AZ

Səməd Vurğun şeirinin tarixiliyi və təkamül mərhələləri

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Səməd Vurğun öz dövrünün, zəmanəsinin mühitində, çərçivəsində yazıb-yaradıb və Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstəribdir”

Ümummilli Lider HEYDƏR ƏLİYEV

Səməd Vurğun çox ağır bir zamanda yaşamışdır. Həm də son əsrlərin heç bir dövrü və mərhələsi ilə müqayisə olunmayacaq qədər ağır bir zamanda. Odur ki, şairin yaradıcılığına obyektiv qiymət vermək üçün zamanın ədəbi-mədəni hərəkatını ictimai-siyasi proseslərin cərəyanı kontekstində qiymətləndirmək zəruri amil kimi çıxış edir. Bu o deməkdir ki, şairin irsi tarixilik kontekstində öyrənilməlidir. Bu nöqteyi-nəzərdən siyasi mühitin ədəbi-mədəni düşüncəyə təsirinin incəliklərini təsəvvür etmək lazımdır. Fikrimizcə, ədəbiyyatşünaslığımızın sovet dövrü ədəbiyyatını mərhələlərə ayırması, hər mərhələyə məxsus estetik xüsusiyyətləri, bu xüsusiyyətlərin ictimai-siyasi proseslərlə şərtlənən cəhətlərini araşdırmaq təşəbbüslərini tarixiliyin inkişaf tendensiyalarının sənətkarların yaradıcılığına təsirinin obyektiv mənzərəsini aşkarlamaq meyli kimi qiymətləndirmək lazımdır.

Ədəbiyyatşünaslığımızda sovet dövrü Azərbaycan ədəbiyyatı əsasən iki tarixi mərhələyə bölünərək öyrənilir. Keçən əsrin 50-ci illərinin sonu (bəzi hallarda 50-ci illərin ortaları) ədəbiyyatımızın yeni mərhələyə - yeni keyfiyyət mərhələsinə keçidinin başlanğıcı sayılır. Ümumiyyətlə götürəndə 50-ci illərin ortalarına qədər birinci mərhələ, 50-ci illərin sonu və 60-80-ci illər ikinci mərhələ kimi qəbul edilir və araşdırılır. S.Vurğun yaradıcılığı birinci mərhələyə daxil olur. Birinci mərhələdə ədəbi-tarixi prosesin hərəkətinə sosrealizmin estetik çərçivəsi, ikinci mərhələdə isə sosrealizmin estetik prinsiplərinin sökülüb dağılması, yeni sənət prinsiplərinin ortaya çıxması kontekstində yanaşmalar ədəbiyyatşünaslığın əsas elmi-nəzəri, müəyyən mənada, həm də metodoloji meyarına çevrilir.

Bununla belə, düşünürük ki, sözügedən I mərhələnin ədəbiyyatını bir neçə yarımmərhələyə ayırmağa ehtiyac var. Fikrimizcə, birinci yarımmərhələyə 1928-ci ilə qədərki, ikinci yarımmərhələyə 1928-31/32-ci illəri əhatə edən zaman kəsikləri daxildir. Üçüncü yarımmərhələ 1932-ci ildən 1946-cı ilə qədərki zamanı, dördüncü yarımmərhələ isə 1946-cı ildən 50-ci illərin ortalarına qədərki zaman kəsiyini əhatə edir.

Bu bölgü nə qədər obyektivdir, nə qədər elmidir? Sosrealizm çevrəsində olan ədəbiyyatımızın obyektiv mənzərəsini nə qədər özündə ehtiva edə bilir?

Düşünürük ki, bu suallara elmi cavabın variantlarından biri S.Vurğun şeirinin keçdiyi yolu bu mərhələ təsnifatı əsasında nəzərdən keçirmək olar. Fikrimizcə, şairin yaradıcılıq yolu bu təsnifat qəlibinə çox rahat daxil olur. Həmin "rahatlıq" S.Vurğun şeirinin obyektiv mənzərəsini də yaratmağın meyarına çevrilir.

Öncəliklə belə bir suala cavab vermək lazım gəlir: Sənət yolu çox ağır bir zamana düşən S.Vurğun taleli sənətkardır, yoxsa talesiz? Bəlkə də sualın özündə onun cavabı da gizlənmişdir. Bununla belə, birmənalı cavab vermək çətindir.

