Yaxud sülh ritorikası Avropa – ABŞ – Rusiya rəqabət oxuna qarşı
Ermənistanda tez-tez ölkəyə hibrid hücumlardan danışılır. Bu barədə söz açan baş nazir Nikol Paşinyanın hakim komanda üzvləridir. Onlar daha çox daxili siyasi proseslərə xaricdən müdaxilələri nəzərdə tuturlar. Amma durum yalnız bununla məhdudlaşmır. Çünki Ermənistana hibrid hücumların Azərbaycanla bağlılıq dərəcəsi var. Yazımız bu barədə olacaq, həmçinin bir sıra əlaqəli məqamları diqqətə çatdıracağıq.
Baş nazir Paşinyan və tərəfdarları, demək olar, bütün yerli və beynəlxalq platformalarda Cənubi Qafqazda barış mühitinin yarandığını vurğulayır, bunu müstəsna mənəvi və siyasi dividend kimi önə çəkirlər. Belə yanaşma erməni ictimai rəyinə, o cümlədən sadə ermənilərə müsbət təsir göstərir. O da hiss olunur ki, hay cəmiyyəti müharibədən, daimi düşmən axtarışlarından bezib, sakitlik, dinclik, rifah və əmin-amanlıq axtarışındadır. Erməni cəmiyyəti, eyni zamanda, uzun müddət aparılan təbliğatın mif olduğunun fərqinə varmağa başlayıb. Deməli, müsbət ab-havanı gücləndirmək lazımdır. Amma Paşinyan və komandasının hazırkı sülh ritorikasına zərər saydığımız bir səhvi var ki, onun barəsində sonda söz açacağıq.
* * *
Bəli, Ermənistana hibrid hücumların Azərbaycan seqmenti aktualdır və bu baxımdan xaricdəki müəyyən qüvvələrin həll olunmuş Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışdıqlarından söz açmağa dəyər. Diqqət yetirək, Belçika və Niderland parlamentləri “qətnamə oyunu”na girişiblər. Bu qurumların sənədlərində “Azərbaycanda saxlanılan hərbi əsirlər” məsələsi qabardılır, tarixi Vaşinqton Sülh Sammitinə heç bir istinad olunmur, “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in paraflandığı, hər iki ölkə liderlərinin Birgə Bəyannamə imzaladıqları əksini tapmır, üstəlik, Azərbaycan-Ermənistan sərhədindəki çox sakit və sabit olan vəziyyət riskli göstərilir. Görəsən niyə?
İlk baxışda, bütün bunlar özfəaliyyət təsiri bağışlayır. Düşünülə bilər ki, Avropadakı erməni lobbi və diaspor təşkilatları ipə-sapa yatmır, özlərinin revanşist və şovinist baxışlarına sadiqlik göstərərək, “köhnə qitə”nin rüşvətə və korrupsiyaya bulaşmış deputatlarını ələ alıb anti-Azərbaycan fəaliyyət gerçəkləşdirir, hiddət və qəzəblərini püskürürlər. Amma...
Əlbəttə, ağla Fransa gəlir. Axı Niderland və Belçika kimi ölkələr Parisin dirijor çubuğu ilə idarə olunurlar. Eləcə də Avropa İttifaqının bəzi qurumları, xüsusən, Avropa Parlamenti. Zaman-zaman Fransanın “cırtdanları” işə salaraq, anti-Azərbaycan fəaliyyətə güc verdiyini də az görməmişik.
O da məlumdur ki, hazırda Bakı ilə Paris arasında əvvəlki dövrün soyuqluğu aradan qalxıb. Yəni demək olmaz ki, Fransanın anti-Azərbaycan məramına uyğun şəkildə davranmasında, Avropanın ayrı-ayrı dövlətlərinin ölkəmiz əleyhinə qətnamə oyunlarına rəvac verməsində keçmiş ədavətə hesablanmış individuallıq var.
