Hesablama Palatası tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində keçirilən audit zamanı dövlət əmlakının israfı və layihə icrasında bir sıra qəribə pozuntular üzə çıxıb.
Publika.az xəbər verir ki, bu faktlar "Dövlət auditi" bülletenində əksini tapıb.
Auditin ən diqqətçəkən nəticələrindən biri keçmiş QHT Şurasının tabeliyində olan və 2021-ci ildə ləğv edilən “QHT Nəşriyyatı” MMC-yə aid əmlakın taleyidir. Belə ki, ilkin balans dəyəri 975,7 min manat olan 13 adda əsas vəsait hal-hazıradək aidiyyəti üzrə təhvil-təslim edilməyib, açıq havada saxlanılaraq tamamilə yararsız hala düşüb. Bununla belə, mühasibat uçotunda qeydiyyatda faktiki mövcudluğu təsdiqlənən bəzi materiallar isə sadəcə akt tərtib edilərək silinib.