Birinci ondan başlayaq ki, S. Vurğun ilk yaradıcılıq təcrübələrindən az sonra imtina etmək məcburiyyətində qalıb. Onları "Ölən şeirlərim" adlandırıb. Ədəbiyyatşünaslıq indiyə qədər şairin bu jestini yaradıcılıq yolunun irəliyə doğru hərəkətini şərtləndirən amil kimi dəyərləndirib; Şəxsi duyğularının, fərdi yaşantılarının bədii ifadəsindən sosial-siyasi həyatı əks etdirməyə keçidi şərtləndirən əlamətdar hadisə sayıb. Doğrudanmı S. Vurğun şeirinin təkamülü və yaşarlığı ilk qələm  təcrübələrindən imtinaya, "şeirlərini süarlara çevirdiyi" illərdə yazdığı şeirlərə söykənir? Yəni doğrudanmı, ədəbiyyatşünaslığın qiymətləndirdiyi kimi, "nəfəsləri benzin və kükürd qoxuyan milyonların şairiyəm" deyə raport verdiyi "Raport" tipli şeirlərlə "Azərbaycan" şeiri eyni bir mərhələnin nümunələridir? Doğrudanmı, "Azərbaycan" şeirinin yaranma yolu "Raport" tipli şeirlərdən keçir?

Biz düşünürük ki, bu əsərlər S.Vurğun şeirinin bir-birini inkar edən qütblərinə, fərqli mərhələlərinə aiddir. Xüsusi vurğulamaq istəyirik ki, "Azərbaycan" şeirinin və hətta, "Azərbaycannamə"sinin - "Azərbaycan" tarixi-poemasının yaranması bədii varislik əlaqəsi mənasında “Ölən şeirlərim” adlandırdığı şeirlərlə daha çox bağlanır.

​S.Vurğunun "Ölən şeirlərim"də imtina etdiyi şeirlər onun yaradıcılığının ilk nümunələri olmaqla bir sıra əlamətdar cəhətlərlə səciyyələnir.

Birincisi, bu şeirlərdə S.Vurğunun poetik təfəkkürünün romantik təbiəti özünü aşkar büruzə verir. Elə bir poetik təfəkkür tipindən söhbət gedir ki, yaşadığı zamanda ona qarşı müharibə elan olunsa da, S.Vurğun prinsipcə o tərzdən heç vaxt tam şəkildə uzaqlaşa bilməyib. Zaman-zaman onun fərdi üslubunun ahəngində həlledici rol oynayan bu inikas üsulu uğrunda mübarizə aparmalı olub.

İkincisi, bu şeirlər şairin real həyati yaşantılarının bədii ifadəsidir.

Üçüncüsü, bu şeirlərdə milli və türk romantik şeirinin bəzi əlamətdar cəhətləri özünü göstərir. Aşıq şeirinə, Azərbaycan və türk romantik şeirinə bağlılıq S.Vurğunun ilk qələm təcrübələrində aşkar sezilən cəhətlərdir. O da aşkar sezilir ki, özündən əvvəlki ənənədə paralel yer tutan, “izm”lərdən məhz romantizmə meyli, Sabir şeirinə yox, Cavid şeirinə meyli şairin poetik təfəkkürünün romantik təbiəti, fitri istedadının xarakteri ilə şərtlənir.

"Şikəstəyə məktub", "Sızıltılarım", "Tərlanım", "Bu gün məni lap boğurdu hicran", "Şuşa", "Zeynal", "Çiçək", "Dan yıldızı", "Bir qətrə yaş", "Dağlar", "Ana", "Bizim dağların", "Salyan gözəli", "Bəlkə", "Ona", "Nə vaxt güləcəyəm?", "Ellər gəldi", "İllər, qərinələr keçirsə aləm ", "Dilcan dərəsi" bu tipli şeirlərdəndir. Sənətkarlıq baxımından bütün zəif cəhətləri ilə bərabər bu şeirlərin ədəbi ənənəyə sıx bağlılığını və şairin poetik təfəkkürünün mahiyyətindən doğduğunu ədəbiyyatşünaslığımız da etiraf etmişdir. Sözü gedən şeirlər əsasən 1926-27-ci illərin məhsullarıdır. Məhz zamanın kəskin və amansız təzyiqləri S.Vurğunu öz yaradıcılıq yoluna inkarçı mövqedən baxmağa, ilk şeirlərini “o köhnə qanın və onu yaradan köhnə romantikanın" məhsulu elan etməyə məcbur edir. “Tarixə bolşevik yazılsın adım” istəyi, məramı (bəlkə, belə deyək: məcburiyyəti) S. Vurğunu əvvəlki sənət yolundan, poetik təfəkkürünün tipindən, fərdi yaddaş manerasından uzaqlaşdırıb yeni sənət platformasına – proletar platformasına götürür. Bu proses bir sistem halında 28-ci ildən başlayır. S.Vurğunun proletar platformasına bir qədər gec qoşulduğu ədəbiyyatşünaslıqda vurğulanan məsələdir. Proses ümumittifaq və eyni zamanda milli ədəbi prosesdə RK(b)P MK-nın "Partiyanın bədii ədəbiyyat sahəsində siyasəti haqqında" 18 iyun 1925-ci il tarixli Qətnaməsindən xüsusi təkan alaraq başlamışdır. Bu qərarda ədəbi-mədəni sahədə də proletariata avanqard rolu verilirdi, bu rolun gerçəkləşməsi üçün, proletariatın hegemonluq hüququ qazanması üçün dəstək verilməsi xüsusi tələb kimi vurğulanırdı.