* * *
Fransa özünü “köhnə qitə”nin hegemon qüvvəsi qismində aparır və onun öz imperialist maraqları var. O maraqlar ki, zaman-zaman Qarabağ məsələsinə münasibətdə də özünü göstərib. O maraqlar ki, həm də Rusiyanın Cənubi Qafqaz siyasətinə ziddir. Yeri gəlmişkən, uzun müddət Parislə Moskvanın regional maraqları uzlaşmışdı. Onlar ATƏT-in artıq canını tapşırmış Minsk qrupunda təmsilçiliklə, faktiki olaraq, Azərbaycan torpaqlarının işğalı vəziyyətini qoruyub saxlamışdılar. Hər iki tərəf erməni amilindən öz mənafelərinə uyğun bəhrələnmişdi.
Lakin 44 günlük müharibə durumu kökündən dəyişdi. Savaşa son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasında böyük rol oynayan Rusiya təşəbbüsü ələ aldı. Makron Fransası isə buna qarşılıq Avropanı aktivləşdirməklə, yəni Ermənistanı anti-Rusiya düşərgəsində ideoloji cəhətdən möhkəmləndirməklə, Moskvanı Bakı-İrəvan sülh prosesində neytrallaşdırmağı bacardı.
Amma Paris Qarabağ avantürasında maraqlı olduğuna görə sözügedən proses heç bir nəticə vermədi. Sabiq prezident Co Baydenin Amerikası isə ermənipərəst hərəkət və davranışları ilə ümumi mənzərəyə zərər vurmaqdan başqa heç nə etmədi. Donald Trampın prezident seçilməsindən sonra ABŞ vasitəçilikdə təşəbbüsü ələ alsa da, Azərbaycan və Ermənistanın sülh yolundakı irəliləyişi xeyli dərəcə tərəflərin öz aralarında apardıqları danışıqların məntiqi nəticəsi kimi meydana çıxdı. Rəsmi İrəvan kənar oyunçuları ortaya atmaqla, heç bir nəticə əldə edə bilməyəcəyinə əmin olduğundan, Birləşmiş Ştatlar üçün vasitəçilik bir o qədər çətinlik törətmədi.
Bəli, ABŞ-ın səyləri ilə konkret nəticənin əldə edilməsi həm Rusiyanın, həm də Fransanın maraqlarına zidd idi. Amma tərəflərdən heç biri ötən il avqustun 8-də Vaşinqtonda yaşananlara qarşı çıxa bilmədi və bilmir. Çünki Trampın Avropa üzərinə Ukrayna məsələsi ilə bağlı basqısı aktualdır...
* * *
Ermənistan parlament seçkiləri ərəfəsindədir. Erməni cəmiyyətində müəyyən çalxalanma meyli var. Rusiyanın ölkədə təşəbbüsü ələ almaq və özünə yaxın qüvvələrin hakimiyyətə gəlməsinə nail olmaq cəhdləri diqqətdən yayınmır. O cəhdlər ki, məğzində “Qarabağ hərəkatı”nı dirçəltmək məramını görürük.
Maraqlısı budur ki, Belçika və Niderland parlamentlərinin məlum qətnamələrində, eləcə də Avropa Parlamentinin anti-Azərbaycan motivli çağırışlarında dolayısıyla Qarabağ vurğusu var. O zaman düşünək ki, hazırda Fransanın təhriki ilə aktivləşən “qoca qitə”nin siyasi industriyası ilə Rusiyanın bəzi dairələri müəyyən ortaq maraqlara malikdirlər. Moskva konkretdir: Paşinyan getsin, yerinə revanşistlər gəlsin, sülh əngəllənsin, indi olmasa da, müəyyən müddət sonra Ermənistan Azərbaycana qarşı çıxsın, itirilmişlərin bərpasına girişsin, beləliklə, Cənubi Qafqaz yenidən Kremlin orbitinə qayıtsın.
