AZ

Dünyanın ən böyük aysberqi yox olur  

Antarktidanın simvoluna çevrilmiş, planetin ən böyük buz kütləsi sayılan “A23a” artıq tarixə qovuşur. Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri 40 ildir müşahidə etdikləri bu buz dağının parçalanma prosesinin son mərhələsinə qədəm qoyduğunu bildirirlər.

1986-cı ildə Filxner-Ronne buz şelfindən qopanda bu nəhəngin sahəsi 4170 kvadratkilometr idi. Lakin Cənub okeanının suları və küləkləri öz işini görüb, buzlaq indiyədək ilkin sahəsinin 99 faizini itirib. Cəmi bir neçə ay əvvəl 1300 kvadratkilometr olan sahəsi hazırda 50 kvadratkilometrə qədər geriləyib.

“A23a” 30 ildən çox müddət ərzində Ueddell dənizində dibə toxunaraq hərəkətsiz qalmışdı. Yalnız 2023-cü ilin sonunda açıq okeana çıxaraq "səyahətə" başlayan aysberq, 2025-ci ilin əvvəlində Cənubi Corciya adası yaxınlığında sürətlə əriməyə və kiçik hissələrə bölünməyə başlayıb. Buzlaq indi artıq vahid bir buz kütləsi deyil, okean sularında dreyf edən pərakəndə fraqmentlər toplusudur.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
74
azerbaijan-news.az

1Mənbələr