AZ

Bir körpə səsi, bir insanlıq imtahanı: O avtobusda nələr oldu?

ain.az, Bizimyol saytına istinadən bildirir.

Bu gün sosial şəbəkələrdə sürətlə yayılan bir video hər kəsin vicdanını sızlatdı. Hadisə adi bir şəhər avtobusunda baş verir: qucağında körpəsi olan bir ana və yorulmadan ağlayan bir uşaq. Və bir də həmin anaya, o körpəyə dözə bilməyən, aqressiyasını cilovlaya bilməyən başqa bir qadın. Videoda uşaqlı anaya "uşağın ağlayır, hamını narahat edirsən, düş aşağı!" deyə təzyiq göstərən qadının səsi hələ də qulaqlarımızda cingildəyir. Digər sərnişinlərin həmin anaya sahib çıxması, "ayıbdır, uşaqdır da!" deyərək qadına etiraz etməsi bəlkə də o avtobusdakı yeganə işıq ucu idi.

Bu mənzərəni izləyərkən insanın ağlına gələn ilk sual bu olur ki, bir qadın, bir ana olan şəxs, başqa bir anaya qarşı necə bu qədər amansız ola bilər? Axı biz qadınlar bu yollardan keçmişik. O uşaq səsinin arxasındakı çarəsizliyi, ananın o an keçirdiyi narahatlığı, "uşağım kimsəni narahat etməsin" deyə çırpınan ürəyini ən yaxşı biz anlamalıydıq. Bir qadının digər qadına "düş avtobusdan" deməsi, əslində insanlığın ən vacib dayanacağında aşağı enmək deməkdir.

Müasir dövrdə hamımız stresliyik, hamımız harasa tələsirik. Amma heç bir iş qrafiki, heç bir yorğunluq bir körpənin ağlamasından daha vacib ola bilməz. Uşaq ağlaması bir səs kirliliyi deyil, bir ehtiyacın səsidir. O uşaq bəlkə acdır, bəlkə sancısı var, bəlkə də o basırıq avtobusun havasızlığından qorxub. Bir ananı uşağı ağladığı üçün ictimai nəqliyyatdan qovmağa çalışmaq, əslində cəmiyyətin gələcəyinə qapını bağlamaqdır.

Ən ağrılı məqam isə budur ki, biz "ana şəfqəti" deyə bir məfhumla böyümüşük. Bir ana başqa bir uşağın səsinə niyə bu qədər allergik reaksiya verir? Axı o körpə sabahın əsgəri, gələcəyin qurucusudur. Əgər biz bir avtobusda 10 dəqiqə uşaq səsinə dözə bilmiriksə, hansı böyük dəyərlərdən danışa bilərik? O videoda ananı müdafiə edən sərnişinlər əslində bizim hələ də ölməmiş vicdanımızın səsi idilər. Onlar sübut etdilər ki, bu cəmiyyət hələ də mərhəməti aqressiyadan üstün tutur.

Bu hadisə bizə bir dərs olmalıdır. Bir-birimizə qarşı bu qədər qəddarlaşmayaq. Unutmayaq ki, bu gün o avtobusda sıxılan, qovulan, təhqir olunan o ana, sabah bizim bacımız, qızımız və ya gəlinimiz ola bilərdi.

Gəlin, körpə səsinə hirslənmək yerinə, o anaya "bir köməyə ehtiyacın varmı?" deyə biləcək qədər böyük ürəkli olaq. Çünki dünyanı qəddarlıq deyil, məhz o kiçik toxunuşlar və anlayış xilas edəcək. Bir ana digər ananın göz yaşına deyil, yükünə ortaq olmalıdır.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
91
bizimyol.info

1Mənbələr