Şairin zamanın şeirinə imza atmaqdan başqa çarəsi qalmır. 1928-ci ildən başlayan bu proses 29-31-ci illərdə intensiv şəkil alır. Şair proletar ədəbiyyatı yoluna qədəm qoyur. S.Vurğun da yeni ədəbiyyatın yaradıcılıq metodu kimi müəyyənləşən (yaxud müəyyənləşdiyi təsəvvür edilən) dialektik materializmlə əsərlər yazmağa başlayır.

Şeirlərinin analitik oxusu aydın göstərir ki, şairin 1928-1931-ci illər arasında yazılmış "Şeirim", "İşçi", "Ey uzaq göylərin...", "Ömrün pərişan günləri", "İngilis", "Uzaqlara doğru", "Hərəkət", "Kapital", "Son söz", "Məktub", "Mən hazıram", "Mən də bir əsgər kimi", "Raport", "Ölən şeirlərim" əsərləri dialektik materializm adlandırılan metodun tələblərinə uyğun yazılmışdır. Adını çəkdiyimiz şeirlərin böyük çoxluğunun sərbəst vəzndə yazılması təsvir predmetinə çevirdiyi hadisələrin, M.Hüseynin sözü ilə desək, "bütün məzmununu, mövzularını, qavradığı materialları tamamilə dəyişməyə" hesablanmışdır.

Əgər proletar mündəricəsi əvvəlki əsərlərində epizodlar, fraqmentlər, ayrı-ayrı detallarla işarələnirdisə, "Mən də bir əsgər kimi" (1931), "Raport" (1931), "Ölən şeirlərim" tipli əsərlərdə mövzu daha əhatəli şəkildə qoyulur, proletar işinin siyasi, iqtisadi, mədəni tərəfləri bədii təsvirin mərkəzinə çəkilir. "Şeirlərimi şüarlara döndərirəm" deyən şair öz şüarlarının məzmununu cəmiyyətdə gedən proseslərə tam şəkildə uyğunlaşdırmaq və dərinləşdirmək yolunu tutur. Şeirlərinə yeni həyat uğrunda mübarizədə, kapitalizm dünyasına elan olunmuş müharibədə haqlı olduğumuzu, dünyadakı siyasi proseslərin tənzimlənməsində sosializm, kommunizm ideologiyasının mütərəqqi mövqe tutmasına dair Marksdan, Engelsdən, Lenindən sitatlar salır, cərəyan edən siyasi hadisələrin mahiyyətini düzgün dərk etdiyini və bunu oxucularına çatdırmağı sənətkar borcu hesab etdiyini estetik düşüncəyə daxil edir:

Yenə dedim:

Əlimi mən də verməliyəm

Işçilərin əlinə;

Mən də daş atmalıyam

Sosialist

Vətənimizin

təməlinə.

Bu parça “Raport” şeirindəndir və şeir 1931-ci ildə yazılmışdır. Bu şeirdən də göründüyü kimi, proletar məfkurəsini ideya-estetik tərənnüm 1928-ci ildən 1931-ci il də daxil olmaqla S.Vurğun şeirində yüksələn xətlə davam edir. Bu tipli şeirləri oxuyanda S.Vurğun şeirinin artıq büsbütün proletarlaşdığını, sənətin bu istiqamətinə sanki ürəkdən qoşulması haqqında düşünmək qaçılmaz olur və ədəbiyyatşünaslığımız prosesin əsas isiqamətini və tendensiyasını da belə qəbul etmişdir. Amma  əslində belə deyildir və bu da ayrı bir təfsilatlı söhbətin mövzusudur.

