AZ

"Latviyanın Azərbaycan kimi ölkə ilə əməkdaşlığa ehtiyacı var" - Deputat

"Latviya bizim üçün çox önəmli bir ölkədir. Kiçik ölkə olmasına baxmayaraq, Baltik dənizi sahillərində yerləşən Baltikyanı ölkə kimi Baltik dənizinə, Şimal Buzlu okeanına çıxışı olan və Avropanın şimal-şərq bölgəsində yerləşən çox önəmli bir ölkədir. Latviya və Azərbaycan arasında, xüsusilə də müstəqillik dövründən praqmatik, konstruktiv münasibətlər həmişə mövcud olub. Latviyada, qonşu Estoniya və Litva kimi bəzi sənaye sahələri, xüsusilə də informasiya texnologiyaları və süni intellekt sahəsində çox güclü inkişaf mövcuddur. Azərbaycan və Latviya arasında məhz bu sahədə də münasibətlərin inkişaf etdirilməsi perspektivləri var".

Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev Latviya Prezidenti Edqars Rinkeviçsin ötən gün Azərbaycana rəsmi səfər etməsindən danışarkən bildirdi. Onun sözlərinə görə, Azərbaycan Latviya üçün önəmlidir:

"Çünki Azərbaycan Latviyanın Cənubi Qafqaza, Xəzər dənizinə, Böyük Qafqazlara çıxışı deməkdir. Azərbaycan Orta Dəhliz üzərində yerləşən bir ölkədir, Şimal-Cənub marşrutu da məhz bizim ölkəmizin üzərindən keçir. Yəni, bir sözlə, Latviya və Azərbaycan coğrafi olaraq, əhali olaraq nisbətən Avropanın digər ölkələrindən kiçik ölkələr olsalar da, əməkdaşlıq üçün çoxlu imkanlar mövcuddur".

Millət vəkili vurğuladı ki, Latviya həm Avropa İttifaqının üzvü kimi, həm Qərb sivilizasiyasının, Avropa sivilizasiyasının özünəməxsus üzvü kimi bizim üçün həmişə maraqlı olub:

"İstər müstəqillik dövründə, istərsə də tarixən Sovetlər İttifaqı vaxtı Latviya-Azərbaycan münasibətlərində həmişə bir dostluq mövcud olub. BMT çərçivəsində, Avropa İttifaqı çərçivəsində və digər beynəlxalq təşkilatlar çərçivəsində də Latviya ilə bizim münasibətlərimizin inkişafı üçün perspektivlər mövcuddur. Hal-hazırda Latviya Belarusla, Rusiya ilə sərhəd olaraq bir növ münaqişə ocaqlarına yaxın bir bölgədə yerləşir. Ona görə də Latviyanın ərazi bütövlüyü, suverenliyi, təhlükəsizliyi ilə bağlı Azərbaycan kimi ölkə ilə əməkdaşlığa ehtiyacı var. Çünki Azərbaycan vaxtilə bu təhlükəsizlik risklərini yaşamış və konstruktiv-praqmatik xarici siyasət nəticəsində təhdidləri, təhlükələri qarşısına ala bilən ölkə kimi Latviyaya maraqlıdır. Həmçinin Latviya-Azərbaycan arasında iqtisadi, yeni texnoloji məhsulların mübadiləsi, yeni sənaye məhsulları, kompüter texnologiyaları və o cümlədən silah sənayesində də hansısa bir şəkildə inkişaf və mübadilə məsələləri müzakirə edilə bilər. Hələ Latviyada keçmiş Sovetlər dövründən həmişə inkişaf etmiş sənaye – yüngül sənaye, ağır sənaye mövcud olub. Ona görə də bizim yeni Latviya ilə münasibətlərimiz, prezidentlərin son görüşü inşallah bundan sonra ölkələrimiz arasında münasibətlərə müsbət təsir göstərəcək".

Aytəkin TOFİQQIZI

Seçilən
40
redaktor.az

1Mənbələr