AZ

Türk dünyası Avrasiyada yeni güc mərkəzi kimi mövqeyini gücləndirir ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 aprel, AZƏRTAC

Türk dünyasının Avrasiya məkanında geosiyasi və geoiqtisadi çəkisinin artması, eləcə də qlobal enerji bazarlarında baş verən transformasiyalar fonunda bu coğrafiyanın yeni güc mərkəzinə çevrilməsi üçün mühüm zəmin formalaşır.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı türkiyəli siyasi ekspert Mehmet Seven bildirib.

Onun sözlərinə görə, son illər türk dövlətləri arasında əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, ortaq siyasi iradənin güclənməsi və qarşılıqlı etimad mühitinin dərinləşdirilməsi regionun vahid strateji məkan kimi formalaşmasına xidmət edir.

“Çoxtərəfli platformalar çərçivəsində qəbul edilən qərarlar və həyata keçirilən təşəbbüslər Türk dünyasının beynəlxalq münasibətlər sistemində təsir imkanlarını əhəmiyyətli dərəcədə artırır. Nəqliyyat və logistika sahəsində həyata keçirilən irimiqyaslı layihələr Avrasiyada yeni iqtisadi xəritənin formalaşmasına səbəb olur. Xəzər dənizi üzərindən keçən Orta Dəhlizin inkişafı, müasir liman və dəmir yolu infrastrukturlarının qurulması, eləcə də rəqəmsal logistika həllərinin tətbiqi Asiya ilə Avropa arasında daha sürətli və təhlükəsiz əlaqələrin təmin olunmasına geniş imkanlar açır. Bu baxımdan Türk dünyası Şərqlə Qərb arasında strateji körpü rolunu daha da möhkəmləndirir. Türk dünyası bu gün yalnız enerji resurslarının istehsalçısı deyil, eyni zamanda, onların etibarlı və şaxələndirilmiş marşrutlarla dünya bazarlarına çatdırılmasını təmin edən mühüm tranzit məkan kimi çıxış edir. Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatları, Türkiyənin enerji qovşağı kimi artan rolu və Avropaya uzanan boru kəmərləri sistemi enerji təhlükəsizliyi məsələsində yeni reallıqlar yaradır. Bu reallıqlar fonunda Türk dünyası qlobal enerji arxitekturasının ayrılmaz hissəsinə çevrilir”, – deyə o bildirib.

Ekspert əlavə edib ki, Avropanın enerji təchizatının şaxələndirilməsi siyasəti türk dövlətləri ilə əməkdaşlığın daha da genişlənməsini zəruri edir. Son dövrlərdə baş verən geosiyasi gərginliklər və enerji bazarlarında qeyri-sabitlik Avropa ölkələrini alternativ və etibarlı tərəfdaşlara yönəldib: “Bu kontekstdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, Türkiyənin tranzit rolu və Mərkəzi Asiya ölkələrinin resurs potensialı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Latviya Prezidentinin Azərbaycana son səfəri bu əməkdaşlıq kontekstində xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində aparılan müzakirələr Avropa İttifaqı ilə Azərbaycan arasında enerji tərəfdaşlığının daha da dərinləşdirilməsi, xüsusilə yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından diqqətəlayiqdir. Latviya Avropa İttifaqının üzvü kimi enerji təhlükəsizliyi məsələlərində ortaq mövqenin formalaşdırılmasında iştirak edir və bu baxımdan Bakı ilə aparılan dialoq strateji xarakter daşıyır”.

Ekspert vurğulayıb ki, Latviya Prezidentinin Azərbaycana səfəri fonunda Avropa ilə Türk dünyası arasında dialoqun intensivləşməsi və konkret əməkdaşlıq layihələrinin irəli sürülməsi qlobal enerji və nəqliyyat sistemində yeni, daha inklüziv və dayanıqlı əməkdaşlıq modelinin formalaşmasına təkan verir.

Müxbir-Vüqar Qurbanoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
1
azertag.az

2Mənbələr