Akademik N.Cəfərovun təbirincə desək, “əlahəzrət fakt” bizi başqa bir düşüncə axarına salır. 1932-ci ildən başlayaraq S.Vurğun şeirinin ümumi pafosunda, ahəngində ideya-estetik axarında başqa bir xətt görünməyə başlayır.

Bizim qəti qənaətimizə görə, 1932-ci il qərarından 1946-cı il “Qərarları”na qədərki müddət bizim ədəbiyyatşünaslığımızda yeni bir yarımmərhələ kimi formalaşır. Bu mərhələdə «Kommunist yazıçıların Siyasi Büro üzvləri ilə birlikdə 1932-ci ilin 20 oktyabrında keçirilən yığıncağında» (Y.Rzayev)  Stalinin nitqinin ardınca ÜİK(b)P MK-nın 1932-ci il qərarı, 1934-cü ildə “Şura Yazıçılarının Nizamnaməsi”nin nəşri ədəbiyyatın proletar platforması kimi məhdud bir dairədən çıxıb, bütövlükdə şura-sovet ədəbiyyatı platformasına keçidinə şərait yaradır.

​S.Vurğun öz yaradıcılığında ədəbiyyat sahəsindəki bu “islahatlar”dan son dərəcə səmərəli bir şəkildə bəhrələnir. Ilk növbədə, dövlətin ədəbiyyat sahəsindəki müəyyən mənada liberal siyasəti S.Vurğuna zorən dialektik materialist olmaqdan uzaqlaşmağa, özünün yaradıcılıq fitrətindən və ədəbi ənənədən qaynaqlanan romantik inikas üsuluna qayıtmağa imkan verir.

Romantik inikas üsuluna keçid S.Vurğun şeirinin mövzu dairəsini də dəyişir. 1932-1945-ci illər arasında tarixi mövzular, xalq əfsanə və rəvayətlərinə müraciət, bu istiqamətdə çoxsaylı şeir, poema və dram əsərlərinin yazılmasına təkan verir.

Tarixi mövzuya, folklor mövzularına artan maraq sözü gedən yarımmərhələdə S.Vurğun şeirində xəlqiliyin, hətta deyərdik ki, milliliyin qabarıq ifadəsinə gətirib çıxarır.  "Nizamnamə" ədəbiyyatı “məzmunca sosialist, formaca milli” çərçivədə yaratmağı tövsiyə və tələb edərkən, biz düşünürük ki, bu yarım mərhələdə S.Vurğun şeirində millilik forma sərhədlərini aşıb keçməyə, əsərlərinin ideya-məzmun keyfiyyətinə çevrilə bilir.

S.Vurğun yaradıcılığında azərbaycançılıq bir ideya xətti, leytmotiv kimi mühüm mövqe qazanır.

Şairin yaradıcılığında azərbaycançılığın "praktik bədii ifadəsi" (Ş.Alışanlı) ilk növbədə "Azərbaycan" şeiri ilə simvollaşır, daha sonra isə 1934-1935-ci illərin yaradıcılıq məhsulu olan "Azərbaycan" tarixi poeması, "Vaqif" dramı, "Bakının dastanı" poeması və digərləri gəlir.

1945-ci ildə qələmə aldığı "Ümumittifaq Yazıçılar İttifaqının X plenumunun yekunları və Azərbaycan ədəbiyyatının gələcək vəzifələri" haqqında məruzəsində ədəbiyyatda tarixi mövzunun, xalqın özünəməxsus keçmişinin ifadə zərurətini milliliyi şərtləndirən vacib amillər sırasında görür, müasirlərini bu cəhəti nəzərə almağa çağırırdı. S.Vurğun deyirdi: "Tarixə "olub keçmiş şeylər", "çağırılmış bayatılar" kimi baxanlar idrak və zövqü məhdud insanlardır" (Altı cild. V cild. 345-346).

S Vurğun xalqın tarixi keçmişinin bədii ifadəsi üçün sənətkarlarımızın diqqətini xalq ədəbiyyatının zəngin ənənələrinə yönəldir: "Xalq əfsanələri, nağılları sahəsində belə, biz əsrimizin qabaqcıl ruhu ilə səslənə bilən əsərlər yaratmalıyıq... Bunu yalnız bacarmaq lazımdır" (Altı cildlik. V c. S. 346).

