AZ

"Rəqəmsallaşma təhsildə yeni imkanlar yaradır, lakin müəllimi əvəz etmir" - Məzahir Məmmədli

Rəqəmsal texnologiyaların sürətli inkişafı təhsil sisteminə də təsirsiz ötüşmür. Süni intellekt və rəqəmsallaşma yeni imkanlar yaratsa da, bu proses ənənəvi təhsil modelini tam əvəz etmək gücündə deyil və müəllimin rolu hələ də əsas olaraq qalır.

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli açıqlama verib. 

QHT.az açıqlamanı təqdim edir:

"Ümumiyyətlə, rəqəmsal texnologiyalar artıq həyatımızın bütün sahələrinə inteqrasiya edib, təkcə təhsilə deyil. Sənayedə süni intellektin tətbiqinə başlanılıb, elmdə və təhsildə də bu proses genişlənməkdədir. Bu gün demək olar ki, bütün sahələrdə rəqəmsallaşmanın təsirlərini müşahidə edirik.

Təhsil sistemində bu proses yeni imkanlar yaradır. Yeni texnologiyalar və alətlər təhsildə rəqəmsallaşmanın təsir imkanlarını artırır. Bu baxımdan, artıq köhnə idarəetmə sistemlərindən uzaqlaşmaq zərurəti yaranır. Düzdür, 2008-ci ildən etibarən Azərbaycan təhsili kurikulum sisteminə keçid edib və yeni yanaşmalar tətbiq olunub. Lakin buna baxmayaraq, bəzi müəllimlər hələ də ənənəvi metodlara üstünlük verirlər.

Xüsusilə, yaşı daha yüksək olan bəzi müəllimlər rəqəmsal texnologiyalara uyğunlaşmaqda çətinlik çəkirlər. Bu səbəbdən, onlar üçün ənənəvi tədris üsulları daha rahat və əlçatan hesab olunur və fəaliyyətlərini əsasən bu istiqamətdə qururlar.

Ümumilikdə isə vəziyyət onu göstərir ki, rəqəmsallaşma təhsili və müəllimi tam əvəz edə bilməz. Lakin mövcud tendensiyalar göstərir ki, yaxın illərdə rəqəmsal texnologiyalar və süni intellekt təhsilin ayrılmaz tərkib hissəsinə çevriləcək.

Bu gün üçün müəllimi əvəz edə biləcək alternativ mövcud deyil. Ona görə də rəqəmsallaşmanın ənənəvi təhsil modelinə təsiri barədə qəti nəticələr çıxarmaq hələ tezdir".

Piranə Xasiyeva

Seçilən
57
qht.az

1Mənbələr