Fransa Avropasının Paşinyanı devirmək niyyəti varmı, bu barədə söz demək çətindir. Axı mahiyyətcə Ermənistan Qarabağ avantürasını davam etdirməyən, bu kart ilə Azərbaycana təzyiqin səmərəsizliyini duyan və ABŞ-ın himayəsinə sərmayə yatıran tərəfdir. Bir qədər ətraflı yanaşsaq, Paşinyanlı Ermənistan Azərbaycanın mövqeyini qəbul edir, sadəcə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” və ya TRIPP ilə sülhə beynəlxalq təminat motivi qazandırır, ölkənin ərazi bütövlüyü və suverenliyinin prioritetliyini vurğulayır.
Belə yanaşma Fransanın regional maraqlarına ziddir. Deməli, Makron Fransasının timsalında Avropanın da ABŞ-a zidd şəkildə Paşinyanı sıradan çıxarmaq niyyətləri ola bilər. Amma bu, praqmatik yanaşma sayıla bilməz. Çünki Parisin Nikolun əvəzinə hakimiyyətə gətirib Cənubi Qafqaz platformasında oyun quracaq adamı yoxdur. Heç Birləşmiş Ştatlar da Paşinyandan başqa kiməsə sərmayə yatıracaq potensialda deyil və bu lüzumsuzdur. Rusiyanın isə bu mənada xeyli üstün olduğunu görürük və belə durum Paşinyana ABŞ-la yanaşı, “köhnə qitə”nin dəstəyini əldə etməyə, ən azından ikincinin ona qarşı çıxmamasını təminat altına almağa imkan verir. Aydındır ki, Nikol hakimiyyət kürsüsündən uzlaşması və onun yerini ruspərəst revanşistlərin tutması Avropa, xüsusən Fransa üçün son dərəcə arzuolunmaz ssenaridir, hətta aşkar fiaskodur.
Deməli, Parisin lokal siyasi maraqlar naminə hansısa ciddi iş gerçəkləşdirməsi mümkünsüzdür. Amma o, “cırtdanların” köməyi ilə öz oyununu qurur. Ola bilər, parlament seçkilərindən sonraya ümidlidir və hesab edir ki, nə vaxtsa Paşinyan iqtidarını yenidən Qarabağ ritorikası ilə “silahlandıracaq” beləliklə, Cənubi Qafqaza təsir imkanı qazanacaq.
* * *
Əsl “əmma” hazırda Avropanın, yəni Fransanın mahiyyət etibarilə, Rusiyanın siyasi mətbəxinə uyğun tezisləri təkrarlamasıdır. O tezisləri ki, onları Paşinyan iqtidarı dilə gətirmir. Ancaq bir istisna var. Söhbət “Azərbaycanda saxlanılan erməni hərbi əsirlər” məsələsindən gedir.
Niderland və Belçika parlamentlərinin haqqında söz açdığımız qətnamələrində “hərbi əsirlərə” dair qeydin olduğunu diqqətə çatdırdıq. Paşinyan və ətrafının da bu məsələni gündəmə gətirdiyini görürük. Ermənistan parlamentinin sədri Alen Simonyan Parlamanetlərarası İttifaqın 152-ci Assambleyasında çıxışı zamanı ona toxundu.