S.Vurğun bunu bacarmışdı. O, xalq əfsanə və nağıl süjetlərində bütöv bir poemalar silsiləsi yaratmışdı: "Qız qayası", "Aslan qayası", "Bulaq əfsanəsi", "Ayın əfsanəsi", "Hürmüz və Əhrimən" və s. Tarixi mövzularda da xeyli şeir, poema və dram əsərləri yazmışdır: "Zərdüştün xülyaları", "Şairin ölümü", "Natəvan" şeirləri, "Dar ağacı" poeması, "Vaqif", "Fərhad və Şirin" dramları. Fərqinə varmaq lazım gəlir ki, şair bu əsərlərin hamısını 32/34-45-ci illər arasında yazmışdı. Bu, həmin illərin ədəbi prosesinin hərəkəti üçün ən səciyyəvi bir hal sayıla bilər.

Cəmi bir il sonra yazdığı "Azərbaycan ədəbiyyatının vəzifələri" adlı yazısında özü də daxil olmaqla müasirlərini “müasirliyin zərərinə olaraq, tarixi süjetlərə həddindən artıq meyl etmək"də günahlandırırdı (Altı cild. V c. S. 377).

Yazının Mərkəzi Komitənin 46-cı ildəki ilk qərarı münasibətilə yazıldığına və Mərkəz qarşısında hesabat xarakteri daşıdığına şübhə etmirik. S.Vurğun Stalin mükafatçısı idi, SSRİ miqyasında tanınmış və qəbul edilmiş Azərbaycan şairi idi. Bir növ Azərbaycan şeirinin bayraqdarı funksiyası daşıyırdı. Yazı "daşıdığı funksiya" ilə bağlı onun Mərkəzə hesabatı idi. Bu təzadlı mövqeyin səbəbi nə idi? Cavab birmənalıdır: Zamanın dəyişən siyasəti. 1946-48-ci il "Qərarlar"ı siyasi rejimin dəyişən, sərtləşən siyasətinin ifadəsi idi.

S.Vurğun şeirində öz ideya-estetik istiqaməti ilə 1932-45-ci illər mərhələsindən əsaslı şəkildə fərqlənən bir mərhələ başlayır.

S.Vurğun və eləcə də dövrün milli ruhlu sənətkarları tarixi mövzulardan, milli-tarixi yaddaş funksiyası oynayan xalq ədəbiyyatı süjetlərindən uzaqlaşmaq məcburiyyətində qalırdılar. Günün mövzuları aktual sayılır və bədii ədəbiyyata gətirilməsi tövsiyyə edilirdi. İlk növbədə istehsalat mövzuları önə keçirdi. Sovet adamının əmək həyatının tərənnümü prioritet mövzu sayılırdı. Lakin bu mövzunun işlənməsində ümumən götürəndə insanın daxili dünyası kənarda qalırdı. İnsan vasitə idi, əsas istehsalat prosesinini təsviri, burda qazanılan əmək xarüqələri idi. Bəzi özünəməxsusluqları ilə bərabər, S.Vurğunun «Muğan» poeması ədəbiyyatda hakim olan bu mövzu istiqamətinin bədii həllini verirdi. «Neftin qüdrəti» şeiri də istehsalat mövzusunun siyasi rejimin tələblərinə uyğunlaşdırılmış romantik ifadəsi idi.

Bu  mərhələdə beynəlxalq həyat məsələləri iri addımlarla irəliləyən «mövzular» sırasında idi.

Bir qisim şeirlərində və «Zəncinin arzuları» poemasında beynəlxalq mövzu konteksti və ona yuxarıda göstərdiyimiz istiqamətdə bədii həll vermək tendensiyası əsas idi. Doğrudur, bu əsərlərdə simvolik, şərti metaforik məzmun qatının olmasını da, bu mənada həmin əsərlərdə əks olunan milli tale qatını da görməmək olmaz.

Partiya «Qərarları”ndan sonra ədəbiyyatda önə keçən mövzulardan biri kimi siyasi həyatın birbaşa tərənnüm obyekti kimi seçilməsini xüsusi vurğulamaq lazımdır. S.Vurğunun «Leninin kitabı», «Zamanın bayraqları» poemalarında hakim partiyanın, onun liderlərinin, xüsusən Leninin tərənnüm obyekti seçilməsi indi birmənalı qarşılanmır. Həqiqətən indi:

Lenin kitabının əməllərilə / Gələcək günlərə salam aparaq-məntiqi heç cür özünü doğrultmur. Sovet rejiminin ideoloji dayağı olan Sov.İKP-nin:

