırlanması zərurətindən, əsas götürülmüş qabaqcıl beynəlxalq təcrübələrdən bəhs edib. Onun sözlərinə görə, maliyyə icarəsi (lizinq) ilə bağlı hazırkı vəziyyət və qanunvericilik bazası müasir iqtisadi münasibətlərə və bazarın inkişaf tələblərinə cavab vermir. Yeni layihə isə maliyyə icarəsi fəaliyyətinin daha çevik və şəffaf qaydalar əsasında təşkilinə imkan yaradacaq.

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda baxılmaq üçün tövsiyə olunub.

Növbəti məsələni - Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə təqdim edərkən komitə sədri bildirib ki, sənəddə minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin övladlarına ödənişli əsaslarla təhsil aldıqları müddətdə (əlavə təhsil istisna olmaqla) təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi və onların ailə üzvlərinə vergi güzəştinin tətbiqi nəzərdə tutulur.

Gündəliyin sonuncu məsələsi olan “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilatı və maliyyə məsələləri barədə əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi isə ölkəmizin sözügedən beynəlxalq tədbirə ev sahibliyinin təminatı məsələlərini tənzimləyir.

İclasda bu qanun layihələri də Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Müxbir - Tərgül Babayeva

Fotoqraf - Aydın Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
94
2
azertag.az

3Mənbələr