Əslində, ortada ziddiyyətli durum var. O durum ki, erməni iqtidarına sərf etmir. Deməli, hərbi əsir kimi qələmə verilən şəxslər müharibə caniləri və cinayətkarlardır, hər birinin əli Azərbaycan xalqının qanına batıb. Yəni onlar heç bir halda I və II Qarabağ müharibəsində vuruşmuş adi ermənilərlə eyni tutula bilməzlər. Törətdikləri əməllərə görə Bakı həbsxanalarında cəzalarını çəkən bu adamların, obrazlı desək, nəfəsləri “Qarabağ hərəkatı” ilə gedib-gəlib. Hətta onlardan biri Ruben Vardanyan məhkəmə zalında “Arsax” deyərək bağırmışdı da. İndi Azərbaycan belə əbləhləri azadlığa buraxsın? Aydındır ki, ölkəmizin ictimai rəyi bununla razılaşmayacaq. Azərbaycan dövləti isə cəmiyyətin maraq və mənafelərini nəzərə alıb və alır da. O cəmiyyət ki, iki müharibənin ağırlığını çiyinlərindən ata bilməyib. Bu yerdə əvvəldə anonsunu etdiyimiz Paşinyan hakimiyyətinin səhvinə gələk.
* * *
Hazırda Ermənistanda ölkənin olanları ilə kifayətlənməli olduğuna dair sistemli təbliğat aparılır. Nikol, az qala, hər gün qapı-qapı, küçə-küçə gəzərək, ölkəsinin xəritəsinin əksini tapdığı döş nişanlarını əhaliyə paylayır. Yeri gəlmişkən, o, Moskvaya da sinəsində həmin döş nişanını taxaraq yollanmış və orada açıq şəkildə “Qarabağ hərəkatı”na “yox” demişdi. Mövcud trayektoriyada ən mühüm məqam isə Paşinyan və tərəfdarlarının məsələyə kompleks yanaşmaları, daha doğrusu, yanaşmamaları ilə bağlıdır.
Bəli, məsələyə kompleks yanaşma beynəlxalq ictimai rəyə “Artsax” sevdalılarının” hərbi əsri kimi sırınmasında uzaq durmağı tələb edir. Çünki bu cəhd, istər-istəməz, Qarabağ avantürasına dirçəliş motivi qazandırır. Baxın, Simonyan yalnız “hərbi əsirlərin” azad edilməsindən söz açdığı halda, Niderland və Belçika parlamentlərinin qətnamələrində bu tezis xeyli genişləndirilir və ona yeni müharibə riski kimi sərsəm elementlər əlavə olunur.
Üstəlik, “Azərbaycanda saxlanılan hərbi əsirlər”in kimlər olduqları da Ermənistanda hər kəsə yaxşı bəllidir. Bu şəxslərin adlarının Qarabağ məsələsi ilə həmahəngliyini vurğuladıq. Paşinyan “Qarabağ hərəkatı”na “yox” deyirsə, ərazi iddiası məntiqindən geri durursa, sülhü təbliğ edirsə, nəzərə almalıdır ki, Bakı həbsxanalarında cəza çəkənlər bütün bunlara qarşı olanlardır. Yəni belələrinin azadlığa çıxmalarından dəm vurmaq, faktiki olaraq, avantüranın boynuna keçirilmiş zənciri açmaq cəhdidir. O zaman Nikol və tərəfdarlarının apardıqları ənənəvi sülh təbliğatı əhəmiyyətini itirir.
Sözümüz həm də ondadır ki, Avropa kluarlarının həyasız təbliğatı və Rusiya dairələrinin “erməni sevdasının” motivləri erməni cəmiyyətini çaş-baş duruma sala bilər ki, bunun da gələcək seçkilərdə Paşinyana və tərəfdarlarına ancaq zərəri var. Məhz buna görə Ermənistanın hazırkı iqtidarı prinsipial davranmalı, ortaya fundamental baxış qoymalı, hibrid təhdidlərə qarşı vahid mövqe nümayiş etdirməli, sülh gündəliyini pozmaq cəhdlərinə, regionda yenidən gərginlik yaratmaq istəklərinə münasibətdə barışmazlıq göstərməlidir. Nikol və komandası ciddi şəkildə nəzərə almalıdır ki, sülhün və barışın yolu ancaq səmimiyyətdən, hər şeyi və hər kəsi öz adı ilə adlandırmaqdan keçir.
Ə.RÜSTƏMOV
XQ