Rusiyada bəzi millətçi, hətta radikal mövqedən çıxış edən çevrələr və bir sıra Telegram kanalları Sankt-Peterburqda təsis olunan “Fəxri xeyriyyəçi” mükafatının ilk dəfə azərbaycanlı iş adamı Qod Nisanova verilməsini geniş şəkildə qabardır və qıcıqla qarşılayır.
Musavat.com xəbər verir ki, məsələ ətrafında aparılan müzakirələr getdikcə daha çox siyasi və milli çalarlar qazanır.
Son günlərdə isə bu mövzu üzrə paylaşımların ardıcıl şəkildə artması diqqət çəkir. Bir neçə gün ərzində müxtəlif Telegram kanallarında eyni məzmunlu, oxşar tezislərə əsaslanan yazıların yayılması artıq prosesin təsadüfi olmadığını göstərir. Müşahidəçilər hesab edir ki, bu, sistemli və koordinasiyalı kampaniya təəssüratı yaradır.
Həmin dairələr Nisanovun biznes fəaliyyəti ilə bağlı illərdir məlum olan mövzuları yenidən gündəmə gətirir. Onun sahib olduğu bazarlarda miqrantların fəaliyyəti, ticarət obyektlərində baş verən müxtəlif hadisələr qabardılır və bu, mükafatın verilməsinə qarşı arqument kimi təqdim olunur.
Lakin diqqət çəkən əsas məqam odur ki, bu tənqidlərin fonunda xüsusilə onun azərbaycanlı olması qabardılır. Bir çox paylaşımlarda açıq və ya dolayı şəkildə vurğulanır ki, məhz bir azərbaycanlının Rusiyada belə böyük uğur qazanması və rəsmi şəkildə təltif olunması bəzi dairələrdə qısqanclıqla qarşılanır.
Qeyd edək ki, Qod Nisanov yalnız iri biznes sahibi deyil, həm də geniş xeyriyyə fəaliyyəti ilə tanınır. Onun layihələri minlərlə insan üçün iş yerləri yaradıb, iri ticarət mərkəzləri vasitəsilə bazarın təminatında mühüm rol oynayıb və Rusiya iqtisadiyyatına ciddi töhfə verib.
Buna baxmayaraq, bəzi çevrələr bu reallıqları arxa plana keçirərək, yalnız neqativ məqamları ön plana çıxarmağa çalışır. Bu isə artıq obyektiv tənqiddən daha çox qərəzli və millətçi yanaşma kimi qiymətləndirilir.
Beləliklə, Peterburqda təqdim olunan mükafat ətrafında yaranan ajiotaj göstərir ki, məsələ təkcə xeyriyyəçilik və ya biznes deyil. Nisanovun uğuru və nüfuzu bəzi dairələrdə narahatlıq doğurur və bu da açıq şəkildə reaksiyalara səbəb olur.
Musavat.com