Hər təmiz ürəyin, saf məhəbbətin,

İnsana hörmətin, eşqə hörmətin,

Bugünün, sabahın, ədəbiyyatın

Ən böyük mənası – partiyamızdır -

şəklində tərənnümü təkcə 36-39-cu illərin repressiyalarında yüz minlərlə oğlunu və qızını itirmiş Azərbaycan xalqının milli şüurunda qəbuledilməz olur. Ədəbiyyatşünaslığımız bəzən çıxış yolunu bu tip əsərlərin üstündən sükutla keçməkdə görür. Ədəbiyyatşünaslığımızda alternativ varinatlardan çıxış etmək meyli də var. S.Vurğunun ədəbi təcrübəsinin, bədii istedadının cilalandığı, bütün gücü ilə təzahür etdiyi bir zamanda meydana çıxan bu əsərlərin ideoloji və bu gün üçün kifayət qədər qəbuledilməz olan tərəflərini (antihəqiqət tərəflərini) arxa plana atıb, həmin əsərləri sənətkarlıq müstəvisində dəyrələndirmək, milli ədəbi prosesin hərəkətində onlara az qala müstəsna yer ayırmaq tendensiyası da narahatlıq doğurmaya bilməz. «Leninin kitabı», «Muğan», «Aygün», «Zamanın bayraqdarı» poemaları nəzərdə tutaraq onları “həmin illərin fitri istedad, sənətkarlıq səviyyəsinə qalxan poeziya hadisələri, şeirin daha sonrakı möhtəşəm qalasının bürcünə və divarına qoyulan daşlar idi” (Y.Qarayev) kimi qiymətləndirmək tendensiyası önə çıxır.

Bu cür qiymətləndirmə elmi baxımdan özünü doğrulda və müasir səslənə bilməz. Nə «Muğan», nə də «Aygün» «Leninin kitabı» və «Zamanın bayraqdarı» ilə eyni tipoloji müstəviyə çıxarıla bilməz. Hətta «Muğan»la «Aygün”ün tipologiyasında da ciddi fərqlər var. «Muğan» istehsalat mövzusunda yazılmışdır. Mövzuya sosrealizm stereotipləri ilə həll verilsə də, hadisələrin cərəyanı birbaşa siyasi-ideoloji müstəviyə çıxarılmamışdır. «Aygün»ün isə konteksti tamam fərqlidir və bu barədə bir qədər sonra. «Leninin kitabı» və «Zamanın bayraqdarı» poemalarında amansız bir rejim siyasi-ideoloji müstəvidə humanizm mövqeyindən dəyrələndirilmşidir və bu mənada tərənnüm obyekti haqqında deyilənlərin, indi gün kimi aydın olur ki, həyat həqiqəti ilə, eləcə də milli mənafe ilə heç bir əlaqəsi yoxdur.

S.Vurğun yaradıcılığının əsas mərhələlərində (son iki mərhələdə) iki xətt özünü göstərir. Biri siyasi-ideoloji, o biri isə milli-estetik düşüncə xəttidir. Yaradıcılığının üçüncü mərhələsində, yəni 1932-ci il qərarından 1946-cı il “Qərarları”na qədərki müddətdə siyasi-ideoloji xəttin ən qabarıq nümunəsi kimi "26-lar" poeması diqqəti çəkir. Ancaq danılmaz fakt budur ki, bu mərhələdə S.Vurğun şeirində milli təmayül bütün gücü ilə özünü göstərir. Dördüncü mərhələdə, yəni 1946-cı il Qərarlarından sonra şairin yaradıcılığında siyasi-ideoloji təmayülün önə keçməsi şübhə doğurmur. Bu təmayülün önə çıxmasını şərtləndirən də "Leninin kitabı" və "Zamanın bayraqdarı" poemalarıdır.

Məsələ burasındadır ki, heç proletkultçuluq dövründə S.Vurğun şeiri bütün mənası ilə proletarlaşa bilməmişdir. Bununla belə, S.Vurğunun proletkult düşüncəsindən yaradıcılığının son iki mərhələsində də tam uzaqlaşmaq imkanı olmayıb. "Komsomol" poemasının yazılmağa başlamasından "Bakının dastanı"na qədər ortada olan əsərlərin əsas ideya xətti və milli məzmunu ilə müqayisədə  "26-lar", qismən də "Ölüm kürsüsü" təsvir və tərənnüm obyekti ilə istisnalıq yaradır, başqa sözlə,“yad notlar” kimi görünür.

