"Airbus" şirkətindən bildirilib ki, Avropa vahid layihə əvəzinə yeni nəsil bir neçə fərqli qırıcı təyyarə yarada bilər və bu, ciddi problem sayılmır...
Poliqon xəbər verir ki, bu barədə Hart Punkt nəşri yazır.
Söhbət Future Combat Air System (FCAS) proqramından gedir. Bu proqram çərçivəsində Fransa, Almaniya və İspaniya pilotlu qırıcı və onunla əlaqəli texnologiyalar daxil olmaqla perspektiv aviasiya sisteminin hazırlanmasını planlaşdırır.
"Airbus"un hərbi bölməsinin rəhbəri Mixael Şellhornun sözlərinə görə, layihə bölünsə belə, Avropa ümumi elementlərlə birləşdirilən iki və ya üç fərqli təyyarə əldə edə bilər. Bu elementlərə "döyüş buludu" və şəbəkə idarəetmə sistemləri daxildir.
Şirkət rəhbəri qeyd edib ki, birinci istiqamət Global Combat Air Programme (GCAP) çərçivəsində bombardmançı ölçüsündə qırıcı, ikinci istiqamət Fransanın nüvə silahı daşımaq qabiliyyətinə malik göyərtə qırıcısı, üçüncü istiqamət isə Almaniyanın iştirakı ilə hava üstünlüyünü təmin edən təyyarə ola bilər. Bütün bu platformalar bulud texnologiyaları və məlumat mübadiləsi vasitəsilə vahid Avropa döyüş aviasiyası sistemində birləşdirilə bilər.
Onun sözlərinə görə, əsas məsələ tək bir təyyarənin yaradılması deyil, müxtəlif platformaların pilotsuz aparatlarla və digər komponentlərlə qarşılıqlı işləyə biləcəyi ümumi sistemə inteqrasiyasıdır.
"Airbus"da həmçinin vurğulanıb ki, şirkət layihədə ikinci dərəcəli podratçı kimi iştirak variantını nəzərdən keçirmir və tərəfdaş ölkələr arasında iş bölgüsünün bərabər aparılmasının tərəfdarıdır.
Materialda qeyd olunur ki, FCAS iştirakçıları, xüsusilə Fransanın "Dassault Aviation" şirkəti ilə "Airbus" arasında fikir ayrılıqları vahid qırıcı layihəsinin hazırlanmasını ləngidir və onun ilkin formada həyata keçirilməsini sual altına alır.
Poliqon.info