AZ

Oxumayın! KÜNCDƏN BAXIŞ

ain.az bildirir, Ses qazeti portalına istinadən.

Elçin Bayramlı

Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür- Herbert Spencer

İnsanın bilikli, əxlaqlı, agıllı şəkildə formalaşması üçün ən əsas vasitələrdən biri mütaliədir. Texnologiyanın sürətli inkişafı son vaxtlar bu sahədə ciddi problemlər yaradıb. İndi insanlar televizora, internetə, telefona vaxt ayırırlar, kitab oxumağa isə yox. Yüzlərlə kitabxana məhv edildi, evlərdən kitab rəfləri yoxa çıxdı, artıq nadir hallarda kiminsə kitab oxuduğunu görmək olur. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Onlara keçməmişdən əvvəl mövzuya qısa bir giriş verək.

Əvvəllər ədəbiyyatın böyük missiyası var idi. Kitab elm, dünyagörüş, bilik verməklə yanaşı, insanlıq, xeyirxahlıq, namusluluq, vətənpərvərlik, fədakarlıq, səmimilik, doğruluq, zəhmətkeşlik, vicdanlılıq kimi müsbət əxlaqi dəyərləri təbliğ edir, bu keyfiyyətlərə sahib müsbət qəhrəmanları örnək göstərirdi.

Mənfi qəhrəmanlar isə elə ustalıqla ifşa və rüsvay olunurdu ki, heç kim ondan nümunə götürməyi ağlına belə gətirə bilməzdi. Yazıçılar ədəbi tryuklarla cəmiyyətə insani dəyərləri təbliğ edirdilər.

İndi bəzən hansısa “postmodernist yazıçı” çıxıb ortalığa deyir ki, bəs ədəbiyyatın belə missiyası və öhdəliyi yoxdur. Ədəbiyyat bir kommersiya fəaliyyətiymiş və bazara hesablanmalıymış.

Ona görə də, ucuz bulvar romanları, porno səhnələrin təsvir edildiyi, əcaib, hətta iyrənc motivlərin uydurulduğu cızma-qaralar cəlbedici adlar qoyulmaqla ədəbiyyat adına oxuculara sırınmalıymış ki, bəzi dələduzlar pul və şöhrət qazansınlar.

Bunlara kim deyib ki, oxucuların səviyyəsi bu qədər aşağıdır və belə “əsərlərə” tələbat var? Axı, əvvəla bizim ölkənin kitab bazarının həcmi, hansı kitabın nə qədər tirajla buraxıldığı və satıldığı haqda hərdən elan olunan təxmini rəqəmlər belə şübhəlidir və şəffaf deyil.

İkincisi, bu postmodernist yazıçılar niyə oxucunu öz səviyyələrinə salmalıdır ki, bəlkə özləri oxucunun səviyyəsinə yüksələlər? Bunu edə bilmirlər deyə, oxucunu öz səviyyələrinə çəkirlər.

Üçüncüsü, kim və necə müəyyən edir ki, hansı yazıçılar, hansı mövzular, hansı əsərlər cəmiyyətin istəyini təmin edir? Oxucu bir kitaba pul verirsə, ondan fayda əldə etməlidir- dünyagörüşü artmalı, yeni məlumatlar əldə etməli, düşüncəsi və psixologiyasına müsbət ruh verməlidir.

Televiziyaların insanı xəbər, serial, şou bombardmanına tutduğu, informasiya əsrinin ən böyük vaxt oğrusu internetin geniş yayıldığı bir vaxtda ortaya daha bir problem çıxır- nə oxuyaq ki, itirdiyimiz qiymətli vaxta dəysin.

İndi kitab bazarındakı əksər yeni əsərlərə baxanda adam düşünür ki, belə kitabları oxumamaq yaxşıdır. Müasir ədəbiyyat olduqca ruhsuz, duyğusuz, mənəvi boşluqla maddi həzzlərin paralel müşahidə olunduğu kağız yığnağıdır.

Birmənalı olaraq postmodernist ədəbiyyat cəmiyyətə müsbət dəyərlər təbliğ etmir, insanlara ancaq azad cinsi münasibətləri, içki və siqaret kimi zərərli vərdişləri, tüfeyliliyi, eqoizmi, cinayətkarlığı, zorakılığı, ağlagəlməz murdarlıqları təbliğ edir.

Elə bir dövrə gəlmişik ki, artıq kitab oxumaq əksər hallarda insana və cəmiyyətə zərər vurur. Təhlükəli “dini” ədəbiyyat, intim ədəbiyyat, kriminal aləmi öyən və caniləri nümunə göstərən zərərli kitablar əksəriyyət təşkil edir. Deməli, çox oxumaqdan yox, nə oxumaqdan söhbət getməlidir.

Ona görə də, əgər müasir ədəbiyyatı oxuyacaqsınızsa, yaxşısı budur oxumayın! Müasir ədəbiyyatın əxlaqı yoxdur! Psixologiyanızı, əsəblərinizi, əxlaqınızı qoruyun! Oxumayın!

Bəs nə oxuyaq? XX əsrdə çap edilmiş dəyərli kitabların sayı-hesabı yoxdur. Onları bukinist mağazalardan ucuz qiymətə və kitabxanalardan pulsuz əldə edə bilərsiniz. Üstəlik, əksər əsərlərin elektron versiyaları internetdə var. Birdəfəlik başa düşmək lazımdır- tək-tük istisnaları nəzərə almasaq, ədəbiyyat XX əsrdə bitmişdir!

Ümumdünya Kitab Gününüz mübarək!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
sesqazeti.az

1Mənbələr