Ədəbiyyatşünaslığımız siyasi olayların sənətkarın taleyində buraxdığı ağır izlərin üstündə dayanmışdır. S.Vurğun “26-lar”ı 1935-ci ildə qələmə almışdı. 35-ci il repressiyanın ərəfəsi idi. Fikrimizcə, “26-lar” repressiya dalğasının sənətkar şəxsiyyətini çıxılmazlığa düçar etməsinin nəticəsi kimi meydana çıxmışdı. Ancaq sonra gələn, ədəbi faktlar bizə başqa bir fikir də təlqin eləyir. “Vaqif” və “Fərhad və Şirin” dramları, “Azərbaycan” tarixi poemasına daxil olan və olmayan tarixi mövzularda və milli folklor yaddaşına söykənən poemaların hamısı “26-lar”dan sonra yazılmışdı, axı! Bu faktın özü S.Vurğunun estetik düşüncəsinin “26-lar”a, yaxud belə deyək, sırf siyasi-ideoloji mövzulara müqavimətini əks etdirir. Əgər nəzərə alsaq ki, həmin əsərlər repressiyanın tüğyan elədiyi və repressiya xofunun davam etdiyi illərdə yazılmşıdır və S.Vurğunun milli şair olmasının pasportuna çevrilmişdir, onda sənətkarın vətəndaş fədakarlığından danışmaq ədəbiyyatşünaslığımızın üzərinə düşən missiya kimi  önə çıxarıla bilər.

Yaradıcılığının son mərhələsində yazdığı “Leninin kitabı”, “Zamanın bayraqdarı” kimi poemalarında sərgilənən siyasi-ideoloji mövqe millilik baxımından S.Vurğun yaradıcılığının itgiləri sayıla bilər. Şairə qarşı günü-gündən güclənən siyasi təzyiq və ittihamlar qarşısında şairin geri çəkilmə və güzəşt mövqeyi kimi dəyərləndirilə bilər, lakin təslim aktı kimi mənalana bilməz. Çünki, “Leninin kitabı”ndan sonra  “Aygün” poeması gəlir. Deyirlər, dahiləri zaman öz dəyirmanında üyüdə bilmir. Birinci dəfə S.Vurğun rejim dəyirmanının ağzına “26-lar” poeması ilə düşdü. Lakin dəyirmanın sərt daşları (dişləri) onu “üyüdə bilmədi”, onu ideoloji konveyrdən keçirib büsbütün özününküləşdirə bilmədi. Lakin zaman (rejim) S.Vurğunu ideoloji konveyrdən keçirməkdə israrlı idi. İkinci belə hal 1950-ci ildə “Leninin kitabı” ilə baş verdi. Lakin S.Vurğun dəyirmanın boğazından çıxanda onun əlində “Aygün” poeması vardı. “Aygün”ün “Leninin kitabı”na tamamilə əks mövqedən qələmə alındığına iddia etməkdən çəkinmirik.

Rejim bir də təşəbbüs etdi. Zaman S.Vurğunu üçüncü dəfə “Zamanın bayraqdarı” ilə sınağa çəkdi. Rejim  öz məqsədinə nail olsaydı, bundan sonra “Zamanın bayraqdarı” tipli əsərlər gəlməli idi. Gəlmədi. Dəyirmanın boğazından dalbadal keçirilmələr şairin sağlamlığına böyük zərbələr vurdu. Amma ruhunu sarsıda bilmədi.

S.Vurğunun son əsərlərinə xüsusən, “Aygün”ə münasibətdə amansız mövqe sərgilənirdi. “Leninin kitabı”ndan sonra S.Vurğunun sənət səhnəsinə “Aygün”lə gəlməsi rejim ideoloqlarını çıldırmaq dərəcəsinə gətirir. Ədəbiyyatşünaslıq “Aygün”dən sonra S.Vurğuna qarşı yeni bir ideoloji kompaniyanın başlanmasının təfərrüatlarını qeydə almışdır. Sosialist realizminin estetikasından uzaqlığı, “məfkurəvi-bədii tələblərə cavab verməməsi” ilə bağlı tənqidin poemanın ünvanına söylədiyi ittihamların hamısı (Bax: A.Salmansoy. Kosmopolit tənqidin S.Vurğun hədəfi... “Azərbaycan” 2026. №3-4) doğru idi. “Aygün” tamam başqa bir estetika ilə yazılmışdı və sosrealizmin tələbləri burada tək-tək fraqmentlər şəklində yer almışdı. “Aygün”ə qarşı hücumları, ittihamları ancaq S.Vurğuna qarşı “hücumlar” və “ittihamlar” şəklində qiymətləndirmək azdır. Bu hücumların, ittihamların əks məntiqi haqqında düşünmək lazım gəlir. Biz, birmənalı şəkildə iddia edirik ki, sosialist realizminin estetik-ideoloji hüdudlarının dağılması, ədəbiyyatın siyasi rejimi təbliğ funksiyasından uzaqlaşmasının bir çox və ciddi tendensiyaları özünü “Aygün”də göstərir.

