AZ

Ədalətin pozulması-Yaxın Şərq və Masazır stadionu...

Ədalət tərəzisi harada pozulması etiraz və hətta nifrət doğurur-Trampın doğru, Rəvanın yanlışı qərarı haqda...   

ABŞ prezidenti Donald Trampın İranla yeni savaşdan mümkün qədər yayınmaq taktikası- atəşkəsi zamansız olaraq uzatması bəlkə də ikinci hakimiyyəti dönəmində verdiyi ən doğru qərardır. Hörmüzdəki blokada işə yarıyır, İran tezliklə yola gəlməsə belə, SEPAH generalının ABŞ-nin Körfəzdəki müttəfiqlərinin neft yataqlarını vuracaqları təhdidi Tehranın əsəblərinin tədricən tarıma çəkildiyini göstərir. İran bu dəfə savaşı başlayan tərəf olacaqsa, Tehran daha çətin vəziyyətə düşə, özünə qarşı daha ciddi hərbi koalisiya görə bilər.

ABŞ okeanlara yaxşı bələddir, hətta deyilənə görə, bu işi dəniz quldurlarından daha yaxşı bilir, professional ordu birləşməsi var. İndi xəritəyə baxanda görürsən ki, çəkilib blokladanı elə bir yerdə qurublar ki, ora İranın heç bir raketi çata bilməz. Ona görə indiki vəziyyət İranın əleyhinə inkişaf edir. Eləcə də hazırkı vəziyyət İsrail üçün də təhlükəli ola bilər. Çünki ABŞ-yə təsir etmək üçün İran raketlərini təkcə Körfəz ölkələrinə deyil, yenə İsraili tərəf doğruldacağı gözlənilir. Bu, İsrail üçün gözlənilməz situasiya deyil, ABŞ müttəfiqini yenə də necə olsa, müdafiə edəcək. Netyahunun Trampı qızışdırıb “bu, İranı tam ələ keçirmək fürsətidir” deyib savaş çıxarmasının bədəli bir az ağır olacaq deyəsən...

İsrail ABŞ-ni özünə tay tutur, hətta guya İranla təkbaşına savaşa hazır və həvəsli kimi görünür. İsrail savaşdan yaranan dövlətdir, illərdir o regionda qarışmadığı qan-qada çətin ola. O səbəbdən “İsrail müharibəyə başladı” media üçün çəkici xəbər deyil, amma ABŞ-nin adı keçən savaş artıq dünyada xəbər üstü(flaş) xəbərdir. ABŞ-nin qarışdığı savaşlardan cild-cild kitablar yazılıb, uduzduğu və ya qalib gəldiyi müharibələrin yaratdığı reallıqlar bəzən bütöv bir qitənin taleyinə təsir edib.

İran

Dünən yaradılmasının növbəti ilini qeyd edən İsrail rəsmi olaraq belə tanınır: İsrail Dövləti. “Dövlət” burda sadəcə dil, yazılış qanunauyğunluna görə böyük hərflə yazılmır, bunun çox ciddi səbəbləri və bilinib-bilinməyən sirləri var. 1948-ci ildə İsrail Fələstinin bölünməsinə dair BMT-dəki qərardan sonra müstəqilliyini elan etdi. Yaxşı da etdi. Amma niyə o vaxtdan bəri bu bölgədə İsrail, fələstinlilər və ərəb qonşuları arasında münaqişə gedir, bunun da səbəbi bəllidir.

İsrail ərəb arealında (şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya, cənub-qərbdən Misir və Qəzza zolağı) varlığını qorumaq haqqına sahibdir, amma bu özünüqoruma instinkti həddən çox qan tökməyə, ətrafındakı düşmənlərin artmasına səbəb olub. İsraili son illər minlərlə yəhudinin tərk etməsi faktını təsdiqləyir ki, bunun da əsas səbəblərindən biri dövlətin aqressiv siyasətidir. İsrail bütün dünyadan “dənə-dənə” topladığı yəhudilərə iş, yaxşı həyat verə bilir, amma insanlar dinc ölkədə, qorxusuz, bombalar başımıza yağdı deyib sığınacağa qaçmadan yaşamaq istəyirlər. Bütün xalqlar kimi başı müsibətlər çəkmiş yəhudi xalqı da bu rahatlığı haqq edir. Amma xüsusilə Netanyahu hakimiyyəti illərində İsrailin saldırğan mövqeyi dövlətə baha başa gəlir. Likud Partiyasının sədri olan Netanyahu 2022-ci ilin dekabrından İsrailin baş naziri vəzifəsini icra edir və İsrail tarixində ən sağçı hesab edilən hökumət rəhbəridir. (O, 1996-1999-cu və 2009-2021-ci illərdə də hökumətin başçısı olub) İsraili tərk edənlər həm də onun siyasətinə etiraz edənlərdir. Amma bir qisim isə hesab edir ki, Netanyahu İsraili Yaxın Şərqdə ən yaxşı müdafiə etməyə qadir olan liderdir...

Son iki İran müharibəsini doğuran səbəblər indi məktəbliyə də aydındır. İran Yaxın Şərqdə müsəlman toplumunun hamisi(müdafiəçisi) kimi Qəzza və Qüds insanın tapdanan savaşını apardığını elan edib, amma onlar da bu bəhanə ilə İsrail adlı dövlətin varlığını inkar edirlər. Halbuki İsrailin müstəqilliyini ilk tanıyan dövlət elə İran olub. Bölgədə davam edən problemlərin kökü çox dərindir, 80 ildir qan tökülür. İsrail var olmaq haqqına sahibdir, amma Fələstin xalqının da öz dövlətinə sahib olmaq haqqı var. Bu BMT daxil bütün beynəlxalq təşkilatların qəbul etdiyi gerçəkdir, amma buna imkan vermirlər. Amerika da o ədalətsizliyə şərikdir. O səbəbdən bir ədalətsizlik yenilərini yaradır, savaşlar çıxır, qan tökülür, amma nəticə yoxdur.
P.S.

Dünən axşam bu sətirləri yazarkən bir gözüm də Masazır stadionunda keçirilən “Sabah”-“Qarabağ” oyununda idi. Yenə ədalətsiz hakim qərarları gördük. Ədalət tərəzisi harada pozulursa-pozulsun, mütləq etiraz və hətta nifrət doğurur- Yaxın Şərqdə də, Masazırda da...

Nazim SABİROĞLU,
Musavat.com

Seçilən
49
musavat.com

1Mənbələr