AZ

Sevinc Fətəliyeva: “Rəqəmsal məkanımıza mədəniyyəti, məsuliyyəti və qarşılıqlı hörməti geri qaytaraq”

“Son günlər cəmiyyətdə geniş müzakirə olunan son dərəcə narahatedici bir mövzuya toxunmaq istəyirəm. TikTok platformasının Azərbaycan seqmentində müəllimlərin təhqir olunması, ələ salınması və alçaldılması məqsədilə anonim hesabların yaradılması kimi biabırçı bir “trend” sürətlə yayılmaqdadır. Bir millət vəkili olaraq bu məsələyə laqeyd qala bilmərəm. “Zarafat” və ya “əyləncəli məzmun” kimi təqdim edilən bu hallar əslində mənəvi vandalizmin açıq təzahürü və cəmiyyət üçün ciddi siqnaldır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Sevinc Fətəliyeva bildirib.

 

Deputat vurğulayıb ki, bu məsələ hər bir kəsi narahat etməlidir: “Böyüklərə və Müəllimə hörmət Azərbaycan cəmiyyətinin əsas sütunlarından biridir. Müəllimin ləyaqətinə yönəlmiş hər hansı təhqir cəmiyyətimizin təməl prinsiplərinə, tərbiyə və nəsillərarası davamlılığa zərbə vurur. Sosial şəbəkələr inkişaf, bilik və özünüifadə üçün vasitə olmalıdır, zorakılıq və alçaltma üçün deyil. Bu hallar gənclər arasında rəqəmsal savadlılıq və etik davranış mədəniyyətinin ciddi çatışmazlığını göstərir. Bəzi yeniyetmələr hesab edirlər ki, anonimlik onları məsuliyyətdən qoruyur. Bu, yanlış düşüncədir. İnsan şərəf və ləyaqətini alçaldan hər bir addım gec-tez məsuliyyət doğurur - həm mənəvi, həm də hüquqi. Nəzarət azadlığın məhdudlaşdırılması deyil, övladınızı ciddi səhvlərdən qorumaqdır. Uşaqlarınızla danışın. Onlara izah edin ki, başqasının alçaldılması hesabına qazanılan “like” və “baxış sayı” heç bir dəyər ifadə etmir. Həqiqi nüfuz bilik, zəhmət və düzgün davranışla qazanılır, gizli şəkildə çəkilmiş qeyri-etik videolarla yox. Təhqir və zorakılıq məzmununun iştirakçısına və ya dəstəkçisinə çevrilməyin!  Biz müəllimin nüfuzunu qorumalıyıq. Bu gün məktəbə və müəllimə olan hörmətin sarsılmasına yol versək, sabah sağlam və güclü cəmiyyət qurmaq imkanımızı riskə atmış olarıq. Gəlin birlikdə rəqəmsal məkanımıza mədəniyyəti, məsuliyyəti və qarşılıqlı hörməti geri qaytaraq!”

Tarix: 23 Aprel 2026, 10:06   
Seçilən
25
pravda.az

1Mənbələr