“Zamanın bayraqdarı”nda - “Aygün”dən sonra yazılan əsərdə sosrealizmə qayıdış prosesləri müşahidə edirik.

Düşünmək olar ki, “Zamanın bayraqdarı” S.Vurğunun zamanın dəyirmanında üyüdülməsinin və rejimin öz istəyinə nail olmasının son akkordudur. Axı, “Zamanın bayraqdarı” onun son iri həcmli əsəridir. O da sosrealizmin prinsipləri ilə yazılmış, ideolojiyə ifrat dərəcədə köklənmiş bir əsərdir. Bəli, belə düşünmək olar.  Ancaq biz tamamilə fərqli bir düşüncədəyik. “Zamanın bayraqdarı”nda şairin geriyə atılmış addımı, heç şübhəsiz ki, repressiyadan canqurtarmanın növbəti jesti idi, lakin şairin ideoloji konveyrdən keçirilməsinin birmənalı faktı deyildi. Çünki zaman davam edir, S.Vurğun şeiri də  irəliyə doğru gedirdi, “ağ bayraq” qaldırmağa həvəsli deyildi. Şairin romantik təbiəti və istedadı, milli varlıqdan güc alan xarakteri ona mübarizənin “bu gün də, yarın da davam edəcəyi”ni israrla diktə edirdi və xəstə şair “Komsomol poeması” üzərində işləyirdi. İndi qarşımızda Sovet ədəbiyyatşünaslığının “Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində əksinqilabçılara, qolçomaqlara qarşı komsomolçuların apardığı şanlı mübarizəyə həsr olunmuş” əsər yox, əllinci illərin ortalarında yaranmış siyasi-ab-havadan güc alan “Komsomol poeması” dayanır. 1961-ci ildə nəşr olunmuş “Əsərləri”nin altı cildliyinin üçüncü cildində “poemalar”ı sırasında 1931-ci ildə yazılmağa başladığı üçün birinci yerdə duran əsəri biz 1956-cı ildə üzərində dönə-dönə işlənməsindən dolayı şairin sonuncu poeması kimi təsəvvür edirik. Biz 1931-ci ildə yazılmağa başlayan əsərlə 56-cı ildə üzərində ardıcıl şəkildə işlənən əsəri başqa-başqa ruhlu əsərlər kimi dərk edirik. Çünki zamanlar arasındakı fərq böyük idi, zamanların ədəbiyyat üzərindəki təsirləri tamam başqa idi. “Komsomol”u siyasi yumşalma dövrünün ədəbi hadisəsi hesab etməyə haqqımız var. 1931-35-ci illərdə üzərində dönə-dönə işlədiyi və “Komsomolun 15 illiyinə” qədər tamamlamağa söz verdiyi əsəri tamamlaya bilməməsinin sadəlövh izahlarından qaçmaq lazımdır. Burada şairin əsəri o zaman tamamlamaq istəməməsi amilini önə çəkmək istəyirik, bu əsər üzərində işləmək üçün əlverişli siyasi şəraitin yetişəcəyi zamanı gözləməsi haqqında düşündüyünü vurğulamaq istəyirik. “Komsomol poeması”nı yeni keyfiyyət mərhələsinə ilk ədəbi faktlarından sayırıq. Qəti qənaətimizə görə, “Aygün”ün estetikası yeni keyfiyyət mərhələsinə keçidin ərəfəsini simvollaşdırır. Çünki “Aygün”də istehsalat mövzusuna, “Komsomol”da inqilab uğrunda mübarizə mövzusuna insana humanist və qeyri-humanist münasibət kontekstində bədii həll verilmişdi. Bu münasibət kontekstində istehsalat mövzusu da, inqilab uğrunda mübarizə mövzusu da arxa plana keçirilmişdi. “Aygün”də, “Komsomol poeması” da S.Vurğun yaradıcılığının sosrealizmə müqavimət duyğusundan güc aldığını göstərən əsərlər olduğunu düşünürük.

Bütün bunlar isə yeni keyfiyyət mərhələsinin özül daşlarının qoyulmasında S.Vurğun şeirinin müstəsna rolu haqqında düşüncələrə əsas verir və yaşarılığını şərtləndirir.

Doğrudan da, zaman dahiləri öz dəyirmanında üyüdə bilmir!

Təyyar Salamoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
525.az

1Mənbələr